Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Trampla Ukrayna lideri Zelenski arasında münaqişə uzun müddət idi ki, davam edirdi və nəhayət bütün dünyanın gözü qarşısında “partladı”. İndi bütün dünya həm də onu təhlil edir ki, bu 15 dəqiqəlik söz savaşında kim uddu, kim uduzdu, kim haqlı, kim haqsız göründü?
Zelenskinin səhvləri
Zelenski müharibənin davam etdiyi üç ildə Qərbi, xüsusilə ABŞ-ı Ukraynaya lazımı silahlarla, maliyyə ilə təmin etməməkdə qınadığı zamanlar olub. Zelenskinin əsas səhvi budur ki, yaxın zamanlarda Baydenlə rahat söhbət etdiyi, sonra da bir neçə milyard dollar almaq barədə qərar verildiyi sobanın qarşısında bu dəfə oturanda Amerika siyasətində artıq hər şeyin nə dərəcədə dəyişdiyini anlamadığını göstərdi. Bu anlamamağın nəticəsi olaraq da Tramp mübahisə zamanı elə sözlər seçib dedi ki, Zelenski “müharibə tərəfdarı”, “milyonlarla insanın taleyi ilə qumar(kart)oynadığı”, “amerikalıların dəstəyinə baxmayaraq, nankorluq etdiyi”, hətta “Üçüncü Dünya müharibəsi təhlükəsi yaratdığı” rəyi yaratdı. Trampa qarşı həm də publik olaraq bu cür sərt çıxmaq ağlını kim veribsə(davadan dərhal sonra məhz ilk Makronun zəngi şübhə çəkdi) Zelenskiyə pislik etdi, o da bu pisliyin içinə düşdü, həm də Trampdan da çevik təfəkkür sahibi vitse-prezident Vensin müdaxilələri ilə nə qədər çalışdısa vəziyyətdən çıxsın, alınmadı. Zelenskinin ən ciddi səhvi həm də bu oldu ki, dəqiq bilinmədi Amerikanı nədə ittiham edir. Bunun hamının bilməsi üçün məhz qiymətli metallarla bağlı sənədi məsələn, imzalamaq mərasimini gözləmək, “Amerika hətta bu sərvətin qarşılığında belə bizə təhlükəsizlik təminatı vermir” deyərək hay-küy yaratmaq, nümayişkarənə, hətta lotusayağı qələmi qırmaq da olardı. İndi tam bilinmədi ki, Zelenskinin acığına səbəb nədir: ABŞ-Rusiya danışıqlarına etiraz edir, müharibənin Ukrayna üçün ağır şərtlərlə dayandırılmasına, yoxsa Trampın təklif etdiyi sənədə, yoxsa ondan xərclədiyi pulların haqq-hesabını sormağa?
Zelenskinin ABŞ-ı qorxutmaq üçün Rusiyanı şişirtməsi cəhdi də anlamsız idi. Müharibə etdiyin, hətta hələ də qalib gəlmək istədiyin ölkəni “hər kəsin, hətta sizin də problemləriniz var. Sizin sadəcə gözəl okeanınız var ( yəni ABŞ-ı Rusiyadan ayırır) və hələ heç bir problem hiss etmirsiniz. Amma gələcəkdə siz onları hiss edəcəksiniz” hədəsi artıq idi. Həm də ABŞ-ın hərbi gücünü bilə-bilə müttəfiq olan ölkəni bu cür təhdid etmək cəhdləri gözlənilən reaksiyanı doğurdu, Tramp da, Vens də ona “öz gününə ağlaması”, əsgər çatışmazlığı, Amerikanın dəstəyi olmasa üç həftəyə məğlub olacaqlarını, ümumiyyətlə onun danışmağa haqqı olmadığı kimi aşağılayıcı ifadələr eşitməli oldu. Yeri gəlmişkən, Ağ Evdən çıxan kimi telekanalların birinə verdiyi müsahibəsində Zelenskinin “əsgərlərin atəşkəsə qulaq asmayacaqları, onları dayandırmağa məcbur edə bilməyəcəyini” kimi açıqlamaları da həmin günün uğursuzluğunun davamı hesab oluna bilər.
Zelenski nəyə nail ola bildi?
Zelenski dünya qarşısında onu göstərə bildi ki, Tramp Putinin tərəfindədir. Bunu Trampla görüşdən əvvəl də açıqlamalarında demişdi, ABŞ prezidentinin hətta “Putinin ağzı ilə danışdığına” açıq işarə də etmişdi. Bunu kameralar qarşısında da edə bildi, həm Vens, həm Tramp Rusiya əleyhinə sərt danışmadılar. Tramp isə Putinin sözlərinin arxasında duracağına inandığını dedi. ABŞ-ın yeni isteblişmenti onu anlamır ki, Putin nə edirsə-etsin bu müharibənin anti-qəhrəmanıdır, onu “reabilatasiya cəhdləri” əbəsdir. Rusiya ilə münasibətləri qaydaya salmaq, müharibəni dayandırmaq ayrı, Putini müdafiə etmək fərqli görüntüdür. Amerikanın indiki hakimiyyəti isə israrla bu reabiltasiyaya çalışır ki, zənnimcə, yanlışdır. O səhvi Zelenskinin sayəsində yenə etdilər. Bu Amerikadan fərqli kursa istiqamətlənmiş Avropaya Ukraynaya dəstək üçün stimul verdi, təsadüfi deyil ki, bu dueldən sonra Zelenskiyə dəstəklər gəldilər.
Tramp nə istəyirdi, nə oldu?
Zelenski imkan verdi ki, Tramp tonu və açıqlamaları ilə müharibənin bitməsinin açar(lar)ının Avropada deyil, ABŞ-da, konkret onun özündə olduğunu nümayiş etdirsin. Trampın əsas siyasəti ötən prezidentlik müddətində olduğu kimi daxili auditoriyaya işləməkdir. Onun yenidən prezident kürsüsünə qayıtmasının sirri də daxili auditoriyaya xitabları oldu. Amerikalı Trampın ilk hakimiyyəti illərində yaxşı yaşayırdı, indi də onu gözləyir. Trampın mübahisəsi ilə göstərdi ki, o, ABŞ-ın maraqları üçün mübarizə aparır, hətta “axmaq prezident” adlandırdığı Baydenin dövründə Ukraynaya verilmiş pulları artıqlaması ilə geri almağa çalışır. Trampın pula ehtiyacı yoxdur, amma onun amerikalılara vədləri var, ondan gözləntilər böyükdür, bunun üçün isə pul lazımdır. Ağ Ev sahibi Zelenskinin uğursuz “qol vurmaq cəhdindən” bir daha istifadə etdi, demokrtaların hakimiyyətini pislədi, özünün Amerika biznesinin maraqlarını qoruduğunun nümayiş etdirdi. Yaxınlarda bu debatın Trampın reytinqinə hansı müsbət təsirin olduğunu görə bilərik.
Zelenskiyə seçkilər zamanı Amerikaya səfəri, keçmiş prezident Co Bayden və Kamala Harrisin təbliğatına dəstəyini xatırladılması Ukrayna rəhbərinə qərəz və qəzəbi ələ verən ipucu idi, ABŞ-ın yeni hökuməti bu cür cılız arqumenti səsləndirməsi yanlış idi.
Nəticə
Bu tarixi söz, mövqe savaşı ABŞ-ın Ukraynadan üz döndərəcəyi anlamına gəlmir. Trampın baş verənlərdən sonra mediaya dedikləri də bunu təsdiq edir. Görünür, həm Makron, həm Britaniyanın baş naziri Trampla görüşlərində Zelenskinin istefasının indilikdə əhəmiyyətsiz olduğuna Trampı inandıra biliblər, ona görə bu Ukrayna liderinin isterikasını Ağ Ev “unuda” bilər. Zelenskini cəzalandırmaq üçün Ukrayna ordusunun bütün idarəetmə sistemini iflic edə biləcək İlon Maskın “Starlink”i söndürməsi kifayət edər...
O da var ki, Zelenski həm ABŞ-la danışıqlarda, həm də Ukrayna daxilində özünü dalana dirədi. Görək, vəziyyətdən necə çıxacaq...
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ