İnsanlara hürriyət, millətlərə istiqlal!

4 iyun qiyamı olmasaydı...

Aradan 32 il keçib, amma 4 iyun qiyamına dair müzakirələr və mübahisələr davam edir. Düzdür, əvvəlki illərlə müqayisədə bu xüsusda ehtiraslar bir az səngiyib, amma bu, son35 illik tariximizin ən qızğın mübahisə doğuran hadisəsidir.

İndi o ağır günün, lap dəqiq desək, həmin məşum 20 günün (4-24 iyun) gərgin, təlatümlü hadisələrinin iştirakçılarının bir xeylisi həyatda yoxdur, bir xeylisi siyasi həyatdan çəkiliblər, bir qismi də həyatın onlara tuşutduğu yola giriblər.

Ancaq bu, gerçəkdir ki, 4 iyun qiyamı bu ölkədə hər kəsin, istisnasız olaraq, hər kəsin sonrakı həyatına təsir etdi.

4 iyunda təkcə hakimiyyət dəyişikliyi olmadı, çox şey dəyişdi. Azərbaycanın hansı tipli ölkə olması, demokratiyaya hazırlıq dərəcəsi, siyasi qüvvələrin səbatlılıq əmsalı, hər şey bilindi.

Əslində qeyri-adi heç nə yox idi, müstəqilliyini yenicə əldə edən, daha doğrusu, onu 72 illik aradan sonra yenidən bərpa edən gənc şərq respublikasında hansı siyasi proseslər getməliydisə, həmin proses getdi.

Onlarla ölkə adı saymaq olar ki, hansısa imperiyanın boyunduruğundan xilas olduqları ilk illərdə daxili siyasi hərc-mərclik yaşayıblar, vətəndaş müharibəsi və ya vətəndaş qarşıdurmasından keçiblər, qiyamlara, üsyanlara, inqilablara şahid olublar, sular durulana qədər ömrü bir ildən çox çəkməyən hakimiyyətlər görüblər. Bu proses Yaxın Şərq ölkələrində, Afrika respublikalarında, Latın Ameriikası dövlətlərinin hamısında gedib.

Azərbaycanda eynisi oldu və yalnız ona şükür etmək olar ki, bu, böyük faciələrlə, çoxsaylı insan itkiləri ilə müşayiət olunmadı. Hətta devrilmiş hakimiyyətlərin kadrlarının və tərəfdarlarının kütləvi edamı və məhkəməsiz qətliamları da olmadı, Çili-1974, Türkiyə-1980, (və s.) hadisələri yaşanmadı.

Bəs Azərbaycanda o məşum qiyam olmaya bilərdimi? Bəli. Bundan ötrü bir neçə həlledici şərtin bir arada olması lazım idi. Onlar olmadı. İndi bu şərtləri sıralasaq, A-dan Z-yə qədər gedəcəyik. Amma T-də dayanmalı və qəbul etməliyik ki, əsas məsələ TƏCRÜBƏ çatışmazlığı idi.

Nə 1992-ci ilin mayında hakimiyyətə gəlmiş Elçibəy iqtidarının müharibə aparan və yenidən qurulan dövləti idarə etmək təcrübəsi vardı, nə də ona müxalif olan qüvvələrin müxalifətçilik etmək təcrübəsi. Sovet totalitarizminin qayçısından qurtulmuş medianın neytral olmaq təcrübəsi də yoxdu, xalqın azad seçim etmək və seçdiyini dəstəkləmək təcrübəsi də sıfır idi.

Bir də hövsələ çatışmazlığı vardı. Bir neçə il, hətta 6 ay gözləyərək, seçki yolu ilə hakimiyyətə gələnə qədər səbr etmək lazım idi, amma həyatın sonuymuş kimi, “hər şey bu il həll olmalıdır, hakimiyyətə özümüz gəlməliyik” havasına girənlər oldu.

4 iyun qiyamı olmasaydı, 1992-ci ilin ikinci yarısından sonra dövrün ən güclü siyasi partiyasına çevrilmiş AMİP ilk parlament seçkilərində böyük ehtimalla seçki birincisi olacaqdı. Çünki keçmiş hərəkatçıların bir hissəsi, vəzifəsini itirmiş partokratlar, partiyada birləşərək hakimiyyətə gəlməyin mümkün olduğunu anlayan on minlərlə insan bu partiyada birləşmiş, böyük qüvvəyə çevrilmişdilər.

4 iyun qiyamı olmasaydı, Kəlbəcərin ardınca o biri rayonlar – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğala məruz qalmayacaqdı. Bu rayonlar məhz Surətin hərbi avantürasının və xəyanətinin, silahını öz ölkəsinin paytaxtına tuşlamasının güdazına getdi.

4 iyun qiyamı olmasaydı, İmam Mustafayev xalqın yaddaşında müdrik el ağsaqqalı kimi qalacaqdı, ancaq indi onun adı çəkiləndə hamının yadına parlament tribunasından “hökumət qüvvələri 69 əsgəri yatdığı yerdə güllələyib” deməsi, qızıl-qırmızı yalan danışması düşür. (Maraqlıdır ki, o yalan sürünə-sürünə günümüzə qədər gəlib çatıb. Dünən bir nəfər əyalət siyasətçisi də yazmışdı ki, o vaxt hökumət Surətin əsgərlərini qırıb).

4 iyun qiyamı olmasaydı, Surətin özü və adamları asudə yaşayacaq, bizneslə, elmlə məşğul olacaqdılar, bir çoxları 1,5 ildən sonra türməyə düşməyəcəkdi. Onların bəziləri həbsxanadan xərəkdə çıxdı, bəziləri isə ümumiyyətlə, çıxmadı. Surətin özünün başına gələnlər isə ayrıca bir dastandır.

4 iyun qiyamı olmasaydı, Daşkənddə krallara məxsus şəraitini qoyub doğma Gəncə şəhərinə qayıtmış və qiyamdan dərhal sonra İH başçısı təyin edilmiş “Daşkənd Vaqif” uzun ömür sürəcək, cah-cəlal içində yaşayacaqdı, vəzifə tutmasının 10 günü tamam olmadan iş otağında kriminal avtoritet “Zobik” tərəfindən güllələnməyəcəkdi. (O hadisədə “Zobik” də güllələnib).

4 iyun qiyamı olmasaydı, çox şey başqa cür olacaqdı, ən azı 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında yeni qiyamlar qaldırılmayacaq, dövlət çevrilişlərinə cəhd olmayacaqdı.

Ancaq 4 iyun qiyamı oldu və ölkə bu taleyi yaşadı.

Heç olmasa, indi baş verənlərə ehtirassız, obyektiv prizmadan yanaşmaq olardı. Sosial şəbəkədəki paylaşımlardan anlaşılır ki, hələlik o da mümkün deyil. Bizim 4-24 iyun hadisələrinə yanaşmamız hələ də hisslərlə müşayiət olunur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR