Onlayn ictimai-siyasi qəzet
Bu ölkədə sonradan qazanılmış bir sindrom-ənənə var: mənfi səciyyəli peşə həmrəyliyi.
Olur ki, bir jurnalist (və ya adını jurnalist qoymuş biri) sırf kimisə şantaja məruz qoymaq, hədə-qorxu yolu ilə pul tələb etmək üstündə, yaxud da qanunla qadağan olunan fəaliyyətinə görə ilişir, dərhal onun bir çox həmkarları adamın müdafiəsinə qalxırlar, “ölkədə hamı düz işləyir, yalnız budurmu əyri” deyə sual qoyurlar.
Tibb işçilərinin bir xeylisi adı neqativ işlərdə (məsələn, faiz qarşılığında reseptə yazılan xüsusi preparatlarla bağlıtəczaçılarla işbirliyində, pasiyentləri ehtiyac duyulmayan analizlərə göndərməkdə və s. bəd əməllərdə) hallanan həmkarlarının müdafiəsinə qalxırlar.
İdmançılar da hansısa xətaya yol vermiş idmançının tərəfini tuturlar, poqon daşıyanlar da, başqaları da. Bu, bir qaydadır və normal sayılır. Halbuki peşə həmrəyliyi özünü cinayətə, xətaya, qəbahətə yol vermiş şəxsin müdafiəsində göstərməməlidir. Belə bi müdafiə ədalətə qarşı çıxmaqdır.
Hakimlər, vəkillər, ticarətçilər, dindarlar da elədir. Hətta sonuncular başqa kafir elan etdikləri dini icmaların peyğəmbərlərini belə müdafiə edirlər.
Budur, tanınmış təhsil eksperti, indiyədək həmişə obyektiv açıqlamalarla çıxış edən Kamran Əsədov Tovuz rayonunun Əlimərdanlı kəndindəki orta məktəbin valideynlərdən zinət əşyası aldığına görə töhmət almış müəlliminin müdafiəsinə qalxıb, ümumilikdə, müəllimlərin hədiyyə almasını normal hal sayıb.
Kamran müəllim qeyd edib ki, müəllim dövlət qulluqçusu deyil, hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur.
Elı çıxır ki, müəllimin valideynlərdən zinət əşyası (qızıl üzük) alması qəbahət deyil.
Amma həqiqət detallardadır. Ölkədə hər kəsə əyandır ki, müəllimlərə edilən belə “kollektiv təşəkkürlər” çox vaxt könüllü olmur. Əksər vaxt müəllimlər onlara “minnətdarlıq etməyi” valideynlərdən tələb edirlər.
Hədiyyə alınması üçün pultoplama kampaniyasına qoşulmayan, daha dəqiqi, valideyninin “hədiyyə pulu” verməyə gücü çatmayan şagirdlərin tay-tuşları arasında pisikdirilməsi, bullinqə məruz qalması xüsusunda minlərlə fakt var. Gözüyaşlı şagirdlərin əlacsız valideynlərinin şikayəti əsasında onlarca məqalə yazmışıq. Bu işlərin anatomiyası jurnalistlətə tam bəllidir.
Bu isə qəbahətdir. Bir az dərindən götürəndə isə cinayətdir. Bir mağazaya, restorana reyd edərək aybaay xərac tələb edən reketirin etdiyi nədirsə, hər valideyndən “uşağınıza dərs deyirik, həyata hazırlayırıq” deyə aylıq xərac tələb edən müəllimin etdiyi də odur.
Biz müəllim görməmişikmi? Bizi həyata hazırlayan, savad verən müəllimlərimizə hər zaman ehtiram göstəririk. Çünki onlar zamanında bizdən dərsə hazır və intizamlı olmaqdan başqa heç nə ummayıblar.
Müəllimlərə minnətdarlığa gəlincə, bu xalq təmiz, təmənnasız müəllimlərə minnətdarlığını bir yolla bildirir. Övladının repetitoru olmuş müəllimə uzun illərdən sonra da hədiyyə bağışlayan, müşkülünü həll edən, ona nəsə bir yaxşılıq etməyə çalışan adamlar olur.
Ancaq məktəbdə işlədiyi üçün dövlətdən maaş alan şəxsin hələ valideynlərdən də hədiyyə umması, alması yüz faiz neqativ haldır.
Onda jurnalist də redaksiyaya şikayətə gələnlərdən pul almalıdır (belə hallar da olur), həkimlər zatən 2-3 dəqiqəlik müayinə üçün qəbula gələnləri kassaya 40-50 manat ödətdirmədən qəbul etmir (bunu artıq qanuniləşdiriblər). Vəzifələri xalqa xidmət etmək olan dövlət məmurlarının öz işlərinə görə dövlətdən maaş almaqla yanaşı, vətəndaşları bəlli bir məzənnə üzrə rüşvət verməyə vadar etmələriı barədə dastan yazmaq olar.
Bir sözlə, bütün bu neqativ hallara, rüşvətxorluğa, xəractoplamaya, xalturaya qarşı mübarizə aparmaqdansa, pis əməli faş olmuş həmkarımızı, həmyerlilərimizi müdafiə etsək, bu ölkədə heç zaman haqq-ədalət bərqərar olunmayacaq.
Müəllimlərin maaşı yüksək olmalıdır, onlar özlərini, ailələrini yaxşı dolandırmalıdır. Ancaq öz güzəranlarını, dolanışıqlarını təmin etmək üçün valideynlərin boğazına çökməməlidirlər. Çünki o valideynlərin də çoxu adi, müəyyən bir qazancla dolanan adamlardır. Orta təbəqədən yuxarı olan, “qaz vurub qazan dolduran” adamlar zatən övladlarını xüsusi lisey və gimnaziyalarda oxutdururlar, onların proletariatın arasında işləri yoxdur.
Zinət əşyası alan müəllim isə şükür etsin ki, canını töhmətlə qurtarıb.
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ