İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqənddə insident - Moskvanın uzun dili keçmiş SSRİ respublikaları üçün kabusa çevrilib

Bu günlərdə Özbəkistanda postsovet məkanına daxil olan ölkələrin diqqətinə şayan olacaq bir hadisə baş verib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səmərqənddə “Kədərli ana” abidəsini ziyarət edərkən, abidənin ətəyində rus dilində yazının olmamasından narazı qalıb.

Abidənin üzərində iki dildə (özbəkcə və ingiliscə) iri hərflərlə belə yazılıb: “Siz həmişə mənim ürəyimdəsiniz, əzizlərim”. Lavrov buna diqqət çəkib və deyib ki, burada rusca yazı görmür.

“Kədərli ana” abidəsi rusların “Böyük Vətən Müharibəsi” adlandırdığı II dünya müharibəsində həlak olan özbək döyüşçülərin xatirəsinə ucaldılıb.

Lavrov abidənin üzərindəki ingiliscə yazını Böyük Britaniyaya bağlayıb və deyib ki, ingilislər buraya necə düşüblər. Ona cavab veriblər ki, Səmərqənd turizm şəhəri olduğuna görə şəhərdə bir çox dillərdə reklam lövhələri olur. "Mən heç bir rusca yazı görmürəm", - Lavrov deyib.

Özbəkistanın Xarici İşlər Nazirliyi hələlik Lavrovun “Kədərli ana” abidəsindəki yazılara etirazı ilə bağlı rəsmi şərh verməyib. Ancaq bir gün sonra Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Odiljon Tojiyev Lavrova cavab verərək deyib ki, əgər Moskvanın baş meydanında özbək dilində yazı görünsə, bəlkə biz də bu barədə düşünərik".

Son vaxtlar siyasi ritorikası etibarilə özbək vətənpərvəri kimi tanınan deputat əlavə edib ki, özbəkləri rus dilini öyrənməyə məcbur etmək olmaz. "Xarici dilin süni şəkildə təbliği məhəbbət doğurmur, əksinə, mənfi münasibət yaradır. Üstəlik, hörmət tələb oluna bilməz, bu, təbii şəkildə, özü yaranmalıdır”, - Tojiyev deyib.
Bu mövzu qardaş ölkədə sosial şəbəkələrdə mübarizə predmeti olub. Bir çox istifadəçilər bildiriblər ki, Lavrov düz deyir, Özbəkistanda ruslar çox olduğu üçün abidədə rusca da yazı olmalıydı.

Ancaq onlara etiraz edənlər də bildiriblər ki, bura Özbəkistandır, ölkənin rəsmi dili özbəkcədir, ingilis dili isə bütün dünyada qəbul edilmiş beynəlxalq dildir, ona görə də abidənin yazısının iki dildə olması kifayətdir.
Tanış mənzərədir, elə deyilmi? Eyni hadisə bizim ölkəmizdə olsaydı, bu, yenə də ictimai müzakirə predmeti olacaqdı.

Çünki Rusiya keçmiş SSRİ respublikalarının 11-dən hələ də əl çəkməyib. Yalnız Baltikyanı ölkələr qismən istisnadır, onlar NATO üzvü olduqları üçün Rusiya onlara çox da dəyib-dolaşmır, amma bəzi iddiaları hələ də aktualdır.

Kreml postsovet ölkələrdə rus dili məsələsinə böyük önəm verir. O, bu ölkələrdə hərbi baza saxlamaqdan vaz keçə bilər, amma rusdilli məktəblərin olmasından, rus dilinin işlənməsindən vaz keçməz. Ona görə ki, bir imperiyanın dili hara qədər uzanırsa, əli-qolu da oraya qədər uzana bilir. Bir Rusiya deyil, başqa keçmiş və mövcud imperiyalar da öz dillərini bacardıqca dünyada yaymaq istəyirlər.

Vaxtaşırı olaraq ölkəmizdə başlayan “dil davası” mübahisələri buradan qaynaqlanır – Moskva rus dilinin zəifləməsinə müqavimət göstərir, rəğbət qruplarını, rusdilli fəalları hərəkətə gətirir, nəticədə ictimai-siyasi həyatımızda süni gərginlik yaranır.

Özbək deputat Tojiyev haqlıdır, bir xarici dilin hansısa ölkədə təbliğatını süni şəkildə aparmaq, ona hörmət olunmasını tələb etmək məhəbbət doğurmur. İnsanlar bir dili öyrənməyə ehtiyac hiss edirlərsə, onu onsuz da öyrənirlər. Məsələn, heç bir ölkədə ingilis dilini şagird və tələbələrə zorla öyrətmirlər. Hətta əksinə, məktəblərdə tədris olunan ingilis dilini mənimsəmə yetərli olmayınca şagird və tələbələr əlavə, ödənişli kurslara gedirlər. Ona görə ki, onlar təhsillərini ABŞ və Avropada davam etdirmək üçün bu dili mükəmməl öyrənməyə ehtiyac hiss edirlər. Hazırda rus dilinə elə bir tələb yoxdur.

Kreml isə tələb edir – keçmiş SSRİ respublikaları rusca təhsil almaqda davam etməlidirlər, rusdilli məktəblərin azalmasına imkan verməməlidirlər.

Həm də bu, o zaman baş verir ki, Rusiyanın özündə Orta Asiyadan olan miqrantlar, o cümlədən özbəklər kütləvi şəkildə incidilir, iş yerlərindən məhrum edilir, onlardan rus dilini mükəmməl bilmələri tələb olunur, ölkədən zorla çıxarılırlar.

Ümumu götürsək, son illər rus dili Daşkəndlə Moskva arasında gərginliyə səbəb olur. Ötən il Daşkənddəki məktəbdə rus dili dərsi zamanı əvəzedici müəllimin özbəkcə danışmasına etiraz edən bir şagirdə qulaqburması verilməsi Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın xüsusi bəyanatına səbəb olmuşdu. Böyük bir cinayət hadisəsi olubmuş kimi.

Belə hadisələr özbək fəalları hiddətləndirir və onlar Kremlin Özbəkistanın daxili işlərinə müdaxiləsinə etiraz edirlər.

Daha köhnə vaxtlardakı kimi deyil. Hər xalqın dili özünə əzizdir və ona sırınan xarici dili qəbul etmək istəmir. Ayrıca, Özbəkistan qapı-pəncərələrini Avropanın üzünə geniş açıb, gələcəyini Avropa dövlətləri ilə sıx əməkdaşlıqda görür. Rusiya isə bu durumla barışmaq istəmir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR