İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı dağıda biləcək “saatlı bomba”

Müsəlmanların təhqir edilməsi kimlərin sifarişidir?; Putini müharibədə indi də bu cür uduzdurmaq planı üzərində işləyirlər     

İyunun 3-də mülki geyimdə olan bir neçə nəfərin müsəlmanları və qafqzlıları təhqir etmiş Areq Ohenesyanın (Şepixin) Moskvanın Yaroslavsk  dəmiryolu vağzalında “yaxa-paça” dövlət nömrə nişanlı avtomobilin baqajına qoyması adi kriminal kimi də yozula bilərdi. Amma bu hadisə Rusiyada “milli məsələdə” az qala bütün daşları yerindən oynatdı.    

Screenshot_3.png (331 KB)

Bir adamın günün günorta çağı vağzal kimi izdihamlı məkandan nümayişkarənə aparılması videosunun sosial şəbəkələrdə yayılması böyük səs-küyə səbəb oldu. Elə həmin axşam   adamlar saxlanıldı, lakin Ohenesyan  maşında yox idi.  Məlum oldu  ki, təxribatçı bloger gecə saatlarında Yeni Moskva adlanan ərazidə sərbəst buraxılıbmış.  Maraqlıdır ki, bəzi Rusiya saytları təxribatçı erməninin ruhi xəstə, hətta “Dağlıq Qarabağdakı hadisələrdən ciddi təsirləndirdiyi” haqda rəy yaratmağa, dolayısı ilə onun əməllərinə haqq qazandırmağa çalışdılar.       

Dərhal o da bəlli olub ki, erməni təxribatçını avtomobilin baqajına atdıqları üçün saxlanılanlar Dövlət Dumasının deputatı,  Rusiya Qəhrəmanı Adam Delimxanovun yaxın ətrafıdır. Ramzan Kadırovun və ya digər çeçen məmurlarının yaxın adamlarının Moskvada özbaşınalıqlar yenilik deyil, amma bu dəfə çeçenlərin əməllərini müdafiə etmıyə sözləri vardı. Çünki sonradan boşadığı arvadının soyadına keçəcək qədər şəxsiyyətini itirmiş Şepixin (Ohenesyan) heç bir səbəb  olmadan müsəlmanları və qafqazlıları, eləcə də yəhudiləri  “Allahın xoşuna gəlməyən canlıya” bənzədərək təhqir etmişdi. 

Screenshot_5.png (597 KB)

Qalmaqal başlayandan dərhal sonra daha bir kuryoz ortaya çıxdı-deputat Delimxanovun tabeliyində olanlara danışıqları sosial şəbəkəyə sızdırıldı. Bəllidir ki, səs yazıları FTX, ya da Daxili İşlər Nazirliyinin dəstəyi olmadan yayıla bilməzdi. Bu isə artıq cinayət işi açılacağına işarə idi.  Bundan sonra isə Çeçenistan rəhbərliyi və Rusiya Müdafiə Nazirliyində idarə rəisinin müavini, general Apti Alaudinov( “Axmad” batalyonun rəhbəri və  Rusiya Qəhrəmanı) Ohenesyana qarşı hərəkətlərə haqq qazandırdılar. Deyiblər ki, bloger baqaja soxanlar əslində təxribatçını müsəlmanların qəzəbindən xilas ediblər. Baş verənlər təkcə Çeçenistanda deyil, Tatarıstandan Yakutiyaya,  Başqırdıstandan Şimali Qafqaza qədər bütün müsəlman icmalarının ciddi etirazlarına səbəb olub.   

Ohenesyanın barəsində  milli ədavəti qızışdırmaq ittihamı ilə iki aylıq həbs qərar verilib, çeçenlər isə azadlığa buraxılıb. Bu dəfə  isə  Soçi monastırının abbatı Qavril müsəlmanların qəzəbləndirən açıqlama verib. O, Moskvada müsəlmanların Qurban bayramından danışıb. “12 zolaqlı yolda hərəkət etmək imkanı olmur. Bütün məkan insanlarla dolur. Hamısı güləşlə məşğul olan, məşq üçün idman zallarına gedən sağlam kişilərdir. Bu,  böyük bir ordudur. Nə vaxtsa molla onlara  moskvalıları qırmağı əmr etsə, inanın ki, bunu tez yerinə yetirəcəklər”deyə, abbat İslam dininə və  müsəlmanlara qarşı mövqe tutub. Rusiya Müsəlmanları Ruhani İdarəsi  bu sözləri təxribat adlandırıb və Rusiya patriarxını keşişi cəzalandırmağa çağırıb. Qavrilin  görəvdən alınmasından sonra isə bu dəfə yüzlərlə radikal baxışlı  dindar olduğu deyilən gənclər Soçidə küçələrə çıxıblar və keşişin dərhal görəvə  qaytarılmasını tələb ediblər.  

Screenshot_4.png (408 KB)

Rusiya cəmiyyətdə müsbət imici olan Apti Aludinov yenə önə çıxıb, sosial şəbəkə üzərindən bütün ittihamlara cavab verib. O İslamı “düzgün olmayan” din hesab edən kilsə xadimini “debil” adlandırıb: “Hansısa  debil iki milyard müsəlmana bizim inancımızın səhv olduğunu söyləyir. Mənim bir sualım var: siz kimsəniz ki, belə şeylər deyirsiniz?” General  deyib ki, bu cür təxribatçı mövqe səsləndirənlər 30 milyon müsəlmanın yaşadığı Rusiyanı parçalamaq istəyənlərdir. O, müsəlmanlara qarşı etiraz aksiyası keçirən rus gənclərin hamısının sağlam cüssəli olduğunu deyib və sual edib ki, niyə onlar çeçenlər və digər müsəlmanlar kimi cəbhə bölgəsində deyillər?!   

***

Müharibədə müsəlmanların iştirakı Rusiya üçün çox həssas nöqtədir və  ilk günlərindən ön cəbhədə olan Aludinov sözü havaya demir. Bu faktı Putin də ötən üç il ərzində dəfələrlə vurğulayıb. Məhz Kremlin “adam oğurlayan” çeçenlərin buraxılmasına göstəriş verdiyi şübhə doğurmur.         

Screenshot_6.png (373 KB)

Bəzi versiyalara görə, çeçenlərin Moskvada “sözlərini deməsi” Çeçenistanda mümkün hakimiyyət dəyişikliyi ilə də əlaqəli ola bilər. Bəllidir ki, son ilyarımda səhhətinə görə istefaya gedəcəyi deyilən Ramzan Kadırovun kreslosu uğrunda mübarizə gedir. Kreml Kadırovdan sonra məsələn, Dağıstandakı kimi mərkəzi hakimiyyətin  nəzarətində olan fiqurla idarəetməyə meyllidir, amma Kadırov klanı buna müqavimət göstərir. Xüsusilə də “Axmat” ın cəbhədəki xidmətlərini tez-tez qabardılır. Putinin indilikdə çeçenlərlə hakimiyyət davası etməyə zamanı yoxdur, daha dəqiqi bunun zamanı olmadığının fərqindədir. 

Rusiyada Ukrayna müharibəsi səbəbindən millətçiliyi körükləmək əlbəttə ki, Kreml ideoloqlarının buraxdığı ən ciddi siyasi səhvdir. Bu barədə ötən yazılarda da qeyd etmişdik ki, rus cəmiyyətini ayaqda saxlamaq üçün müharibənin ilk ayıarında Rusiya hakimiyyəti ciddi çətinliklərlə üzləşdi, elitadakı “novarçılar”ın(müharibə əleyhdarları)etirazlarının cəmiyyətin aşağı təbəqəsinə də sirayət etməsinin qarşısını almaq lazım gəldi. Rusiya hakimiyyəti əsrlərin sınağından çıxan rus cəmiyyətinin “sarı sim”inə toxunmağa, rusların “bizi dövlət olaraq məhv etmək istəyirlər mozolu”na daha sərt basmağa başladı.

Milli ruhda təbliğatı gücləndirdi, Rusiyanın yaranış tarixindən tutmuş bugününə kimi sənədli filmlərin çəkilməsinə, müharibədə rus əsgərlərin, komandirlərin qəhrəmanlıq hekayələrinə yönəltdi. Dövlət Duması və digər qanunverici orqanlar  “xalqın təhlükəsizliyi üçün” Rusiyanı miqrantlardan təmizləməyə tam güc verdi və bu proses davam edir.

Screenshot_1.png (632 KB)

Rusiyada millətçiliyin həmişə iki əsas təzahürü olub. Onlardan biri  məsələn,  1913-cü il sərhədləri daxilində Rusiya imperiyasının ərazilərini bərpa etmək tərəfdarlarıdır. Digərləri isə əksinə, qəbilə düşüncəli millətçiləridir. Onlar hər şeydən “Rədd olsun Qafqaz!” şüarı ilə çıxış edirlər və guya “millətin qanının saflığına”can atırlar. Bu iki  təzahürə əsasən onların ideologiyasını da qiymətləndirmək olar.  Birincilər imperiya qurmaq niyyətli olsa da, prinsipcə güclü Rusiya dövləti tərəfdarlarıdırlar. İkincilər-hansı ki, bütün əlamətləri ilə indi ortaya çıxıblar- isə əksinə,  miqrasiyanın, çox konfessialığının  əleyhdarları olmaqla zərərli ideyalar irəli sürürlər, toplumların inanclarını təhqir edirlər. 

Ukraynada nüharibə başlamazdan iki ay əvvəl Putinlə Prezident yanında İnsan Haqları Şurasının üzvləri ilə görüşdə Rusiyada milli məsələyə aid  maraqlı müzakirə olmuşdu. Rusiyada o qədər də tanınmayan kinorejissor Aleksandr Sokurov Qafqaz xalqları haqda pessimist danımış belə bir qısa hadisə də danışmışdı: “Dağıstanda mənə deyirlər ki, Rusiya hamı ilə dava edir, amma bürokratiyanın, korrupsiyanın öhdəsindən gələ bilmir. Əgər  NATO ilə döyüşsəniz, biz sizin tərəfinizdə vuruşmayacağıq”.

Milli subyektlərdən danışarkən meydana “padşahlar çıxdığını”(yəqin ki,  ya Ramzan Kadırovu, ya da Rəis  adlandıran Tatarıstan  liderini nəzərdə tuturdu) deyərək, əsl “bomba”nı partlatmışdı: “Gəlin, artıq bizimlə eyni vəziyyətdə yaşamaq istəməyən hər kəsi azad buraxaq, onlara, bütün padişahlarına uğurlar arzu edək”.

Screenshot_2.png (647 KB)

Putin əsəblərini cilovlamağa çalışmış, SSRİ Konstitusiyasını yada salıb, orada hər bir respublikaya ittifaqdan çıxmaq hüquq verildiyini xatırlatmış və mətləbi müasir Rusiya üzərinə gətimiş və  “indi isə bizim vahid dövlətdən çıxmaq hüququmuz yoxdur” demişdi. O, Rusiyanın milli subyektləri ilə güclü olduğunu vurğulamışdı. ”Dedin ki, bizimlə yaşamaq istəməyən hər kəsi azad edək. Sən hardan bilirsən ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir?!” -Putin artıq qəzənini gizlədə bilməmişdi. Erməıni blogerin Ukrayna xüsusi kəşfiyyatının göstərişi ilə hərəkət  edə biləcəyi haqda ehtimallar var. Hadisələrin bu cür gedişi birbaşa  Kremlin maraqlarına yönəlmiş zərbədir.     

Müsəlmanlar Ukrayna torpağında vətəndaşı olduqları ölkənin hərbi əməliyyatlarında ürəklə “Vətən uğrunda!” deyirlər, amma  müharibə göstərdi ki, Sokurov haqlı deyilmiş, məsələn, onun misal gətirdiyi Dağıstanda bu savaşda ən azı 1450 itki verib, ölümündən sonra Rusiya Qəhrəmanı adı alanlar da var. 

“Mİllİ məsələ” Rusiya içərisində həmişə “saatlı bomba”dır və kimlərsə indi onun üzərində oyunlar aparır. Bu isə Rusiyaya müharibədən də ağır nəticə ilə başa gələ bilər...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR