Onlayn ictimai-siyasi qəzet
On gün öncə “Evdən qaçan yeniyetmələr problemi” başlıqlı bir yazı yazmışdım. Yazının qayəsi ondan ibarət idi ki, evdən qaçan, təcavüzə məruz qalan, hansısa yüngülvarı cinayət işlərinə qarışan yeniyetmələrin adları media materiallarında çəkilməməlidir, şəkilləri yayılmamalıdır, çünki bu, onların sonrakı həyatına mənfi təsir göstərə bilər.
Həmin yazıdan iki gün sonra Maştağada evdən qaçan iki gənc qız barədə xəbər yayıldı. Onların adları da açıqlandı, şəkilləri də yayıldı. Artıq ölkədə bu hadisədən xəbərdar olmayan kimsə qalmayıb.
Gənc qızların adlarının açıqlanmasının, şəkillərinin yayılmasının yolverilməzliyi barədə tezis artıq əhəmiyyətini itirib. İndi ortada reputasiya yox, həyat məsələsi var. Onları yalnız bu cür tapmaq olar – barələrində danışmaqla, şəkillərini yaymaqla. Hər kəs bu qızların itkin olduğunu bilməlidir ki, haradasa bir yerdə rastlaşanda hüquq-mühafizə orqanlarına xəbər versinlər.
Qızlardan birinin anasının qəzetimizə verdiyi müsahibədə gənclərin evi tərk etməsinin səbəbləri barədə tam aydın təsəvvür yoxdur. Qızlar təhsil məsələsində xüsusi fərqlənməsələr də ağıllı-kamallı olublar, mühafizəkar ailədə böyüyüblər, hər addımları, hərəkətləri nəzarətdə olub.
Bir çoxları bu fikirdədir ki, patriarxal cəmiyyətdə, hər addımın nəzarətdə olduğu şəraitdə gənclərə aşırı təzyiq bu kimi mənfi nəticələr verə, gəncləri həyatdan bezdirə bilər.
Burası doğrudur, polad vinti belə çox sıxanda xarab olur, yararlılıq funksiyasını itirir.
Gənclərin həyatına total nəzarətin alternativinin “boş buraxmaq” olduğunu bildirən bir başqaları da əmindirlər ki, yeniyetmə və gənc qızları nəzarətsiz, necə deyərlər, “yiyəsiz” buraxmaq olmaz. Bu fikirdə də həqiqət var.
Ancaq qızıl orta deyilən bir şey də var və bu, rusların “güvən, ancaq yoxla” mənası verən atalar sözü ilə ifadə olunur. Yəni bu cəmiyyətdə cinsindən asılı olmayaraq, heç bir yeniyetmənin tam olaraq öz şəxsi dünyagörüşünün, öz iradəsinin diktə etdiyi hərəkətlər etməsinə yol vermək olmaz. Bu, mütləq onların düzgün yoldan sapmasına gətirib çıxaracaq.
Bəs özündən yaşca böyük, “stajlı” narkomanlara qoşulan yeniyetmə və gənc oğlanlar, səsləri gecə barlarından, cürbəcür xidmətlər göstərən salonlardan gələn gənc qızlar kimlərdir? Bir çoxu məhz nəzarətsizlik üzündən yoldan sapmış gənclərdir. Vaxtında evə gecə yarısı qayıdan bu gənclərin oturub-durduğu dostlar dairəsinin məşğuliyyəti ilə maraqlanan, qarşılarında müəyyən tələblər qoyan olsaydı, onların həyatı puç olmazdı.
Əlbəttə, məsələnin bu yerə gəlib çıxmasında bir çox başqa amillər də var: təhsilsizlik, qarşıda konkret məqsədin olmaması, yaxın ətrafdakı pis mühit, perspektivə inamsızlıq, yüngül həyatın cazibədarlığı və sair və ilaxır.
Hələ gəncləri düz yoldan sapdıran başqa bir amil olaraq yaş dövrünü, yaz mövsümünün çağırışlarını da nəzərə almaq gərəkdir.
İndiki 16-20 yaşlı, müstəqil həyata yeni-yeni atılan və ya atılmağa başlayan gənclərin beynində gedən kimyəvi proseslərlə 30-40 il əvvəlin gənclərinin yaşantıları eyni deyil. O zamanlar yeniyetmə və gənclərə nəzarət indikindən qat-qat güclüydü, o yaşda uşaqların ətraf dünya ilə, yaxın-uzaq şəhərlərdə yaşayan tay-tuşlarıyla əlaqələr qurmaq imkanları çox məhdud idi. Evdən qaçan yeniyetmə və ya gənc müstəqil şəkildə 1 sutka belə gizlənə bilməzdi. Onu dərhal ya vağzallarda, ya hər hansı bir ictimai yerdə tapardılar. İndi isə dörd bir tərəfə istiqamət götürüb getməyə yollar çoxdur, sığınmaq, daldalanmaq üçün obyektlər də az deyil.
Müasir dövrün ən pis cəhəti odur ki, məşhur filmdə deyildiyi kimi, “dərə-təpə dərvişlərlə doludur”. Təcrübəsiz insanları tora salmaq, onlardan faydalanmaq istəyən kriminal ünsürlər, beynində ilan-qurbağa qaynaşan manyaklar N qədərdir. Gənc qızların iri şəhərlərdə onlara rast olması ehtimalı sürüsündən ayrı düşən quzunun meşədə çaqqala, canavara rast gəlməsi qədər rutin məsələdir.
Ona ümid edək ki, maştağalı qızlar sağ-salamatdır və evdə danlanmağın qorxusundan müvəqqəti olaraq bir etibarlı, güvənilən ailənin əmanətidirlər və suların durulmasını gözləyirlər ki, üzə çıxsınlar. Onlar hər birimiz üçün “itkin qızlar” deyil, itkin övladlardır.
Digər pis ehtimalları ağla gətirmək olmur. Onların nə yaşı var ki, hələ həyatın heç bir xoş üzünü görmədən, önlərində böyük bir ömür yolu durduğu halda geri dönüşü olmayan qərarlar versinlər?
Xoş müjdəyə ümid edə-edə gözləyək və bu hadisədən ibrət dərsi götürək. Müasir gənclərlə ehtiyatlı olmaq, onlara psixoloq kimi yanaşmaq lazımdır.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ