Onlayn ictimai-siyasi qəzet
Nasizm üzərində qələbənin növbəti ildönümünün qeyd olunması heç vaxt builki qədər mübahisəli, intriqalı və gərgin olmayıb.
2025-ci il 80 il əvvəlki müttəfiqlərin sonradan qatı düşmənlərə çevrilməsinin ən pik ili oldu.
Əslində isə müttəfiq dövlətlərin – SSRİ, ABŞ və Böyük Britanlyanın, eləcə də özünü onlara zorla pərçim etmiş Fransanın bir-birindən ayrılması, aralarında düşmənçilik yaranmasının tarixi 79 ildir.
Onların müttəfiqliyi elə 1945-ci ilin avqustunda, II dünya müharibəsi bitən kimi başa çatıb. Həmin il Böyük Britaniyanın qalib baş naziri Uinston Çörçill yenidən baş nazir olmaq üçün xalqdan səs ala bilməsə də, sözü keçən lider statusunu saxladığından SSRİ ilə müttəfiqliyi bitirməyin, araya “dəmir pərdə” çəkməyin zərurətini əsaslandırıb.
1946-cı ildən başlayaraq SSRİ və Qərb dövlətlərinin münasibəti həmişə ya kəskin rəqabət, ya da açıq düşmənçilik mühitində olub.
Aradakı müvəqqəti yumşalmalar, kəskin mövqelərdən qarşılıqlı geriçəkilmələr, ayrı-ayrı siyasətçilərin (Kennedi, Xruşov, de Qoll, Nikson) müəyyən periodlarda sülhpərvərlik nümayiş etdirməsi sayılmır. Çünki dövlətlərin strateji xətti heç vaxt dəyişməyib. Hətta “düşmənlə yumşaq” davranan şəxslər (yuxarıda adları çəkilənlər) ya öldürülüb, ya devrilib, ya da impiçmentə məruz qalıb.
Ancaq vaxt olub ki, ABŞ-nin eks-prezidenti Corc Buş, Fransanın sabiq lideri Jak Şirak, Almaniyanın sabiq kansleri Gerhard Şröder qələbə paradını Moskvada eyni tribunadan izləyiblər. Ən çox da məğlub Almaniyanın lideri, özü nasist babanın nəvəsi olan Şröder 9 May təntənələrinin daimi qonağı olub.
İndiki düşmənçilik mühiti, söz yox, Putinin yeritdiyi militarizm siyasətinin əsəridir. Onun Ukraynaya hərbi müdaxiləsi, Avropanı hədələməsi, Rusiyanı yenidən hərbi yolla iki dünya hegemonundan birinə çevirmək istəməsi ABŞ və Avropada etiraz doğurur və bu dövlətlər, açığı, Rusiyanı qapılarında, maddi-texnoloji yarım istəyən durumda görmək istəyirlər.
Onlara dirçəlmiş, sağa-sola caynaq atan, diş qıcayan Rusiya lazım deyil. Kollektiv Qərb 2006-ci ilə qədər düşünürdü ki, Rusiya ilə bağlı problemi həll edib, o bundan sonra sözəbaxan, konstrukiv, əməkdaşlığa açıq dövlət olacaq.
Ancaq neft-qaz milyardları Rusiya xəzinəsini doldurduqca ortaya çıxdı ki, Rusiya 1991-2006-ci illərdə əslində arıq olduğundan yavaş imiş, kökəldikcə yaxın və uzaq ətrafa buynuz göstərəcək. 2008-ci ildən başlayaraq bu günə qədər Rusiya Qərbi buynuzlayır.
Ona görə də onun keçmiş müttəfiqləri bu gün ona qarşı birləşiblər. Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edən ölkələrin Kremlin hərbi təntənəsinə qatılmayacağı öncədən bəlli idi. Bu, təəccüb doğurmur. Heç bəzi ölkələrin liderlərinin qələbə paradında iştirak etmək üçün Moskvaya uçmasının əngəllənməsi, Aİ tərəfindən onlara xəbərdarlıq edilməsi də təəccüblü deyil. Ortada “nə toyuma gəlsin, nə yasıma” intriqası var.
Bu intriqa 80 il əvvəlki müttəfiqlərini gözünü o qədər tutub ki, onlar nasizm üzərində qələbənin müəllifliyini bölüşmürlər. II dünya müharibəsində 417 min əsgər və zabit itirən ABŞ-nin prezidenti Tramp 26 milyon insan itirən Rusiyaya söz toxuyaraq deyir ki, nasizm üzərində qələbəyə ən böyük töhfəni biz vermişik, bu xüsusda heç kim bizə tay olmayıb.
Eyni zamanda müharibənin birinci ilinin sonlarından ta axıracan ABŞ-nin “lend-liz” proqramı əsasında göndərilən ərzaqlarla qidalanan, çəkmələrlə və avtomobillərlə hərəkət edən, hər cür ləvazimatla təchiz olunan SSRİ\Rusiyanın bugünkü llideri də deyir ki, nasizm üzərindəki qələbə rus zəfəridir.
Halbuki o müharibədə milyonlarla ukraynalı, belarus, azərbaycanlı, gürcü, moldovan, erməni, qazax, qırğız, özbək, türkmən, tacik, eləcə də Rusiya ərazisində yaşayan onlarca etnik azlıqların övladları olub. Tək rusların öhdəsinə qalsaydı, 1942-ci ilin iyununda, yəni müharibənin 1 ilinin tamamında Hitler Kamçatkada Yaponiya imperatoru ilə sülh sazişi imzalayar, Avrasiyanı bölər, Afrika və Amerikanı (materik) “fəth etmək” üçün hazırlığa başlayardılar.
Başqa sözlə, nasizm üzərində qələbə bəşər oğlunun tarixi nailiyyətidir. Fəqət bu nailiyyətə kölgə salan əsas məqam odur ki, milyonlarla insanı məhv edən bir odioz lider (Hitler) sıradan çıxıb, əvəzində milyonlarla insan məhv, yüzlərlə milləti əsir edən digər odioz lider (Stalin) dirçəlib.
Əslində Hitler və Mussolininin faşizmi ilə Stalinin faşizmi arasında heç bir fərq olmayıb. Üçü də təkpartiyalı rejimim qəddar lideri olub.
Faşizm italyancadakı “fasio” – partiya sözündəndir və o, nasizmin sinonimi deyil. Bu termini sovet ideoloqları uydurublar və mənasını təhrif edərək populyarlaşdırıblar. Bütün dünya Hitlerin ardıcıllarına “faşist” yox, “nasistlər” (“nazilər”) deyir.
Hazırda Rusiyanı tək partiya (“Vahid Rusiya”) idarə edir və onun parlamentdə təmsil olunan deputatları ard-arda başqa millətlərin hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul edirlər.
Ona görə də Rusiyanın indiki rəhbərliyi Avropada və dünyada sevilmir və onların təntənəli tədbirləri boykot olunur.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ