Onlayn ictimai-siyasi qəzet
Tarixdə ilişib qalan xalqların sırasında biz də varıq. Eyzən 33-35, 100-120 il əvvələ boylanar, olub-bitən hadisələri təhlil edər, nəticələr çıxarar, hökmlər verərik. Bəzən hətta eyni şeyi 500-600, 1000-1400 il əvvəlki tarixi hadisələrə nəzərən də edirik.
Bu günlərdə başlayan və toz-tozanağı hələ də yatmamış Şah İsmayıl-Sultan Səlim qovğası da bu xasiyyətimizdən qaynaqlanır.
Tək biz deyilik. Tarixdə ilişib qalan başqa xalqlar da var. Müsəlman dünyasının bir hissəsi hələ də İslamın yeni-yeni təşəkkül tapıdığı dönəmdə baş verən hadisələri müzakirə edir, faciələri yenidən, içindən keçirə-keçirə yaşayır. O vaxtdan bəri azı 40 nəsil dəyişib, o hadisələrdə iştirak edənlərin qanını 0,00000001 əmsalda daşıyanlar da həyatda yoxdur, amma ixtilaf bitməyib.
Müasir monqolların həlledici çoxluğu Çingiz xan dövründə qalıblar, oturub-durub keçmiş əzəmətlərindən danışır, Koreyadan Macarıstana, İraqa qədər yüz ölkəni fəth edə-edə gedən babalarından bəhs edilər. Onlar qürurla “fəth” dediyi şey “fəth olunmuş” ölkələrdə “işğala və qırğına məruz qalmaq” kimi dəyərləndirilir.
Ukraynada monqol xanlarının yürüşlərini, amansız qətliamları, kütləvi zorlamaları unutmayıblar. Tarix kitablarında knyazların üzərinə düzülmüş ağacların üstündə kef məclisi təşkil edən monqol əsgərlərindən bəhs edilir, öz vətənlərini qorumaq istəyərkən savaşda məğlub olmuş knyazların necə işgəncə ilə can verdikləri yazılır.
Özbək qardaşlarımız şanlı orta əsrlərinin havasındadırlar. Özbəkistanda Əmir Teymurun, Mirzə Uluqbəyin şəcərəsinə, irsinə hörmət və ehtiram o qədər böyükdür ki, paytaxtda və digər şəhərlərdə şanlı “baba“ların abidələri, muzeyləri, digər ziyarət məkanları var.
Əvəzində Özbəkistanda elmi simpoziumlarda, forumlarda olan iranlı mütəxəssislər böyük özbək sərkərdələrini məzarını ziyarət etməkdən imtina edirlər. Çünki onlar Teymurilər dövlətinin sərkərdələrinin İran üzərinə yürüşünü və əcdadlarının uzun illər özbək xanlarının əsarəti altında yaşamalarını bilirlər.
Qazaxlar Qızıl Orda dövlətinin tutduğu ərazilərin xəritəsi ilə öyünürlər, Toxtamış danışırlar, Krımın bir vaxtlar onlara məxsus olduğunu qeyd edirlər.
İranlılar Nadir şah Əfşarın dövründə Hindistandan Dərbəndə, İqdıra qədər böyük bir ərazidə dövlət qurduqlarını fəxrlə qeyd edirlər.
Ermənilər də öz “şanlı keçmişləri”nə dair əfsanələr düzəldir, gənc nəsillərin beyninə yeridirlər. Ancaq onların əllərində fakt yoxdur, ermənilərin “böyük dövlət”lərinin qonşuları hansı dövlətlər olub, kimlərlə müharibə aparıblar, imperiya quracaq qədər çoxsaylı imişlərsə, necə olub, 4-5 dövlətin ərazisində yaşayan etnik azlığa çevriliblər, doğru-düzgün izah edən yoxdur.
Bir sözlə, bir çox xalqların “şanlı keçmişi” var, hamısı vaxtilə böyük dövlətlər qurublar.
Vaxtilə böyük dövlət qurmaq, sanki onlara belə bir hüquq verir ki, bir zamanlar işğal etdikləri yerlərə yenidən iddia etsinlər. Rusiya və İran bu iddianı böyüdən dövlətlərdən ikisidir. İran 200 il əvvəl Rusiyaya uduzduğu Qafqaza hələ də iştahla baxır, Rusiya isə 33 il əvvəl tərk etməyə məcbur olduğu regiondan ayağını çəksə də, əlini çəkməyib və tank üstündə geri dönməyi xəyal edir. İnsanlara hürriyyət vermədikləri o tərəfə dursun, millətlərə istiqlal verməyi də düşünmürlər.
Belə bir ortamda 500 il gerilərə dönmək, köhnə intriqaları sürdürmək, qədim əraziləri bərpa etmək, yumşaq desək, axmaqlıqdır.
Avropa xalqları bu mərəzdən qurtulub. Almanlar “Strasburq alman şəhəridir” demir, onu fransızlardan geri almaq planı qurmur, “Kalininqrad bizim qədim Köniqsberqdir” deyə Rusiyaya dirəşmirlər. Franszlar Napoleonla fəxr etsələr də, etiraf edirlər ki, imperator bütün Avropaya bəlalar gətirib. Almanlar nəinki Hitlerlər fəxr etmirlər, hətta onunla fəxr edənləri cəzalandırırlar. Əslində tam da düz edirlər. Məhz Hitler 20-ci əsrdə Almaniyanın dünya müharibəsində məğlub olmasının və dövlətin darmadağın edilməsinin, milyonlarla avropalının ölümünün səbəbkarıdır.
Belə baxanda hər xalqın öz Hitleri var. Onlar qonşu ölkələrə təcavüz edib, abad şəhərləri yağmalayıb, yandırıb, milyonlarla günahsız insanları öldürüb, yerdə qalanlarını qul-kölə edib, bazarlarda satıblar. Ancaq o vaxtlar beynəlxalq konvensiyalar və hərbi tribunallar olmadığı üçün onları mühakimə edən olmayıb. Bu o demək deyil ki, insanları vəhşicəsinə qırıb-çatan hökmdarlar, xanədanlıq sahiblərinin əsas məqsədi öz xalqları üçün böyük dövlət qurmaq olub. Heç bir halda heç biri xalqı düşünməyib, hamısı öz mənafelərini, övladlarına qoyub gedəcəkləri mirası düşünüblər.
Ona görə də qədim padşahların hansının haqlı, hansının haqsız olması xüsusunda polemika aparmaq, onları “şah babamız”, “sultan dədəmiz”, “kral atamız” deyə öymək havayı işdir. Hamısı qəddar, amansız, tamahkar, təcavüzkar olub. Bu, xatırlayanda xəcalət çəkiləsi tarixdir, ona görə də tarixdə qalmalıdır. Müasir insanlar qədim və orta əsrlərin amansız reallıqlarını yenidən bərpa etmək xəyalına düşməməlidirlər.
ŞƏRHLƏRŞƏRH YAZ