İnsanlara hürriyət, millətlərə istiqlal!

Rinqdə ölməsini istədikləri döyüşçü - Ukrayna...

Makron və Avropa liderləri qeyri-bərabər, həm də qaydasız döyüşdə stavka etdikləri idmançının məğlub olması ilə barışmayan, onun sonadək meydanda qalmasına çalışanlara bənzəyir

Nə qədər kədərli olsa da, Ukraynanın taleyi acgöz korrupsioner Co Baydendən sonra indi də Emmanuel Makron kimi birisinin əlində oyuncağa çevrilməkdədir. Fransa Avropada boynuyoğun dövlətdir, nüvə silahına sahibdir, NATO və BMT-nin 5 əsas üzvündən biridir. Amma Makron ABŞ-ı qarşısına ala biləcək o lider deyil, şəxsi və “səxssiz” keyfiyyətləri ilə Ukraynanın məhz indiki mərhələdə taleyini həll etmək səlahiyyət və məsuliyyətini üzərinə götürmək istəməsi sadəcə, uğursuz tamaşa, hətta nonsesdir. Afrikada kolonial siyasəti iflasa uğrayan Fransanın “kompensasiya kimi” Ukraynada yaxasını cırması, özünü dünyada guya haqq-ədalət tərəfdarı kimi göstərməsi təkcə səmimiyyətdən uzaq deyil, hətta simasızlıqdır, üzsüzlükdür. Azərbaycan-Ermənistan münaqişəsinin 30 illik tarixində bircə dəfə də həqiqəti dilə gətirməyən, işğalçıya hər cür dəstək verən, öz torpaqlarını azad etdiyi üçün Azərbaycana düşmən kəsilən Makron hakimiyyətinin Ukraynanın “xilası üçün” qollarını çirmələməsinin bir adı da yaramazlıqdır. 

zel-tram.jpg (382 KB)

Makron bu gün son 10 gündə ikinci dəfə Avropa ölkələrinin siyasi və maliyyə boslarını bir yerə yığaraq, Ukraynada müharibənin davam etməsi üçün yollar axtarıb. Zelenskini də yenə çağırıblar, ortalarında oturdublar. Zelenskinin “ağıl hocası” indi şübhə yoxdur ki, Makrondur. Onun Ağ Evdə etdiyi hərəkətlərdən bir az da “fransız təkəbbürü iyi” gəlirdi.

Bəllidir ki, Makron telekameralar qarşısına keçib fransızlara müraciət də edib. Deyib ki, Rusiyanı Fransa və Avropa qitəsi üçün əsas təhlükədir.

Makron Ukraynaya dəstəyin önəmindən danışıb, deyib ki, bu ölkəni məğlub olması ilə razılaşmayacaqlar, hətta ola bilsin, sülh sazişinin imzalanmasından sonra Avropa qoşunları Ukraynaya yerləşdirilsin. Makron o qədər irəli gedib ki, son aylar dünyada arxa plana keçirilmiş nüvə müharibəsi ritorikasını yeniləyib.Fransa prezidenti çıxışı zamanı bütün Avropa İttifaqını müdafiə etmək üçün ölkəsinin nüvə silahından istifadə ilə bağlı müzakirələrin açılması qərarını da açıqlayıb. Yəni bu tezisin əsas açması budur ki, Avropanın təhlükəsizliyinə baxmayaq səlahiyyəti Fransaya verilsin, Avropda nüvə düyməsinin açarı Makronda olsun, əlavə status qazansın. Yeri gəlmişkən, Makron Fransasının təxminən 300 nüvə döyüşü başlığı olduğu deyilir, bu da Rusiyanın 5200 nüvə başlığına rəqabətdə çətin ki, Avropanı qorumaqda işə yarasın...

Yəni çıxışının əsas tezislərində məqsədi ABŞ-dan fərqli görünmək olub. Makron hesab edir ki, Rusiya ilə gələcək qarşıdurma Avropanı indiki gərgin formada saxlamağın yeganə yoludur və Fransa bu mübarizədə aparıcı rol oynamaq istəyir. 

d2c0b385e77bc2120a36d72649682a91_o.jpg (94 KB)

Trampın “Avropa liderləri xəsislik ediliblər, Ukraynada əsas pulu biz xərcləmişik” deməsinə baxmayaraq, Avropa da bu müharibənin əsas sponsorlarından biridir, bu ölkələr də savaşa maya qoyublar. Onları aldatmışdılar ki, bu müharibə Rusiyanı zəiflədəcək, strateji məğlubiyyətə uğrayacaq, bazarlar sizə qalacaq, hətta sanksiyalardan sonra gəlib qarşınızda düz çökəcəklər. Bunların heç biri olmadı, maya batdı. Əvəzində Avropa özü zəiflədi, iqtisadiyyatı ciddi zərbələr aldı, əhalisinin sosial vəziyyəti pisləşdi, hökumətlərdən narazılıqlar artdı. Bunlar müharibənin davam etdiyi son üç ildə göz qarşısında olan faktlardır. Avropa Birliyinin Trampla müqayisədə Ukrayna müharibəsində sifətini qorumağa çalışdıqlarını qeyd etmişdim, amma Makronun davranışları, onun Ukraynanın yaralarını daha da dərinləşdirmək, hər gün cəbhə xəttindəki mənasız itkilərə baxmayaraq, onların müharibəni davam etdirmək istəmələri artıq sifət qorumaq deyil, nədirsə, başqa bir istəyin, sifətin üzə çıxmasıdır. 

avlider-.jpg (277 KB)

Tramp bir neçə gün əvvəl Makronla Ağ Evdə görüşmüşdü. Nə danışdılar, nə razılaşdılar, nələrdə razılaşmadılar bilinmədi. Bəlkə Tramp ikili oynayır: bir tərəfdən, sülh mesajı verir, o biri tərəfdən Avropadakı sadiq müttəfiqlərinə savaşa dəstəklərini davam etdirmələrini istəyir. Hər halda, indi vəziyyət bir az aydınlaşır. ABŞ Ukrayna müharibəsinin bitməsini, Makronun liderlik iddiasında olduğu Avropa isə davam etdirməsini istəyir.

Yanaşmalar fərqlidir: Avropa deyir ki, Rusiya Ukraynanın torpaqlarından çıxmasa, ədalətli sülh ola bilməz. Amerikanın yanışması isə real vəziyyətə daha yaxındır-istəyirlər ki, müharibə bitsin, Kiyev də, Moskva da güzəştə getsin. Nələri, bu hələ sonra bilinəcək. Bu gün isə Putin bəyan etdi ki, heç bir ərazi dəyişmək, güzəştdən söhbət gedə bilməz.

Bu müharibə qeyri-bərabər, həm də qaydasız döyüşdə stavka etdikləri idmançının məğlub olması ilə barışmayan, onu sonadək meydanda qalmasına çalışanlar haqda filmə bənzəyir. Nəhayətdə, o döyüşçü arenada ölür və azarkeşlər də, tərəflər də sakitləşirlər. Ukrayna indi də həmin döyüşçüyə çox oxşayır...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR