İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir zəngə aldanan dünya

Tramp bəlkə də bir gün Zelenski kimi Putinə də “sən hakimiyyətdən getməsən, heç nə düzəlməyəcək” deyəcək...

Son 24 saatda dünyanın əsas xəbər agentliklərinin, siyasət və “beyin mərkəzləri”nin Trampla Putinin telefon danışığına kilidlənməsi doğrusu, anlaşılan deyildi. Çünki həm ABŞ, həm Rusiya supergüc ölkələr sayılsalar da, dünyanın yaralarına məlhəm olmaq, Yer kürəsi insanlarını təhlükədən sığortalamaq və ya Ukraynada, Qəzzada, Yəməndə axar qanı durdurmaq gücündə deyillər. İp yumağı əldən qaçıb, onu yenidən nəinki bir güclü əldə, bir neçə əldə də toparlamaq asan deyil. 

Screenshot_4.png (130 KB)

Mənə görə, hakimiyyətə gedən yolunu əngəlləmək üçün bu gün universitet diplomununun ləğvinə qərar verilmiş İstanbul meri Əkrəm İmamoğlunun Türkiyədə üzləşdiyi problemin bir səbəbi də həm də bu güclü ölkələrin liderlərinin ədalətsiz idarəetməsi, qaba davranışları, antidemokratik qərarlarıdır. Bu qərar barədə hələ ki, bu qədər...

Bu telefon zəngi Donald Trampın Ağ Evə qayıtmasından sayca ikincidir. Rusiya və ABŞ prezidentləri arasında əvvəlki dialoq fevralın 12-də baş tutub və 1,5 saat davam edib. 2 saat 28 dəqiqə davam edən və “çox yaxşı” qiymətləndirilən bugünkü təmaslar isə Rusiya və ABŞ liderləri arasında indiyədək olan ən uzun telefon söhbəti kimi tarixə keçib.  

maxresdefault (1).jpg (66 KB) 

Telefon danışığının bəzi təfərrüatları hələ açıqlanmayacaq. Niyə “hələ” deyirik, çünki Trampı digər liderlərdən fərqləndirən açıq sözlü olmasıdır, baxmayaraq ki, bəziləri bunu “sakat diplomatiya və ya “bez tormoza”” kimi dəyərlərləndirilir. Ona görə Trampa nəzərən əməinliklə demək olar ki, “iki kişinin bildiyi sirr deyil” deyimini bu telefon söhbətinə də aid etmək olar... 

maxresdefault.jpg (114 KB)

Bilinən isə budur ki, liderlər iki ölkə arasında münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Putin Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna zərbələrdən 30 günlük qarşılıqlı imtina etməsi ideyasını dəstəkləyib və artıq Ali Baş Komandan kimi orduya belə bir əmr verib. Danışıqların digər nəticəsi Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsidir. Hərbi əsirlər hər iki tərəfdən 175 nəfər olmaqla dəyişdiriləcək. Bundan əlavə, Rusiya 23 ağır yaralı ukraynalı hərbçini də Kiyevə təhvil verəcək.

Kursk vilayətində mühasirədə qalan ukraynalı hərbçilərin taleyinə gəlincə, Trampın onların həyatları ilə bağlı müraciəti ilə əlaqədar Putin deyib ki, onlar təslim olarsa, Rusiya qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq həyatlarına zəmanət veriləcək. Rusiya prezidenti münaqişənin hərtərəfli həlli üçün amerikalı tərəfdaşları ilə birgə işləməyə hazır olduğunu bəyan edib.

Trampa qalsa, Putinlə üzbəüz görüşmək istərdi, amma yaxın ətrafı bunu indi Ağ Evə ittihamların artacağından, xüsusilə ABŞ-ın yeni administrasiyasından narazı qalıb “zəncir çeynəyən” Avropa liderlərinin narazılığını daha da artırmamaq üçün məsləhət bilmədilər. Həm Putin, həm Tramp “bədən dilinə” üstünlük verən, onlardan anlayan liderlərdir, ona görə bu görüşə mütləq ehtiyac olacaq, bəlkə də üçüncü dəfə telefonla yox, üzbəüz görüşsünlər. 

37fa695e0ed5e4be791d61774f3bbb4c_o.jpg (213 KB)

Onların Ukrayna mövzusunda hansı məsələlər üzərində müzakirə aparacaqlarını ötən həftə Moskvada olan və Putinlə görüşdüyü deyilən Trampın xüsusi nümayəndəsi Uitkoffla razılaşdırıldığı güman edilir. Telefon danışığı ərəfəsində ən müxtəlif iddialar havada “uçuşurdu”. Zaporojye AES-in Ukrayna ilə birgə istifadəsindən tutmuş Odessa limanın Rusiyanın nəzarətinə keçəcəyinə qədər iddiaların hansı gerçək, hansı yalandır, bilinmir. Bunlar bir telefon danışığında da həll ediləcək, qərar qəbul olanacaq məsələlər də deyil. Ona görə ehtimal ki, bu telefon danışığında üst-üstə düşən və düşməyən ümumi mövqelər aydınlaşıb. Trampın münaqişə ilə bağlı mövqeyi aşağı-yuxarı bəllidir: Ukrayna ərazi güzəştinə getməsi bunların yalnız biridir, arxasından Rusiyanın sülh üçün tələbləri var və sairə. Ona görə Tramp telefon zəngindən əvvəl bəzi Avropa liderləri ilə də danışıb, yəni aydın görünür ki, əvvəl Ukrayna ilə bağlı mövqelərini az qala iqnor edən Ağ Ev adminstrasiyası indi onlara da qulaq vermək, ən azı hərəkətlərini izləmək məcburiyyətini anlayır.

Tramp Ukrayna müharibəsini dərhal durdura biləcəyini deyəndə nə qədər yanlış düşündüyünün fərqində olduqca, bu danışıqlar da ziqzaqvari gedəcək, bəlkə də bir gün Zelenski kimi Putinə də “sən hakimiyyətdən getməsən, heç nə düzəlməyəcək” deyəcək...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR