Onlayn ictimai-siyasi qəzet
Tiktok-un sevimli bir makler bibisi var. Yanlış anlamadız, yaşlı bir xanım maklerlik edir, amma evləri oynaya-oynaya satır. Zər-zibalı paltarlar geyinir, makiyajı, dikdabanı da öz yerində. Satmalı olduğu evin qabağında bir dövrə vurub rəqs edir, beləcə, ev satılır. Odu-budu, düşüb trendə, gənclər demişkən, trend topik olub. İndi hamı “Bibi Bakını satdı”, “Bibi iş yerimi satdı”, “Bibi balaca qardaşımı satdı” deyib, videolar çəkir. Olan şeydi, dünyada sosial şəbəkə çıxandan belə trendlər də var deyə bilərsiz. Amma bizdə hər şey əndazədən çıxıb. Bu trendi əyləncə işi ilə məşğul olan, ya da sənətlə, şou bizneslə, incəsənət sahəsində olan birisi etsə, anlayardıq. Amma bunun bir ailə, bir insan üçün həyati əhəmiyyət daşıyan ev, mənzil almaq istəyənlər üçün edilməsi çox gülüncdür. Təsəvvür et, bibi izahat vermir ki, ev neçə daş üstündə tikilib, ya da evin “kupça”sı varmı, bələdiyyə sənədi iləmi satılır, mərkəzi yola nə qədər yaxındır, ya da kommunal xətləri çəkilibmi? Halbuki alıcı üçün bunlar daha önəmli, daha strateji olmalıdır, deyilmi? Amma bizim bibi neyləyir? Eləcə rəqs edir.
Bu, zəmanə ilə ayaqlaşmaq deyil - heç kim özünü aldatmasın. Bu, marketinq hiyləsi, ya da diqqət çəkmək üçün sosial şəbəkənin üsulları isə heç deyil. Bu, bildiyiniz yüngüllükdür. Elə bir zəmanəyə gəlib çatmışıq ki, artıq yaşını-başını almış insanlar da sosial şəbəkələrdə meymunluq etmək yarışına giriblər. Qucağında nəvəsini oynadacaq, ya da dadlı yemək bişirmək, gənclərə məsləhət verməklə məşğul olacaq xala-bibilər makiyajlanıb, “ayna, ayna, söylə mənə, məndən daha gözəli varmı?” deyə video çəkirlər. Ya da yaşına-başına yaraşmayan geyimlər geyinib, çıxırlar tiktoka, digər sosial şəbəkələrə.
Bəs nə oldu? Bizim milli dəyərlərimiz vardı? Axı yaşlı nəsil gənclərin yüngüllüyünü bəyənmirdi? Bəs yaşlılar gənclərə örnək olacaqdı, marjinal olanları doğru yola qaytaracaqdılar? Doğrudanmı hamı əndazənni bu qədər aşıb?
O gün baxdım, sosial şəbəkədə bir cavan qız yerə matras atıb, şəhərin ayrı-ayrı yerlərində uzanırdı. Sabah bir başqası yolun ortasında anadangəlmə soyunacaq. Birigün qeyri-adilik adına yolun ortasına səyyar unitaz yerləşdirib, təbii ehtiyacını ödəyənlər tapılacaq. Mən insanların azadlıq, özünü ifadə etmə, bizneslərini qurma şəklinə müdaxilə etmirəm və etmək fikrim də yoxdur. Amma azadlıqla təbiyəsizliyin sərhdələri toqquşanda, orijinallıqla meymunçuluğu qarışdıranların sayı artanda ara qarışır, məzhəb itir, mizan tərəzisi də pozulur. O zaman bunu necə, hansı formada kontrol etməli?
O gün təsadüfən eşitmişəm, çox populyar olan toy müğənnilərimizdən biri belə mahnı oxuyur: “Tək deyiləm, gedib-gələnim var... Məni də sevənim var”, bla-bla-bla... Elə həmin müğənni efirdən etiraf edir ki, həyatında biri var, ondan 2 uşaq da dünyaya gətirib, amma rəsmi nikahı yoxdur. Sonradan məlum olur ki, uşağının atası evlidir. Deyə bilərsiz, nə olsun? Hər kəsin şəxsi həyatı... Mən də deyirəm ki, görün ekrana çıxan, insanlara yaxşı yaşamağın yolunu göstərən, bir nümunə kimi ortalığa dürtüşdürülən adamlar nəyin təbliğatını aparır. Təbliğatla da qalmır, bunun mahnısını yazırlar, bu həyat tərzini gizli şəkildə reklam edirlər. Açıq-aşkar deyirlər ki, “nolsun ki, evlidir? Əsas odur ki, bir kişi kimi mənim arxamda dayanır, dəstəyimdir”. Biz də deyirik, bibi niyə evi oynaya-oynaya satır.
Ekranlar verilib cinsi azlıqların öhdəsinə. Bir reperin müsahibəsini dinlədim o gün. Köhnə müsahibə idi. Bir verilişlə bağlı deyirdi ki, “mən ora niyə çıxım axı? Aparıcın gey, prodüsserin gey, stilistin gey, rejissorun gey...” Kimsə həmin reperi homofobluqda ittiham edə bilər. Amma adam haqlı şəkildə üsyan edir: kiminlə nəyi, necə müzakirə edim? Cinsi azlıqlar adam evləndirirlər, dələduzlar guya kasıblara yardım edirlər, ailələrin sirri abırsızcasına ekrandan müzakirə edilir. Adını da qoyular ki, taledir də... Taleyə gələnə qədər ölkədə milyonlarla insanın problemi, qayğısı, sosial-mədəni-siyasi sualları efirlərdə niyə yer tapmır? Yaşlı nənə-babaları evləndirənə qədər həll olunası nə qədər problem var. Açın yerli kanalları, İctimai Televiziya xaricində hansı kanalda təhsillə bağlı normal verilişə, sənədli filmə rast gələcəksiz? Abituriyentlər üçün verilişlər, ibtidai siniflər üçün virtual imtahanlar.... Telekanalların missiyası sırasında bunlar da olmalı deyilmi? Bizdə az qala iki prioritet var: əyləncə və faciə. Ortası yoxdur.
Belə sosial şəbəkəsi, belə əyləncə anlayışı olan ölkədə bibi də evi oynaya-oynaya satır. Düz də edir. Belə ölkədə ancaq oynaya-oynaya işlərini yoluna qoya bilərsən. Dəli olmamaq üçün oynamalı, rəqs etməli, əylənməli... Yeni devizimiz bu!
11 Avqust 2024
25 May 2024
12 Aprel 2024
ŞƏRHLƏRŞƏRH YAZ