Onlayn ictimai-siyasi qəzet
Ötən həftəsonu deyəsən, İtaliya çempionatı idi komandalardan biri 11 metrlik zərbə (bundan sonra penalti yazacağam)vurmaq hüququ qazandı. Çoxdandır belə səhnə görmürdüm, ya da indi xatırladım, gərək ki, milli komandanın oyununda penalti üçün Şeydayevlə Toral belə bir dartışma yaratmışdılar. İtaliyada isə penaltini vurmaq uğrunda 2 yox, 4-5 nəfər dartışırdı.
Kim gəldi, xeyri olmadı, topu əvvəl götürəndən ala bilmədilər. Heç biz uşaqlıqda penalti vurmağa görə bu qədər dartışmazdıq, səhnə o baxımdan da maraqlı idi. Səsli dedim ki, bu qədər qarğaşadan sonra “qan ayağını tutacaq” və zərbəni dəqiq vura bilməyəcək, oyunçular da hirslənib ona bir təpik ilişdirəcəklər. Amma adamın haqqını vermək lazım, penaltini yaxşı vurdu. Demək özünə arxayın imiş. İndi hər futbolçu qapıya dəqiq zərbə vuracağına bu qədər arxayın olmur.
Çempionlar Liqasının və Avroliqanın son turunda “Atletiko”-“Real”, sonra isə “Reycens”lə “Fənərbaxça” arasında qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac oldu. Penaltilər seriyasına lotereya deyirlər, amma bu “maskirovka”dır, yəni bu cür vacib qarşılaşmada topu qapıdan keçirə bilməyənlər üçün təskinlikdən başqa bir şey deyil. Necə yanı lotereya? O cür düşünsək, gərək elə bütün futbolu bəxtə bağlı hesab edək. Futbolçunun işi 9 metrlik qapıya topu dəqiq vurmaqdır. “Rekaşet”, avtoqol, ya da “Atletiko”nun hesaba alınmayan penaltisindəki kimi ayaq sürüşməsi bəxt və ya bəxtsizlik hesab oluna bilər. Amma penalti lotereya deyil. Bu, iki nəfərin duelidir.
Penaltini dəf edən qapıçılar var, amma son vaxtlar onların da sayı çox azdır. Söhbət əlbəttə ki, bizim baxdığımız Avropa turnirlərindən gedir. İndi Avropa meydanlarında ən ciddi problemlərdən biri futbolçunun penaltini vura bilməməsidir. İndiyədək çox məşhur futbolçular həm də çox həlledici məqamda topu penaltidən yan vurublar. “Real”ın ulduz braziliyalı oyunçusu Vinisius Junior “Atletiko” ilə oyunun əsas vaxtının sonlarında qapıçı ilə dueldə(11 metrlik zərbədə) qalib gələ bilsəydi, klub əlavə 30 dəqiqə oynamaz, sonra isə penaltilərlə sınağa çəkilməzdi.
SSRİ çempionatı indiki Avropa standartlarından çox geridə qalırdı, amma nə sirdirsə, mükəmməl penalti vuranlar vardı. Biri elə bizim “Neftçi”dəki İqor Ponomaryov. 31 dəfə vurduğu penaltilərdən heç birini qaytaran olmayıb. O SSRİ-nin olimpiya yığmasında da oynayırdı və bu penaltiləri təkcə “Neftçi” də vurmayıb.
Ümumiyyətlə isə SSRİ çempionatı tarixində ən yaxşı penalti vuran oyunçulardan biri də “Çernomorets”in futbolçusu Vladimir Ploskin olub. Ploskinin 34 penaltisindən birini qola çevirə bilməyib. Ploskinin bir penalti zərbəsini Moskva “Spartak”ının qapıçısı Rinat Dasayev dəf edə bilib. Başqa turnirlərdə (SSRİ kuboku, yoldaşlıq görüşləri) keçirilmiş oyunları da nəzərə alsaq, vurulan penaltilərin ümumi sayına görə rekordçu ardıcıl 33 dəfə qapıçını məyus edən Moskva “Spartak”ının hücumçusu Georgi Qlazkov sayılır.
Penalti vuran futbolçudan danışırıqsa, yarımmüdafiəçi mövqeyində oynayan Yuri Qavrilovu yada salmamaq olmaz. O, dəfələrlə SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına daxil edilmişdi, həm də yığmada da oynayırdı. Onu görən gözüm yox idi, əvvəla “Neftçi”nin əzəli rəqiblərindən olan “Spartak”da oynadığı üçün. Amma əsas səbəb onun zərgər dəqiqliyi ilə etdiyi ötürmələri və penalti zərbəsi idi. Penaltini Qavrilov vuracaqdırsa, baxmağa gərək yox idi, top qapıda olacaqdı. Həm də Qavrilov penaltinin qapıya vurmurdu e, qapıçını aldadıb topu diyirləyirdi.
Azərbaycan klublarında penalti vurmaq üçün xüsusi məşqlər(məşqçilər) var, ya yox demək çətindir, yəni ola da bilər, olmaya da. Çünki penalti hər oyunda təyin edilən cərimə zərbəsi deyil ki... “Qarabağ” da bu zərbələri əsasən Toral Bayramov icra edir. Milli komandanın oyunlarını izləmək zövq vermədiyi üçün bu sarıdan bilgim yoxdur. Amma bu penalti nədirsə, onu dəqiq vurmağı öyrənmək lazımdır. Çünki 10 il futbol oynayıb baxımlı qollar vurarsan, amma gün gələr bir 11 metrlik zərbəni qaçırarsan, illərlə ondan danışarlar...
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ