Onlayn ictimai-siyasi qəzet
8 may. Hər bu tarix yer öz oxu ətrafında fırlanıb gələndə dünya adamın başına yıxılardı. Həmin gün nə deyəcəklərini də əzbərləmişdik: “Gün o gün olsun ki, Çıdır düzündə...”, “Şuşa xəyanətin qurbanı oldu...”, “Rəhim Qazıyev niyə başına güllə vurmadı...” Nə qədər olardı belə yaşamaq? İndi Bakıda mühakimə olunan o ermənilər... Cəmi 5 il əvvəl sənin vətənində qol götürüb oynayırdılar, bundan daha böyük utancmı olardı? Ata-babanın işğaldakı qəbirlərində sümükləri də yanırsa, sən ümumiyyətlə necə “yaşayıram” deyə bilmisən?
8 may. 1992-ci il. Şuşanın işğalı. Azərbaycan tarixinin ən qara səhifələrindən biri... 29 il hər 8 mayda yaşamışıq bu utanc tarxini. 8 may tarixini həmişə fərqli yad etmişik. Fərqli münasibət olub Şuşaya. Pasportumuzda heç dəyişməyən Şuşa qeydiyyatını görən DYP cəriməmizi görməzdən gəlib. Həmin adama görə yox, Şuşaya görə... Hələ “şuşalıyam” adını qorumaq da var- indi qəribə gələ bilər, amma bu da olub. Birini deyirəm: şuşalı toyda oynamaz... Bəlkə də üzə deməsələr də, şuşalı oynayanda qıraqdan baxıb qınayıblar da...Şuşa işğaldaykən, necə oynamaq olardı axı Allahım?
Hər ötən il bizi Şuşadan uzaqlaşdırmırdı, əksinə bu dərd daha da adamı özünə çəkər, yaxasından yapışar, çərlədərdi. Mənim 2019-cu ilin noyabrında yazdığım Şuşaya virtual səfər yazım həm də 8 may tarixinə bir üsyan idi. Bizim qələmimim vardı, yazırdıq, dərdimizi bir az yüngülləşdirirdik. Çoxları isə bu tarixə uduzdu- Pirşağıdakı “şuşalılar qəbiristanlığı” son nəfəsində “Şuşada ölə bilmədik” deyənlərlə doludur...
Heç Şuşanı görməyən uşaqlarımıza hər şeydən öncə “şuşalıyam” deməyi öyrədirdik. Amma “məni Şuşaya niyə aparmırsan” sualı qarşısında susmaqdan başqa çarəmiz qalmazdı. Uşaqlar da böyüyər, gerçəyi öyrənər, elə biz qədər dərdlənməyə başlayırdlar. Biz uşaqlarımızı Şuşasız Azərbaycan boyda ağır yükün altında qoyub getməməliydik!
Son illər tez-tez “Şuşa daha birdəfəlik getdi...” eşitməkdəydik. Gəlib-gedən Minsk Qrupuna, mənasız danışıqlara daha inam qalmamışdı. “Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu da son illərin ən çox işlədilən fikirlərindən biri, bəlkə də birincisi idi.
2016-cı ilin aprel döyüşlərində “niyə hərbi əməliyyatlar yarımçıq dayandı, niyə irəli getmədik” dedik. Yenə ümidsizlik, yenə həmsədrlər...Şuşa sən demə, o müzakirə masasında heç yoxmuş. “Şuşada Azərbaycan bayrağı o zaman dalğalanacaq ki, burada bəlkə konsulluq binası açasız”-ermənilər deyirmişlər bunu da. Düşmən Şuşanı əbədi caynaqlarına keçirdiklərinə özlərini elə inandırmışdılar ki...
27 sentyabrda başlayan Vətən müharibəsinin hər saatını “Şuşa da işğaldan mütləq qurtulacaq” ümidi ilə yaşadıq. Hər işğaldan azad kənd bizi Şuşaya yaxınlaşdırırdı. “Amma”lar, “bəlkə...”lər də vardı. Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deməklə “amma” və “bəlkə”lərin üzərinə xətt çəkdi.
Çətin oldu “Şuşa, sən azadsan! ” xəbərini gözləmək. O xəbəri qulağınla eşitmək xoşbəxtliyi...29 illik ayrılığın bitdiyini bildirən 8 noyabr günü! Qələbəyə həsrət, Şuşaya həsrət xalqın bayramı! Möcüzə kimi bir gün...
Şuşa azaddır! Doğrudan, yəni?! Ali Baş Komandana Şuşadan məruzə edilir, bayrağımız Şuşada! Gövhərağa məscidində xüsusu təyinatlımız azan oxuyur...Belə bir möcüzəni yaşamaq qismətimizdə varmış sən demə... 8 may utancından, 8 noyabr zəfərinə aparan yol uzun, ağrılı oldu. Amma oldu!
Biz yaşayaq, başımızı dik tutaq deyə, canlarından keçən şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq...Onlar Şuşanı Azərbaycana qaytarmardılar təkcə, xalqın 29 illik əzilmiş, təhqir edilmiş qürurunu xilas etdilər! Şuşa və digər torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirik!
...8 may, digər işğal tarixləri kimi travmadır. Biz bu travmadan tezliklə qurtulmayacaq. Çünki zərbəsi dərin, çox ağrılı oldu.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ