İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ilə höcətləşməyin sonu – Orbanın “veto silahı”nı əlindən alırlar

Macarıstan bizə dost ölkədir. Buna şübhə yoxdur. Bu ölkə bizim də üzv olduğumuz Türk Dövlətləri Təşkilatında təmsil olunur, ölkənin baş naziri Viktor Orbanın Azərbaycan rəhbərliyi ilə yaxşı münasibətləri var, siyasi, mədəni əlaqələrimi mövcuddur və s.

Ayrıca, Macarıstan rəhbərliyinin bu ölkədə ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovu 9 illlik həbs həyatından sonra 2012-ci ilin avqustunda Azərbaycana ekstradisiya etməsi və bunun Ramilin azadlığa çıxması ilə nəticələnməsi iki ölkənin arasında xüsusi bir xoş mühit yaradıb.

Bilənlər bilir, bilməyənlər də agah olsun ki, erməni diaspor təşkilatlarının və erməni lobbisinin israrları, həlledici iradəsi nəticəsində Ramil Səfərov, bütün yumşaldıcı detallara (xroniki təhrik, affekt vəziyyətə çatdırma və s.) baxmayaraq, Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.

Bu Azərbaycanda ciddi məyusluq yaratmışdı, düşünürdük ki, xalqının qeyrətini çəkən gənc bir zabit ömrünün sonuna qədər həbsdə qalmalı olacaq.

Ancaq baş nazir Orban Avropanın qüdrətli dövlətlərinin, üstqurum təşkilatlarının siyasi iradəsinə qarşı çıxaraq R.Səfərovun öz ölkəsinə ekstradisiya edilməsini təmin etdi. Bu, Azərbaycana böyük jest idi.
O vaxtdan bəri Viktor Orban dəfələrlə Avropanın siyasi iradəsinə qarşı çıxıb. Bu, özünü xüsusilə Rusiya-Ukrayna müharibəsinin fonunda daha bariz şəkildə göstərir.

Orban özünü Rusiyanın müttəfiqi kimi aparır. Həm də bu müttəfiqlik passiv xarakter daşımır, Orban Rusiyaya ciddi siyasi dəstək verir, bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları pozmağa çalışır, Avropa İttifaqının xətti ilə Ukraynaya böyük maliyyə dəstəyi verilməsini sabotaj edir, rəsmi Kiyevə qarşı müxtəlif addamlar atır, bəyanatlar verir və sair və ilaxır.

Macarıstan vaxtilə, 1956-cı ildə qırmızı rus imperiyasının – SSRİ-nin hərbi təcavüzünə məruz qalıb, bu ölkədə xeyli azadlıqsevər macar öldürülüb, həbs və edam edilib. Bu xalqın oğlu olan Orbanın digər Şərqi Avropa ölkələrinin rəhbərləri ilə müqayisədə daha sərt rusofob olacağı düşünülürdü.

O, siyasi karyerasına yeni başladığı zaman Macarıstanın ruslar tərəfindən mühakimə və edam edilmiş lideri İmre Nadın yenidən dəfn edilməsi mərasimində alovlu nitq söyləmiş, özünü prinsipial macar patriotu kimi göstərmişdi. Belə bir patriot onun xalqının ən parlaq liderinin həyatına son qoymuş ölkənin rəğbətlisi ola bilməzdi.

Ancaq Orban və komandası hansı mülahizələri əsas götürürlərsə, Rusiya ilə müttəfiqlik naminə kollektiv Qərblə konfrontasiya yolu seçdi və hələ də o mövqedədir.

Ən böyük paradoks isə odur ki, 1956-cı ildə Macarıstan xalqı “rus boyunduruğu”ndan qurtulmaq üçün meydanlara çıxarkən necə repressiyaya, təcavüzə məruz qalmışdısa, illərdir Ukrayna xalqı da eyni niyyətlə mübarizə aparır və eyni cür hərbi təcavüzə məruz qalır, Kreml tərəfindən əzilmiş xalqın oğlu Orban isə Kremlin əzdiyi bu ölkəyə zərbə vurur. Əksinə olmalıydı, Orban əzilənə arxa-dayaq durmalı, aqressora təpki göstərməliydi.

İndi bu laübalı siyasi kursun sonu gəlmiş kimi görünür. Sabah Avropa İttifaqı Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müzakirələrə başlayacaq.

Müzakirələrdə Budapeştə qarşı sərt tənqidi fikirlərin səslənəcəyi şəksizdir. Çünki avropalı parlamentarlar Macarıstan rəhbərliyinin xroniki sabotajından boğaza yığıldıqlarını bir neçə dəfə bəyan ediblər. Bu ölkə Avropa İttifaqının dəyərlərini ciddi şəkildə pozmaqda ittiham olunur.

Müzakirələrin gedişində tənqidi fikiirlər ciddi şəkildə əsaslandırılacaqsa, o zaman Aİ-yə üzv dövlətin səsvermə hüququnun məhdudlaşdırılmasına icazə verən müqavilənin 7-ci maddəsi tətbiq olunacaq.
Aİ müqaviləsinin 7-ci maddəsinə görə, Avropa İttifaqının dəyərlərinə, o cümlədən demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi dəyərlərə ciddi zərbə vurmaq riski olduğu halda üzv dövlətin səsvermə hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

Aprel ayında Estoniyanın xarici işlər naziri Marqus Saxna Budapeştin səsvermə hüququnun ləğv edilməsini təklif edib. O, əmindir ki, Macarıstanın baş naziri Viktor Orban Aİ-nin qərarlarını əngəlləməklə parçalanmaya gətirib çıxarır və bütün blokun təhlükəsizliyini təhdid edir.

Ən azı altı Aİ ölkəsi, o cümlədən Çexiya və Belçika Budapeştə sanksiya tətbiq edilməsinin tərafdarıdır. Onlar ümid edirlər ki, bu, Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymasına mane olacaq.

İndi bu mövqeyinə görə Aİ-ni “fikir ayrılığına dözümsüzlük”də qınayanlar, “demokratiyaya zidd hərəkət etmək”də suçlayanlar da olacaq. Yaxşı, bəs necə olsun?

Yenidən fövqəldövlətə çevrilmək, hərbi güc tətbiq etmək yolu ilə ən azı “Avrasiya ağalığı”na can atan ölkənin – Rusiyanın durdurulması lazımdır və Macarıstan “rus ayısı”nın hansı yırtıcı gücə malik olduğunu bilə-bilə ona qarşı kollektiv mübarizəyə xələl gətirir.

Ukraynada hərbi əməliyyatların başlamasından sonra Aİ Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib. Viktor Orban dəfələrlə veto hüququndan istifadə edəcəyini və neft, qaz və nüvə enerjisi ilə bağlı tədbirləri əngəlləyəcəyini bildirib. Qışda Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına qarşı çıxıb, lakin Aİ-dən enerji təhlükəsizliyi zəmanəti aldıqdan sonra razılaşıb.

Bu, elə məsələdir ki, Avropaya qarşı olan iradlar, umu-küsülər, eləcə də Aİ-dən nəsə qoparmaq üçün alver etmək təşəbbüsləri kənara qoyulmalıdır. Təkcə Avropanın yox, bütövlükdə postsovet ölkələrin istiqbalı təcavüzkarın cilovlanmasını təmin etməkdən asılıdır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR