İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistana azarkeşlik etməli...

Azərbaycan seçməsi son üç yoldaşlıq görüşündə qapısından 5 top buraxıb, bir dəfə də fərqlənə bilməyib;  “Ağ qurdlar” adlanan milli komanda necə oldu ki, yerli məşqçi ilə 2026 mundialına vəsiqə qazandı? 

Azərbaycan milli komandası Latviya ilə yoldaşlıq oyununda yenə də qələbəsizlik seriyasını qıra bilmədi. Bu dəfə uduzmadı, səfər oyunu qolsuz bərabərliklə başa çatdı. Bu həftə isə Özbəkistan millisi də heç-heçə(0:0) etdi, amma tarixində ilk dəfə mundiala, həm də vaxtından əvvəl vəsiqə qazanmağı bayram etdi. Bu barədə az sonra... 

Azərbaycan milli komandası ilə bağlı hər şey o qədər aydındır ki, onun oyununa baxmaq bəlkə də lazımsız əsəb gərginliyidir. (Sağ olsun mini futbolçularımız, dünya çempionu olmaqla bizi sevindirdilər). Son üç yoldaşlıq oyunun nəticəsi hər şey deyir: xəritədə yerini belə çətinliklə tapılan cırdan, üstəlik qeyri-sabit Haiti ilə yoldaşlıq görüşündən sonra(0:3) Belarusa da uduzdu(0:2). Son üç yoldaşlıq görüşündə qapısından 5 top buraxıb, bir dəfə də fərqlənə bilməyib.

Ötən ilin yayından milli komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssis Fernandu Santuş Belarusla oyundan sonra “karyeram boyu bu qədər uduzmamışdım” deyəndə əslində özünə deyil, Azərbaycana sitəm etmişdi. Milli komanda haqda artıq sözə gərək yox, amma Özbəkistan millisi barəsində yazmağı haqq edir.     

***

Bəllidir ki, 2026-cı il mundialı ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu mundialda final mərhələsində iştirakçıların sayı 32 komandadan 48-ə yüksəlib. Mənə qalsa, lazımsız işdir, amma mövzu bu deyil.   

Özbəkistanın mübarizə apardığı Asiya qitəsində 18 komanda üç qrupa bölünüb. Ən yaxşı iki komanda birbaşa DÇ-2026-ya vəsiqə qazanacaq.  Özbəkistan arzusunu gerçəkləşdirmək üçün ilk dörd turda( Şimali Koreya(1:0),  İran (0:0),  BƏƏ (1:0),  Qırğızıstan (1:0) 10 xal topladılar. Yeganə məğlubiyyət Qətərlə səfər oyununda oldu, rəqiblər də xal itirdilər, ona görə də sondan BƏƏ ilə heç-heçə oynamaq kifayət idi.

Komanda bu tarixi uğura 43 yaşlı Timur Kapadzenin rəhbərliyi altında nail oldu. Məsələn, Qırğızıstan, Tacikistan və Türkmənistan artıq mundiala vəsiqə qazanmaq şansını itirib. (Maraqlanan varsa, Azərbaycan DÇ-2026-nın seçmə mərhələsinə sentyabrda start verəcək). Deyim ki, keçmiş SSRİ məkanında Özbəksitan millisi mundiala vəsiqə qazanmış ilk və hələ ki yeganə komandadır. Özbəkistan millisi dünya çempionatının seçmə mərhələsində yeddi dəfə iştirak edib, hətta 2006, 2014 və 2018-ci ildə mundiala vəsiqə qazanmağa çox yaxın olub. Yəni bu uğuru nə qədər istəsən də, komandaların sayının artması ilə kölgələmək çətindir. Özbəkistan bu uğura doğru irəliləyirdi və qismət  2026 mundialı oldu.   

***

SSRİ çempionatına baxmış nəsil əlbəttə ki, Özbəkistan təmçilmçisi “Paxtakor” klubunu yaxşı xatıralayır. Maraq üçün statistikaya baxdım. “Neftçi” özbək klubu ilə SSRİ çempionatında ümumilikdə 54 oyun keçirib ki, bunun da 18-də “Paxtakor” qalib gəlib, 12 görüş heç-heçə başa çatıb, Azərbaycan klubu isə 24 dəfə qələbəni bayram edib.  

Sonuncu qarşılaşma Bakıda 1990-cı ilin aprelində olub- “Neftçi” “Paxtakor”a 3:0 qalib gəlib. Özbəkistan təmçsilçisinin ən yaxşı nəticəsi 1962-ci ildə olub-komanda SSRİ çempionatında 6-cı yeri tutub. 1968-ci ildə klub SSRİ kubokunun finalında Moskva “Torpedo” suna məğlub olsa da, bu, Orta Asiyadan olan komandanın SSRİ kubokunun finalında iştirak etdiyi yeganə faktdır.

Özbəıkistan”Paxtakor”undan danışıb, 1979-cu ilin 11 avqustunu xatırlatmamaq mümkün də deyil.  Bu klubun faciəsi haqda SSRİ əhalisi təxminən bir həftə sonra idman nəşrlərindən birinin arxa səhifəsində Daşkənddəki dəfn mərasimindən bəhs edən qısa məqalədən öyrənib. Sonra bilindi ki, faciə Dneprodzerjinsk səmasında baş verib. 8400 metr yüksəklikdə iki TU-134 sərnişin təyyarəsi toqquşub. “Paxtakor”un futbolçuları Daşkənddən "Dinamo" Minsk ilə SSRİ çempionatının oyununa gedirmişlər, göyərtəsində 83 nəfər, o cümlədən 17 futbolçu olub. İkinci təyyarə 89 sərnişinlə Çelyabinskdən Kişinyova uçurmuş. Təyyarələrin toqquşması nəticəsində ümumilikdə 178 nəfər həlak olub. Klubda təsadüf  nəticəsində ailəsini görməyə gedən və başqa təyyarə ilə Minskə gələn komandanın baş məşqçisi Oleq Bazileviçin sağ qaldığı bəlli olmuşdu. Faciədən bir müddət sonra “Paxtakor” komandası başqa klubların oyunçuları ilə tamamlandı. Daşkənd klubunun nəticədən asılı olmayaraq, üç il ərzində SSRİ-nin yüksək liqasında qalmasına qərar verildi.

***

Asiya qitəsinin liqa oyunlarını izləmək imkanımız olmasa da, Özbəkistan idmanında yüksəlişi  Fransadakı son Yay Olimpiya Oyunları da təsdiqlədi.  5 qızıl medal qazanmaqla boksda komanda birincisi oldular. Ümumilikdə isə 8 qızıl medal qaazanmaqla olimpiadada 13-cü yeri tutdular.

Son illər futbol millisi də irəliləyib. 2023-cü ildə prezident Şavkat Mirziyoyev Özbəkistanda futbola dəstək fondunun yaradılması haqqında fərman imzalayıb. Futbol məktəb və universitetlərdə geniş təbliğ olunur, eləcə də infrastrukturun təkmilləşdirilməsi və ölkə futbol assosiasiyasının nəzdində yeni akademiyaların yaradılması yolunda ciddi addımlar atılır. Peşəkar futbol klublarına sponsorluq edən  investorlara(sahibkarlara) dövlət dəstək və güzəştlər vəd edir. 

“Ağ qurdlar” adlanan milli komanda Avropadan hələ geridə qalır, amma oyunçularını artıq “Qoca qitə”də kəşf ediblər. Milli komandanın əsas oyunçularında olan Abdukodir Xusanov “Mançestr Citi”nin əsas müdafiəçilərindən biridir. Bu ilin yanvarında ingilis klubu Xusanovun transferi üçün  “Lens”ə 40 milyon avro ödəyib. Altı ay ərzində Abdukodir 9 oyun keçirib (onlardan səkkizi start heyətində) və  bir qol vurub.

Rusiya kubokunun builki sahibi  “MOİK”in (“CSKA”) yarımmüdafiəçisi Abbosbek Fayzullaevi də yada salmaq olar. “Spartak”, “Rubin” və  “Rostov” da, eləcə də İran, Türkiyə, Səudiyyə Ərəbistanın klublarında oynayan özbək futbolçular var. Baş məşqçiyə gəlincə, millinin uğurunda ciddi rolu olan sloveniyalı  Kataneç Sreçko 2025-ci ilin yanvarında xəstəliyti səbəbindən karyerasına fasilə verməli oldu. Asiya təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 20 oyunun 13-də qələbəyə sevinmişdi. Onu millinin sabiq futbolçusu və əvvəllər əsas komanda da müvəqqəti məşqçi olan  43 yaşlı Timur Kapadze əvəz etdi. Bizim kimi xaricdən çox məşqçi gətiriblər, onlar arasında braziliyalı, alman,  ingilis, hətta məşhur argentinalı Ektor Kuper də olub. Amma uğur yenə də  yerli məşqçi ilə gəldi... 

***

Türkiyə mundiala vəsiqə qazana bilməsə,  Özbəkistana könüldən azarkeşlik edə bilərik.Həm Türkdilli Dövlətlər Təşkilatınının üzv qardaş ölkədir, Mirziyoyev Şuşa daxil Qarabağda olub, məktəb də tikib hədiyyə edib.

Nazim SABİROĞLU,
Musavat.com    

    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR