İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurucu ataların xalqa ərməğan etdiyi gün – 28 MAY

Bu gün elə bir gündür ki, bu barədə yazmadan keçmək olmaz. Bu gün istiqlalımızın günüdür.
Dünyanın 5 mindən artıq xalqının içində öz dövlətini qura bilənlərin içində biz də varıq.

Onların sayı azdır. Dünyadakı 200 civarında dövlətin bir xeylisini ingilislər, ispanlar, ərəblər qurub.
Əslində dövlət elə bir institutdur ki, qədimlərdən ta günümüzə qədər onu yalnız sayca çox olan,passionar enerjiyə malik, özünü qorumağı və dolandırmağı bacaran xalqlar təsis edə bilir.

Şükür ki, son 33 illik tariximiz göstərir ki, başımıza bu qədər məşəqqətlər gəlsə də, mərhumiyyətlərdən, iztirablardan keçsək də, pis-yaxşı, özümüzü qoruya və dolandıra bilirik, milli dövlətimiz var, beynəlxalq birliyin üzvüyük.

Bunu 107 il öncə dövlət quran və bizə şərəfli bir miras kimi qoyub gedən kişilər var. Əgər onlar 1918-ci ilin bu günü yoxdan bir “Azərbaycan dövləti” təsis etməsəydilər, 1920-ci ildə Bakını yenidən işğal edən bolşevik ruslar Azərbaycanı Sovet İttifaqının tərkibinə yox, Rusiyanın tərkibinə qatacaqdılar, özü də “Azərbaycan SSR” kimi yox, “Bakı, Gəncə, Qarabağ , Lənkəran, Şəki, Naxçıvan, Quba quberniyaları kimi.

Bu baxımdan ABŞ üçün Corc Vaşinqtonun başçılıq etdiyi “təsisçi atalar” kimdirsə, bizim üçün də Azərbaycan dövlətini quran, onun bayrağını qaldıran, ona gerb, himn hazırlatdıran, milli valyutasını kəsdirən, sərhədlərini demarkasiya edən kişilər (Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları) odur.
Yuxarıda bir ifadə işlətdik: “Yoxdan bir dövlət qurmaq”. Ondan əvvəl dünyada “Azərbaycan” adlı dövlət olmayıb. Azərbaycanda isə çoxlu dövlətlər olub, onlardan ələ gələni yalnız Atabəylər və etnik Azərbaycan türklərinin təsis etdikləri xanlıqlardır.

Tarix boyunca Azərbaycan müxtəlif imperiyaların tərkibində olub – Xarəzmşahlardan Səfəvilərə, Qacarlardan Rusiya imperiyasına qədər.

Tarixi gerçəklik budur: Səfəvi, Əfşar, Qacar xanədanlıqları Azərbaycan türklərinin hökmran olduğu dövlətlər olsalar da, onların siyasi, mədəni, iqtisadi varisi biz deyilik.

Osetindən dönmə gürcü olan Stalinin 30 il rəhbərlik etdiyi SSRİ-nin varisi Gürcüstan yox, Rusiya olduğu kimi, Səfəvi, Əfşar, Qacar dövlətlərinin də varisi hazırda Xamnə və Mehabad türkləri olan Əli Xamneyi və Məsud Pezeşkianın rəhbərlik etdiyi İrandır.

Yaxşı ki, 107 il öncə xalqımızın xaricdə təhsil almış qeyrətli, vətənpərvər övladları özlərini harın, burnundan uzağı görməyən bəy-xan balaları kimi aparmayıblar, Avropada təhsil aldıqlarından milli dövlətin nə olduğunu anlayıblar və bir universiteti, ali təhsil verən məktəbi olmayan aqrar ölkədə milli dövlət qurub, Avropaya nümunə olacaq parlamentli respublika quruluşu təsis ediblər.

Bir sözlə, milli dövlətimizin binası sağlam özül üzərindədir. 107 il öncə dünyada demokratik prinsiplərə riayət edən, etimada əsaslanan hökumət kabinetləri formalaşdıran, “insanlara hürriyyət, millətlərə istiqlal” şüarı qaldıran dövlətlərin sayı Avropada belə çox az idi. Beş qitənin beşində də ölkələr ya avropalı müstəmləkəçi general-qubernatorların pəncəsindəydi, ya da diktatorlar tərəfindən idarə olunurdu.

Belə bir şəraitdə dövlət qurmaq, onu Avropa standartlarına uyğun idarə etmək işinə girişmək çətin idi. Özü də o halda ki, zərbə almış, sarsılmış, I dünya müharibəsini uduzmuş imperiyalar yenidən toparlanmaq, revanş etmək niyyətində idilər. Elə Azərbaycan Xalq Cümhuriyyəti də bu mürtəce ambisiyaların qurbanı oldu.

Nəticədə biz 71 il boyunca milli dövlətçiliyimizə sahib olmadıq, üçrəngli bayrağımızı qaldırmadıq, hətta onun varlığından xəbər tutmadıq, himnimizi qürurla dinləmədik.

Ancaq axırda istiqalalımızın baş memarı Rəsulzadənin dediyi oldu. O, vaxtilə “Bir kərə yüksələn bayraq bir daha enməz” demişdi. Bu gün ölkəmizin hər şəhərində, kəndində, küçəsində, məhəlləsində üçrəngli bayrağımız dalğalanır, 3-5 yaşlı körpə uşaqlar belə sağ əllərini ürəklərinin üstünə qoyur, sevə-sevə milli himnimizi oxuyurlar.

Milli istiqlal çox şeydir. Milli rifaha, xoş güzərana, haqq-ədalətə nail olmaq ondan keçir. Müstəmləkələrdə heç vaxt hamını qane edəcək firavanlıq, dürüstlük, halallıq olmaz. Müstəmləkə olmaq istismara, zülmə, əsarətə xroniki şəkildə məruz qalmaq deməkdir.

Yaşasın müstəqil Azərbaycan! Arzu edək ki, o yaxın illərdə dünyanın ən firavan ölkəsinə çevrilsin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR