Onlayn ictimai-siyasi qəzet
(Adil Qaçayoğlunun əziz xatirəsinə)
Mayın 4-də Adil Qaçayoğlunun aramızdan ayrılmasından 17 il keçir. 17 il uzun müddətdir, amma, amma...52 yaş nədir ki!? Adil müəllim kimi insanların bu həyatdan vaxtsız-vədəsiz köçməsi təkcə onun ailəsi, dostları üçün itki deyildi. Onu bu dünya itirdi. Adil müəllim dünyanın yaxşı adamlarının kisəsindən getdi. Ondan sonra jurnalistikada hər biri bir məna verən nöqtələr də getdi, futbol haqda yazıların ləzzəti də.
O sanki yazılarında sevdiyi üç nöqtələr kimi deyirdi hər sözünü. Yazılarında faktların dəqiqliyinə, sözlərin yazılışına, vergülün yerində olmasına necə dəqiq idisə, danışanda da elə idi. Səninlə heç bir mövzuda sonadək mübahisəyə girməzdi, amma iş yazıya gələrdi, adamın “kürəyini yerə vurmasaydı”, əl çəkməzdi. Evə gedib oradan zəng vuracaqdı: “Dədə, lüğətlərə baxdım yenə, bax, oxuyuram o sözü...” Jurnalistikanın və dilimizin adil adamı idi Adil müəllim...
Əminəm ki, onu tanıyanlar, onunla haçansa bir tikə çörək kəsənlər, bir yerdə lap bir həftə bir redaksiyada işləyənlər onu həmişə xoş sözlərlə xatırlayırlar. Başqa cür ola bilməz.
52 yaş! Nə amansız tale! Tanıyanlar bilir, Adil müəllimi nə bu zalım dünyanın etinasız adamları, nə də heç tərgidə bilmədiyi siqaret öldürdü. Qarabağ dərdi, heç qaysaqlamayan Ağdam həsrəti onu aramızdan çox tez apardı...
Adil müəllimin içindəki, yaddaşındakı, xatirəsindəki Ağdama dəymək, ona şuşalı zarafatı ilə toxunmaq belə mümkün deyildi. Bir daşını belə ehtiyatsız “tərpətmək” onu üzər, incidərdi. O, Qarabağdan, Ağdamdan danışanda əlləri ilə həmişə ürəyinin üstünü oxşayırdı. Adama elə gəlirdi ki, ürəyində qubar olmuş Ağdamı, o xatirələri belə sığallayaraq oxşayır. Sanki təkcə öz şəxsi nisgilinə deyil, həm də Ağdamın üzərinə sığal çəkirdi...
İş elə gətirmişdi ki, milis atasının vəzifəsi ilə bağlı bir neçə rayonda yaşamışdı, amma o, bütün ruhu ilə Qarabağa bağlı adam idi. Ağdamla qan qohumluğu bağlarım var, amma Adil müəllimi onlardan həmişə fərqləndirərdim. Adil müəllimdə də ağdamlılara məxsus cığallıq, ərköyünlük, sözü üzə sərt demək kimi xarakterləri vardı. Zarafatları, duzlu-məzəli Ağdam söhbətləri də öz yerində. Amma ağdamlı Adil müəllim həm də bir başqa idi: ziyalı, istedadlı və ədalətli...
Özü də istəməzdi bu cür erkən ayrılığı...Bilsəydi ki, 2020-ci ildə noyabr ayının 20-də Ağdam, həm də bir güllə atılmadan işğaldan tam azad olunacaq, yaşayardı, yaşadardı özünü yəqin. Ağdam üçün, Ağdamda ölmək üçün yaşayardı...
Bu il medianın 150 illiyi təntənənə ilə qeyd olunacaq. Adil müəllim yaşasaydı yaşı 70 civarında olacaqdı. Təvəqqim budur ki, Mətbuat Şurası onu unutmasın. Adil müəllim Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdikdən sonra ilk iş yeri “Şən həyat” (indiki “Balakən”) qəzeti olub. 1981-91-ci illərdə “Azərbaycan gəncləri”ndə çalışan A.Qaçayoğlu (müxbir, şöbə müdiri) sonrakı illərdə “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət” qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar “Panorama” gündəliyinin baş redaktor müavini olub. Qəzetçi ömrünün sonrakı mərhələsində “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Adil müəllim Azərbaycan jurnalistikasının, milli mətbuatın inkişafında şübhəsiz ki, xidmətləri olan adamdır. Mənim üçün “150 ilin adamları” ndan biri də odur, Adil müəllim...
Adil müəllim bu dünyada Qarabağdan və Ağdamın azadlığından başqa umacağı olmadı. Onun futbol azarkeşi və bilicisi olması da Ağdamla, tarixi “İmarət” stadionu ilə sıx bağlı idi yəqin ki...Adil müəllim “Qarabağ”ın Ağdam stadionunda oynamasını istəyirdi, bunu görməyi arzulayırdı.Tezliklə bunlar da olacaq. Amma Adil müəllimsiz. 52 yaş nədir ki?
Nazim SABİROĞLU,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ