İnsanlara hürriyət, millətlərə istiqlal!

“Beşdən böyük” Türkiyə - Türk olmaq zoru...

Niyə NATO-nun ən qüdrətli iki ölkəsindən biri Türkiyə BMT-də müsəlman ölkələrin təmsilçisi olmasın?

Antalyada bu gün başlayan Diplomatik Forumda iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun Antalyadakı ilk qeydlərində tədbirin əhəmiyyətini haqlı olaraq belə qiymətləndirib: “Forumun mövzusu bu dəfə birbaşa dünyanın bu günü ilə səsləşir – “Parçalanmış dünyada diplomatiyanın bərpası”. Bəli, savaşlar içində çabalayan bir planet – Rusiya-Ukrayna, Qəzza, Suriya, Cənubi Qafqaz… Dünya yanır və Türkiyə bu alovun içində bir çağırış edir: savaşma, danış!”

Savaşlardan söz düşmüşkən, məndən soruşsanız, “Türkiyəyə ilk vurğunluğum Kardak adaları krizində başladı” deyərdim. 1996-cı ilin yanvarıydı gərək ki... Azərbaycan Qarabağı və ətraf rayonları itirmişdi. Ağır günlər yaşayırdıq. Ümidsizlik hər yerdə adamı təqib edirdi. Belə bir vaxtda Türkiyə Kardak adalarına görə Yunanıstanla savaş vəziyyətinə gəlmişdilər. Kardak adaları itirdiyimiz Qarabağın bəlkə də bir ovucu edərdi. Yunanlar oraya öz bayraqlarını sancmışdılar. Ölkə ayaqda, ordu tətikdə idi. Xüsusilə Türkiyə ordusuna heyranıq vardı Azərbaycanda . Azərbaycan 30 il əvvəlki ölkə deyil, indi onun Topxanası ilə bərabər, topu da, uzaq vuran raketi də, təyyarəsi də, PUA-sı da var. Dünyada sözünə qüvvət verəcək dövlətlər də, Türkiyə kimi arxalanacaq qardaşı var.

Türkiyə Cümhuriyyəti Atatürkün əsəridir, böyük komandan və Qazinin. Biz də onu Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə kimi, Azərbaycanın dövlət olaraq qorunmasında və möhkəmlənməsində əvəzsiz xidməti olan Heydər Əliyev kimi sayğı ilə anırıq, dövlət yaradan və qoruyan kişilər seçilmiş şəxsiyyətlərdir. Türkiyə torpağında uyuyan Cümhuriyyət qurucularımız da yad torpaqda deyillər, öz yurdlarında əbədi yatırlar.

Dünyada ciddi böhranlar var, bu savaşlarda günahsız insanlar, cocuqlar ölür. Türkiyə böyük bir arealda öz sözü olan dövlətdir, bu siyasət aqressiv deyil, barışdırıcı xətdir. Türkiyə qapılarını savaşanlara barışmaq olmasa da, heç olmasa danışmaq, anlaşmaq üçün hər zaman açır, ənənəvi Antalya Forum da bu niyyətin təsdiqidir. Amma indi dünyanın maraqları o qədər qəlizləşib ki, bu missiya hər zaman alınmaya da bilər. Məsələn, savaşın ilk aylarında İstanbuldakı Rusiya-Ukrayna danışıqları nəticə vermişdi, amma razılaşmanın işləməsinə imkan vermədilər. Bu səbəbdən təkcə döyüşən hərbçilər deyil, dinc əhali də hələ bu savaşın qurbanı olmaqda davam edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq sistemin ədalətsizliyini ən çox hədəf alan, dağıdıcı qlobal güclərə meydan oxuyan barmaqla sayılacaq liderlərdən biridir. Ərdoğan “Dünya beşdən böyükdür” deyib beynəlxalq sistemin dəyişməli olduğunu dəfələrlə bəyan edib. Türkiyə lideri BMT Təhlükəsizlik Şurasında müsəlman ölkələrin veto hüququna sahib olmasının zəruri olduğunu bildirir. Haqsızdırmı? Niyə NATO-nun ən qüdrətli iki ölkəsindən biri olan Türkiyə BMT-də müsəlman ölkələrin təmsilçisi olmasın? Son gəlişmələr də sübut etdi ki, Türkiyəni dışlamaq siyasəti yanlışdır, dünya bundan heç nə qazanmır, əksinə itirir.

Aydındır ki, Türkiyənin bədxahları da çoxdur, hətta bəzi müttəfiq ölkələri belə onun daha da güclənməsini istəmirlər. Yalançı rəvayətlər uydurulur: guya ki, Türkiyə Osmanlının sərhədlərini bərpasını istəyir, Turan dövləti yaradır və sairə. Türkiyə dövləti olaraq çoxlarının gözünü qorxudur, amma daha çoxu bu uğurlara görə sevinir, hətta son ümid yerini Türkiyəni bilənlər də var.

Türkiyənin dünyada, eləcə də Cənubi Qafqazda möhkəmlənməsi ən çox Azərbaycanın maraqlarına uyğundur. Amma o da bir gerçəklikdir ki, güclü Azərbaycan olmadan Türkiyə də bu regionda möhkəmlənə bilməz. Bu siyasət yəni bir-birinə bağlıdır. Prezident İlham Əliyevin 21 ili ötən hakimiyyətində də davranışları və siyasəti zatən bu yöndə olub. İlham Əliyev bir müddət əvvəl yeni dövrün Azərbaycanının yeni hədəflərini açıqlayarkən xüsusi qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır. Azərbaycan və Türkiyə mühüm addımları ilə türk dünyasının həmrəyliyinə davamlı töhfələr verirlər. Hazırda türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dünya bu birliyi hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.

Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə türk dünyasının birliyinin iki təməl dövləti Azərbaycan- Türkiyə, Əliyev-Ərdoğan tandemləridir. Bu gün Forum çərçivəsində iki ölkə lideri görüşüblər, amma yəqin ki, daha ətraflı müzakirələrə də ehtiyac olacaq.

Suat İlhanın “Türk olmaq zordur, çünki dünya ilə savaşırsan. Türk olmamaq daha zordur, çünki Türk ilə savaşarsan” fikri həmişə olduğu kimi yenə də aktualdır. Bu fikirdə hər şey var, türk olmaq qüruru da, türk olmamaq zoru da...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR