İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərac dəyirmanı – Bir direktorun cəzalandırılması digərlərini durduracaqmı?

Bunlar necə adamlardır? Yəni anlamırlar ki, ilin-günün bu vədəsində, səs yazan, görüntü qeyd edən texnoloji cihazların bu qədər inkişaf etdiyi dövrdə hansısa auditoriya qarşısında cinayət xarakterli tələblər irəli sürmək olmaz?

Belə görünür ki, məktəb direktorları şagirdlərdən müxtəlif bəhanələrlə pul yığmaq “ənənə”sini nə cinayət, nə də qəbahət sayırlar. Bu, onların nəzərindən çoxda adiləşib, normalaya çevrilib.

İllərdir, deyilir, yazılır, hətta təhsil naziri səviyyəsində belə bir problemin olduğu etiraf edilir, təsirli tədbirlər görüləcəyi vəd olunur, amma xeyri yoxdur. Yenə də müxtəlif bayramlarda, “son zəng”lərdə şagirdlərdən pul yığılır.

Məktəblərdəki xəractoplama dəyirman öz bildiyindədir, ictimaiyyətin, xüsusilə də maddi imkanı böyük olmayan valideynlərin giley-güzarı baş ağrıdır.

Heç demə, məktəblərdə toplanılan xəracın məzənnəsi də xeyli artıb. Təsəvvür edin, məktəb direktoru "Son zəng" şənliyində iştirak üçün hər şagirddən 150 manat pul yığılmasını tələb edir.

150 manat! Bir manat da aşağı olmaz! Bu, az qala ilk onluğa daxil olan elit restoranların toy menyusunun qiymətidir. Bir dönərlə doyan, iki stəkan qazlı-şirin su ilə kifayətlənən 17 yaşlı yeniyetmələr bu şənlikdə nə yeyib-içəcəkmişlər, görəsən?

Onlar üçün 15 soyuq qəlyanaltısı, 8 isti yeməyi, 7 salatı əhatə edən zəngin süfrə açmağa ehtiyac yoxdur, masadaka şirniyyatdan nuş edəcək, məşhur “Məktəb illəri” mahnısının sədaları altında yüngülvarı qüssələnəcək, sonra “Çini çaydan” diringisinə qoı götürüb oynayacaqlar. Vəssalam.

Amma 207 saylı məktəbin qadın direktoruna məxsus olduğu deyilən səs yazısında hökmlü bir qadın səsi deyir ki, pul verməyən şagirdlər şənliyə buraxılmayacaqlar. Nə ixtiyarla, hansı haqla? Bu, o uşaqların “Son zəngi”dir, Hindistanın kübar saraylarında təşkil edilən təntənəli ziyafət deyil ki, orada brəhmən, kşatri zümrələrinə mənsub adamlar iştirak edələr, şudralar və pariyalar içəri buraxılmayalar.

Səs yazısından hiss olunur ki, müəllimənin tələbi şagirdlər arasında narazılığa səbəb olub və bu, öz növbəsində direktorun hiddətinə səbəbdir, ona görə də o, bir neçə dəfə təkrar edir: “Nəyin üsyanındır bu? Nəyə etiraz edirsiniz?”

Adam anlamır ki, heç də hamının atası pul kəsmir, rüşvət almır, korrupsiya qazanına çömçə salmır. Bakı şəhərində aylıq qazancı bu aydan o aya çatan yüz minlərlə valideyn var: kirayədə qalırlar, kommunal xidmətlərə, nəqliyyata, gündəlik dolanışığa pul xərcləyirlər. Hələ bunun nəzərdə tutulmayan məsrəfləri, bank kreditləri, xeyir-şər məclislərində iştirak məsələsi var. Bir də “Son zəng” şənliyinə 150 manat versinlər?

Əgər həmin məktəbdə 3 buraxılış sinfi varsa, demək, 100-dən artıq yaxın şagirddən pul yığılacaq. 15 min manat pul edir. Bundan çox xərclənə bilər, 5-6 min. Bəs yerdə qalan məbləğ necə olacaq? Aydın məsələdir.
Zatən, məktəb direktorluğu vəzifəsi hələ sovet dövründən gəlirli vəzifələrdən olub. Maya qoyub bu postu tutanlar verdikləri rüşvəti çıxarmağa, sonra maddi sərvətlərini artırmaq üçün müxtəlif neqativ əməllərə qol qoymağa başlayırlar.

Sadəcə, indi hər şey əndazədən çıxıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq və aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Belə hadisələr zamanı bir qayda olaraq bəd əmələ yol verən şəxs cəzalandırılır. Az-az hallarda, arxa-dayağl güclü olan direktor sudan quru çıxa bilir.

Ancaq cəzanın olub-olmayacağından asılı olmayaraq, bu, problemi həll etmir. Bu barədə yazılan yazılardan, yayılan açıqlamalardan xəbər tutan digər direktorlar başlarını bulayır, “mərdiməzara lənət” oxuyur, məsələni ictimailəşdirən “nankor valideynlər”i qınayır, axırda qərara gəlirlər ki, pul toplanmasını insaf-mürvət çərçivəsində etsinlər, çox da yuxarıdan getməsinlər.

Yoxsa “bu kimi hallara birdəfəlik son qoymaq” söhbəti yoxdur. “Bal tutan barmaq yalamalıdır”, “bu uşaqlara o qədər zəhmət çəkmişik, indi onun dəyəri 5 manat olmasınmı” – düşüncə budur.

İndi elə çıxmasın ki, ölkənin digər ictimai, iqtisadi sferalarında güllük-gülüstanlıqdır, bircə məktəblərdə belə neqativ hallar yaşanır. Xeyr. Bu ölkədə dövlət qulluğuna aid möhürü-ştampı, iş masası olan şəxslərin böyük əksəriyyəti öz qulluq mövqeyindən maddi sərvət toplamaq, varlanmaq, elit zümrəyə daxil olmaq üçün lazımi qədər vəsaitə malik olmaq istəyir və bundan ötrü dövlət qanunlarını tapdayır.

Tapdalanan təkcə qanunlar deyil, dürüstlük, gözütoxluq, mərhəmətlilik, xeyirxahlıq kimi mənəvi dəyərlər də tapdanır. Yenə hələ qanunların bir qoruqçusu var, amma mənəvi dəyərlərin sahibi, qoruyanı yoxdur, ona görə də məhv olub gedirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR