Onlayn ictimai-siyasi qəzet
İran rəsmilərinin qəzada həlak olmasının səbəblərinin “ərəb saçına” bənzəməsi indiki dünya reallığına uyğundur. İran dünyanın hansı qaynar bölgəsində var, ona ötəri diqqət edək. Suriyada var. İraqda var. Livanda var. Fələstində var. Yəməndə var. Bu, birbaşa hərbi iştirakı olduğu ölkələrdir. Bəhreyn, Əfqanıstan və Pakistanın da adı siyasi təsiri olan ölkələrin siyahısına əlavə oluna bilər. Yerləşdiyi əlverişli coğrafiyaya baxmayaraq, o da gerçəklikdir ki, təsir dairəsini istədiyi kimi genişləndirə bilməyib, amma Orta Asiyadan Afrikaya kimə uzatmaq istədiyi “əl”i də var. Son aylar isə Qərb onu əvvəl Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəklədi suçladı, sonra da Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsində... Üstəlik, bura ABŞ-ın sadiq müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə İranın gərgin münasibətlərini də əlavə etsək, “kələfin ucunu” axtarmaq lap çətinləşər. İran dostu az, düşməni çox olan dövlətdir. Düşmənin çoxdursa, başına gələn hər qəzada mütləq bir suçlu axtarmalısan, şübhələnməlisən...
Rəisinin prezident seçildikdən sonra ilk rəsmi səfər etdiyi (həm də pandemiya dövründə) Rusiya ilə əlaqələrə görə sui-qəsdə məruz qalması haqda iddialar da var. Çar Rusiyası ilə İran əlaqələri yüzilliyə söykənir. İran və Rusiya bütün zamanlarda bir-birini anlaya bilən iki dövlət olaraq yollarını davam edirlər. Dünyanın bu münasibətlərə baxışı bizi bağlamaz, bizə dövlət olaraq, bu qonşular arasında da sülh və mehriban qonşuluq əlaqələri lazımdır.
İran İslam inqilabından sonra qapalı rejim olsa da, məsələn, Şimali Koreyaya bənzəməz. İran içi-çölü ilə o qədər mürəkkəb sistemdir ki, onun təhlil edib nəticəyə varmaq çətindir. Rəisi dünya siyasətində xüsusi ağırlığı olmayan prezident idi. Amma bu, onun şəxsinə bağlı məsələ də deyildi. İrandan kənara çıxmayan Ali Dini Liderin yönləndirdiyi ölkədə məhdud səlahiyyəti olan prezident ölkəni xariclə əlaqələndirən vasitəçidir. Bu səbəbdən İran prezidentləri heç vaxt dünya liderləri sırasında yer tutmağa həvəslənmir. Rəisidən əvvəlki prezident Həsən Ruhani zamanında, 2016-2017-ci illərdə İran, Avropa Birliyi və ABŞ nüvə razılaşması üçün masaya oturdu. Ruhani hökumətinin bir az da gülərüz olan o vaxtkı xarici işlər naziri Məhəmməd Cavad Zərif avropalıların və ABŞ dövlət katibi Con Kerrinin əhatəsində fərqli görünürdü, amma tablo İran və dünya üçün lazımlı idi. Təəssüf ki, Tramp Ağ Evə gələn kimi bu tarixi razılaşmanın üstündən xətt çəkdi, indiyədək də bunun tutarlı səbəbini deyə bilmir...
Rəisinin Xudafərində Azərbaycan-İran əlaqələri haqda bəyənilən çıxışı əlbəttə ki, sırf özünün mövqeyi hesab oluna bilməzdi, bu, dövlət ərkanı ilə ümumi razılaşdırılmış tezislər idi. Azərbaycan-İran münasibətləri zaman-zaman sınaqlara məruz qalması da gerçəklikdir, amma şükür ki, həm Bakı, həm Tehran bu münasibətlərin qırılmaması üçün diplomatik çaba sərf edərək iki qonşu dövlət arasında normallaşmanı saxlaya bilirlər.
Dünya siyasətində elə bir mürəkkəb zaman yaşanır ki, hətta məsələn, NATO və Avropa Birliyi kimi monolit görünən birliklərdə çatlar yaranır. Qonşuluqda da iki fərqli rejimlərin, amma tarixi baxımdan çox yaxın dövlətlərin arasında gərginliklər olması bəlkə də təəccüblü deyil. Zamanında dünya mediası belə iddia edirdi ki, guya Azərbaycan öz ərazisindən İrana Qərbin hərbi müdaxiləsinə razılıq verə bilər. Prezident İlham Əliyev isə münasibətlərdən asılı olmayaraq, heç vaxt qonşu İrana hərbi müdaxilə üçün fürsət verilməyəcəyini bəyan edib. Bu “Bizim sözümüz sənəddir” deyən Prezident Əliyevin dəyişməz mövqeyidir və bəlkə də başqa dövlət bizim yerimizdə tam fərqli mövqe tutardı. Məsələn, Qərbin müdaxiləsi mövzusu aktual olanda İrana hücum planın Ermənistandan mümkün olacağı haqda da çox yazırdılar. Bu plan indi gündəmdə deyil, amma Qərbin Ermənistanla gizli oyunları, bölgəyə hərbi qüvvələr yerləşdirmək cəhdi İranı narahat etməkdədir. İrana bunu bölgəyə təhlükə kimi deyir, amma onun da fərqindədir ki, Qərb Ermənistanda daha ciddi hərbi qüvvələr yerləşdirərsə, bu birbaşa Tehranın təhlükəsizliyinə təhdiddir. Paşinyanın Rəisinin dəfninə getməsi qonşuluqda təqdir ediləsi addımdır. Amma bu, Ermənistanın nə vaxtsa İrana arxadan zərbə vurmayacağına zəmanət vermir. İran da bunu bilir...
İran dövlət rəsmilərinin qəzada həlak olmasının şokunu tezliklə adladacaq. Azərbaycan da İran rəsmiləri ilə vida mərasimində ən yüksək səviyyədə təmsil olundu. İndən sonra əsas odur ki, bu mövzuda mümkün spekulyasiyalar bu dövlətin qonşuları, xüsusilə Azərbaycanla münasibətlərinə xələl gətirməsin. Rəsmi Bakı bunu arzulayır və Tehranda da fərqli düşünmədiklərini dünyasını dəyişən Rəisinin son açıqlamaları da təsdiq edirdi...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ