Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin, Kremlin az qala hər gün bütün əski sovet məkanına hədə və təhdidlər ünvanlaması fonunda digər münaqişə -Yaxın Şərq bir az kölgədə qalmışdı.
Məsələn, axıradək məlum olmadı ki, Donald Trampın Səudiyyə səfərinin sonu necə oldu, bunun “İbrahim sazişləri” üçün növbəti impuls olduğunu demək mümkündürmü?
Tam aydın olmadı ki, prezident Trampın Qəzza ilə bağlı planları nə yerdə qaldı, o, buradan əhalini köçürəcəkmi, müharibənin viran qoyduğu bölgəni bərpa edəcəkmi?..
Bəli, bütün bu qəbildən olan suallar cavabını gözləyirdi ki, ötən həftənin sonunda İsrailin İranı, hətta qonşu ölkənin nüvə obyektlərini bombalaması haqda xəbərlər gəldi.
Üstəlik, belə məlum oldu ki, bu, ABŞ prezidenti Tramp üçün heç də yenilik deyilmiş, o, deyilənlərə görə, guya əvvəlcədən bundan məlumatlı imiş, çünki 60 gün – iki ay bundan əvvəl Tehranı özü xəbərdar edibmiş.
Amma daha çox ölkə, o cümlədən də Azərbaycan növbəti İsrail-İran qarşıdurmasından böyük narahatlıq yaşayır, çünki bu iki ölkə arasındakı müharibənin bizim üçün çox böyük və acı humanitar nəticələri ola bilər.
Bir neçə gündür ki, gah İsrailin İranı, gah da ki, İranın İsraili bombalaması haqqında xəbərlər gəlir, siyasətçilərin, diplomatların və hərbçilərin bəyanat və açıqlamalarının kəskinliyi günbəgün nəinki azalmır, əksinə bir az da artır və bu səbəbdən də daha çox müşahidəçi bu fikirdədir ki, deyəsən, əvvəlki epizodik hücumlardan fərqli olaraq məsələ bu dəfə daha ciddi olacaqdır, ən azı ona görə ki, Təl-Əvivin iddiasına görə, məhz bu hücümlardan asılı olacaq: Tehran nüvə dövləti olacaq, ya olmayacaqdır?..
Belədəsə, bir qədər uzaqlarda olsa da, Yaxın Şərq münaqişəsi heç bizimçün də az problem yaratmır, daim seçim qarşısında qoyur bizi: bilmirik, ərəb ölkələrinin, ümumiyyətlə, islam dünyasının tərəfini tutaq, yoxsa bizə bu ölkələrdən (əlbəttə, qardaş Türkiyə və Pakistan istisna olunmaqla) heç də pis münasibət bəsləməyən, bir çox hallarda hətta daha yaxşı və səmimi münasibət sərgiləyən İsraili müdafiə edək?..
Fəqət, belə görünür, bu seçim hələ uzun müddət qalacaq. Əsrin üçdən ikisindən çox vaxt keçib, amma ərəb -İsrail, İsrail -Fələstin müharibəsi-münaqişəsi davam edir. Qonşu İranda mollakratiya hakimiyyətə gələndən sonra isə bura Tehran -Təl-Əviv münaqişəsi də əlavə olunub...
Bilirsiniz, adam bəzən nə fikirləşir? Dünyada ərəb dövlətləri çoxdur, sayca səhv etmirəmsə, ondan da çoxdurlar onlar –Ərəb Liqasının 20-dən çox üzvü var. Ərəblər çox geniş coğrafi arealda məskunlaşıblar – bir qitənin çox mühüm hissəsi, digərininsə şimal əraziləri! Vacibdirmi daha bir ərəb dövləti yaransın? Ola bilməzmi ki, İsraildə fələstinlilərə müəyyən muxtariyyat verilsin? Axı indinin özündə İsraildə ərəb dilinin xüsusi statusu var...
Təəssüf, hərdən bu qəbildən də fikirlər səslənsə də daha çoxunun rəyi budur ki, “iki dövlət, iki paytaxt” senarisi gerçəkləşməyincə problem həll olunmaycaqdır, çünki söhbət təkcə Fələstin ərəblərinin haqlarından da yox, bir az da pan - ərəbizm meyllərindən gedir.
Adam qeyri-ixtiyari soruşmaq istəyir: ərəb qardaşlar, onlarla dövlətiniz vardır, amma heç biri azad və demokratik deyil, doğrudanmı, daha birisi – Fələstin dövləti də yaransa siz azad və hürr olacaqsınız?..
Eyni qayda ilə yəhudiləri də başa düşmək olmur: axı vaxtilə, lap başlanğıcda bölgədə iki dövlətin – İsrailin və Fələstinin yaradılması haqda qərar verilmişdi, yəhudi qardaşlar! Siz indi niyə bundan imtina edirsiniz? Yoxsa siz də “böyük İsrail” sevdası ilə yaşayırsınız? Doğrusu, biz buna da qeyri-adi bir şey kimi baxmırıq – dünyada nə qədər dövlət varsa, bunların böyrünə “böyük” sözünü yapışdıqmaq cəhdləri də var!
Yəhudilər, xüsusən də ortodoks sionistlər və ortodoks semitlər arasında da belələri də az deyil.
Amma siyasət, hətta müasir dünya daha rasional düşüncə tələb edir. Bəli, tarixdə Davud çarın, Süleyman peyğəmbərin Yəhudi (İudeya) dövləti olub, amma onlar daha çox yəhudilərin siyasi müdrikliyinin, ədalətin təntənəsi kim anılır, heç kim iddia etmir ki, bəs qədimlərdə Yəhudi dövləti Sakit okean sahillərindən başlayıb Atlantik okeana qədər uzanıbdır!
İndi aparacağım “müqayisə” yerinə düşməyəcəkdir – biz yəhudiləri erməni millətçilərilə müqayisə etmək fikrində deyilik, ən azı ona görə ki, İsraildə Holokost qurbanlarına heykəl-abidə ucaldılır, Ermənistan İrəvanında da isə faşist Njdeyə! Təkcə bu fakt ən azı indi bu iki xalqın biri - birindən nə qədər uzaq oludunu göstərir!
Amma insaf xatirinə demək lazımdır ki, Ermənistanın da indiki hakimiyyəti öz xalqını “müalicə” etməyə çalışır – Paşinyan daim deyir ki, gəlin miflərlə yox, reallıqlarla yaşayaq!
Həqiqətən adam erməni millətçilərinin “böyük Ermənistan”, “üc dənizarası Ermənsitan” haqqındakı nağıllarına qulaq asanda qeyri-ixtiyari bir sual keçir beynindən: siz ermənilər hazırda vur-tut bir neçə milyonsunuz, min illər bundan əvvəl nə qədər idiniz ki, böyük imperiyalar yaradaydınız? Özləri də bunu anlayırlar, məhz buna görə də mifik “erməni soyqrımı” zamanı ölən ermənilərin sayını daim artırırlar, sanki ölülər də artıb-çoxala bilirlər...
Odur ki, Yaxın Şərqdə də rasional düşüncənin nə vaxtsa hakim kəsiləcəyinə ümidliyik. Dünyaya baxın: Rusiya kimi coğrafi nəhəng, Almaniya kimi normal, hətta adi coğrafi ölçüləri olan dövlət var. Hansı iqtisadi cəhətdən daha güclüdür? Hansının əhalisi daha azad və firavan yaşayır?..
Elə bu səbəbdən də nə ərəblərin, nə də ki, yəhudilərin mümkün qədər daha çox torpaq - ərazi ələ keçirməyə çalışmasında rasional məqam yoxdur, xüsusən də az qala iyirmidən çox dövləti olan ərəblərin belə istəkdə bulunması ən yaxşı halda ironiya doğura bilər: bu qədər ərəb monarxiyalarının, avtoritar rejimlərinin əvəzində bir demokratik ərəb dövləti olsaydı daha yaxşı olmazdımı?..
O ki qaldı qonşu İrana, eyni sözləri onlar haqqında da demək olar: Yer üzünü cəhənnəmə çevirənlər ondan cənnət düzəltmək istəyənlərdir.
Hələ onu demirəm ki, bir görün, Dünya hansı işlərlə məşğuldur, bunlar nələr edirlər? 21-ci əsrdə üzərlik yandırır, bunu hətta başqa ölkələrə də ixrac edirlər. Adam soruşmaq istəyir: qardaşlar, üzərlikdə belə güc -qüdrət varsa, daha nüvə silahı nəyinizə lazımdır? Özünüz bir tərəfə, axı niyə bizi də təhlükə qarşısında qoyursunuz?
Mən hələ onu demirəm ki, adam hər dəfə “Təbriz bombalandı!” eşidəndə qeyri-ixtiyari diksinir, o səbəbdən ki, İran şəhərlərinin, o cümlədən də Təbrizin hava hücumundan mükəmməl müdafiə sistemi yoxdur, burada dəmir qübbə-filan qurulmayıb, dinc insanlar, xüsusən də uşaqlar açıq hədəf altındadırlar...
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ