Onlayn ictimai-siyasi qəzet
Zelenskinin başına “pis iş” gələrsə, bundan təəssüflənməyəcək beş adam varsa, onların sırasındayam. Zelenskinin başına “pis iş” əslində, çoxdan gəlib. Ölkəsi müharibəyə cəlb edilib, bu fəlakət ssenarisində Putin qədər onun da tarixi məsuliyyət və suçu var. Yenidən “sandıq içi” açmağa gərək yox, bu prosesləri izləyənlər də təsdiq edir ki, əgər Zelenski Qərbin ağılsız və açıq-aşkar Rusiyanı qızışdıran planlarının içində yer almasaydı, indi Ukrayna əraziləri viran qalmaz, xalq didərgin düşməz, ölkə ağır məğlubiyyətin astanasına dirənməzdi. Pisi həm də odur ki, Zelenski mümkün prezident seçkilərində yenidən namizəd olmaq istəyir.
Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak bəyan edib ki, “Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir”. Daha qəribəsi Podalyakın buna izahatdır: “Çünki o, ölkəni müharibədən necə çıxaracağını bilir və xarici siyasətdə də effektivli fəaliyyətini sübut edib”.
Zelenski bir müddət əvvəl də ölkəsində silahlı münaqişə davam edərsə, ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini “müharibə zamanı mən qaça bilmərəm” sözləri ilə izah etmişdi. Axı Ukraynadakı silahlı münaqişənin yaxın gələcəkdə bitməyəcəyinə belə inam haradan qaynaqlanır? Zelenski onun fərqindədir ki, Qərb Rusiyanın indi qalib gəlməsinə icazə vermək istəmir və ona hələ ehtiyac duyulacaq...
Podolyak anlaqlı adamdır, baş verənlərə ağıllı və soyuqqanlı münasibət bildirə bilər. Aydındır ki, Zelenski təkcə özünü yox, hakimiyyətdəki bütün kadrlarını risk altına qoyub. Ona görə hakimiyyətdəkilərə də sərf edir ki, nə yollar olursa-olsun Zelenski rejimi dəyişməsin.
Bəllidir ki, Ukraynada prezident seçkiləri 2024-cü ilin martında keçirilməli idi, lakin ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenskinin beş illik səlahiyyət müddəti may ayında başa çatıb. ABŞ bir çox səbəbdən onunla yola davam etmək istəmir, ona görə seçkini keçirməsini istəyir ki, onunla üzülüşsün. Trampın şouya marağı olsa da, Zelenski onun tipi deyil. Zelenski Putinlə danışıqların olmaması üçün əvvəldən hər şeyi edib, onunla masaya oturmayacağı haqda qanun da qəbul edib. Putin də məhz onunla masaya oturmamaq niyyətindədir. Son aylar bir neçə dəfə açıq bəyan edib ki, Zelenskini legitim prezident hesab etmir. Zelenski ilə davam etməyin mümkünsüzlüyünü ukraynalı siyasətçilər də duyuq düşüb. Trampın qələbəsindən sonra bəzi siyasətçilər internetin Ukrayna seqmetində fəallaşıblar, Ağ Evin yeni hökumətinin diqqətini cəlb etmək üçün yarışırlar. Zelenskinin isə bu vəziyyətdən də çıxış yolları var. Məsələn, ABŞ-ın çox israr etdiyi prezident seçkisində elektron səsvermənin istifadəsi onun hakimiyyətdə qalmasında mümkün variant kimi görünür. Hərbi qulluqçular və xaricdəki qaçqınlar üçün prezident seçkilərində elektron səsvermə tətbiq olunarsa, Zelenski istədiyi “nəticəni ala bilər”.
Müxalifət artıq belə səsvermənin idarə olunmasının çətin olduğuna işarə edir. Müharibədə uğursuz komandan olan Zelenskini Tramp təsadüfən “diktator” adlandırmayıb. Ən müxtəlif mənbələr təsdiqləyir ki, Ukraynada hər şey Zelenskinin ciddi nəzarəti altındadır və ölkədə heç bir dövlət orqanı tam fəaliyyət göstərmir.
Avropa liderləri də Zelenskindən indi möhkəm yapışıblar və bu, onu yenidən hakimiyyətdə qalmağa həvəsləndirir. Bir neçə gün əvvəl Britaniyanın “The Economist” nəşri Ukrayna hökumətindəki mənbələrə istinadən yazmışdı ki, Zelenski artıq ikinci müddətə seçilmək üçün ciddi hazırlıqlara başlayıb. Məqalədə deyilir ki, Zelenski qısa müddət ərzində sürətli kampaniya apara bilsə, bu ona ciddi rəqiblərin seçkiyə qatılmasının qarşısını almaq imkanı verəcək.
Amma hələ ki müharibə daha şiddətli davam etməkdədir. Ukrayna sərhədyani bölgələrdə(Kursk və Belqorodda) Rusiyaya təzyiqlər edir. Rusiya isə Ukraynaya qoşun göndərmək istəyən Avropa liderlərini qorxutmaq üçün xüsusilə Kiyevə raket hücumlarının sayını artırıb, indi hər gün ən müxtəlif bölgələrdə onlarla dinc əhalinin öldürülməsi xəbəri gəlir. Bu hücumlar Ukrayna ərazisinə gələn istənilən hərbi kontingentin Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəfə” çevriləcəyinin anonsudur ki, bunun bədəlini dinc ukraynalılar ödəyir...
ABŞ isə Ukrayna liderinin gələcəyi ilə bağlı şərh verməkdən imtina edib. Son olaraq Ağ Evin sözçüsü münaqişə həll olunarsa, Zelenskinin taleyi ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Çinin “Tencent” portalında isə Zelenskinin sonun Qəzzafi və Səddam Hüseyn kimi ola biləci yazılıb. Məqalədə vurğulanır ki, Ukraynadakı siyasi və sosial vəziyyət Zelenski üçün getdikcə daha təhlükəli xarakter alır.
Görünür, bir çox suallara cavab tapmaq üçün bir az da gözləmək lazım gələcək.
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ