Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda ekspertlər səviyyəsində də bir təlaş yaranır. Hərgah dəhlizin işə düşməsinin ən çox Ermənistana faydası dəyə bilər. Çünki kapitulyant ölkə, nəhayət, izolyasiyadan çıxaraq inkişafa üz tutacaq. Təəssüf ki, bu bəsit gerçəyi orada görmək istəmirlər.
“Zəngəzur dəhlizi məsələsi Azərbaycan, Rusiya və İran arasında Ermənistansız həll olunur”.
Bunu erməni politoloq Artur Xaçikyan deyib (Teleqraf.com).
“Biz mütləq şəkildə məğlubiyyətə düçar olmuşuq, indi bizim iştirakımız olmadan dəhliz məsələsinin necə olacağına qərar verirlər. Demək ki, bizim dövlət və suverenliyimiz yoxdur”, - Xaçikyan bildirib.
Xaçikyanın sözlərinə görə, məsələlər Azərbaycan, Rusiya və İran arasında həll olunur: “Putin Əliyevlə görüşüb bu barədə danışır, ardınca İranla Rusiya Zəngəzur dəhlizi barədə müzakirələrə başlayır. Üçüncü tərəflər bizim ərazimizdən danışır və razılaşırlar, biz suverenliyimizi itirmişik. Dövlətimiz sürətlə Fələstinə çevrilir. Biz Fələstin kimi bir ərazi olacağıq, orada müxtəlif dövlətlərin öz maraqları olacaq və öz aralarında bölüşəcəklər”.
Türkiyəyə gəlincə, Xaçikyan vurğulayıb ki, Ankara bu və digər mövzularda Bakı ilə eyni mövqedən çıxış edir. Erməni politoloq hesab edir ki, İran indi etiraz eləsə də, dəhliz açıldıqdan sonra Bakı və Ankara ilə razılaşacaq: “Rusiyaya gəlincə, Türkiyə və Azərbaycan onun üçün bizdən qat-qat önəmlidir. Çünki onlar bizdən fərqli olaraq 35 il öz ölkələrini dağıtmaqla məşğul olmayıblar, iqtisadi və hərbi cəhətdən sabit və güclü dövlətlərdir”.
Bəhruz Məhərrəmov
VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikrincə, Ermənistan cəmiyyətində Zəngəzur dəhlizi ilə bağlı başlanan müzakirələr əslində hayların tədricən reallıqları görməyə başlanılmasının göstəricisidir: “Azərbaycan Vətən müharibəsindən sonra 10 noyabr kapitulyasiya aktının 9-cu maddəsində də ifadə olunan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya xətlərinin açılmasına dair mövqeyini və bu prosesin regionda sülh, sabitlik, əməkdaşlıq mühitinə xidmət edəcəyini ifadə edib. Lakin ötən 4 il ərzində erməni cəmiyyəti və Ermənistan hakimiyyəti Azərbaycanın Zəngəzur dəhlizi ideasına təhdid kimi yanaşmış, İpək Yolunun vacib həlqəsinə çevriləcək bu kommunikasiya habını Ermənistanın özünü dalandan çıxaracağı reallığını başa düşməmişdi. Bildiyiniz kimi, Ermənistan havadarların təhriki ilə oxşar qənaətə müstəqilliyin ilk illərində də gəlmiş, xüsusən Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının Ermənistanın ərazisindən keçmədən Qərbə ixracını mümkünsüz hesab etdiklərini dəfələrlə bəyan etmiş və bununla da Azərbaycan üzərində təzyiq çəmbəri formalaşdırmağa çalışırdılar. Lakin Azərbaycanın kifayət qədər təhlükəsiz və effektiv alternativlər ortaya qoyması Ermənistan nəinki Azərbaycanın neft-qaz ehtiyatlarını dünyaya çıxarmağa mane oldu, əksinə, özü bütün layihələrdən kənar qalaraq dalan dövlət statusuna düşmüş oldu. Eynilə də bu gün Ermənistan Qərbin, xüsusən əslində bu dəhliz üzərində nəzarəti ələ keçirməyə çalışan ABŞ və Fransanın təhriki ilə Zəngəzur dəhlizini "bloklamağa çalışmaqla" özünün “fail state” statusunun daha da dərinləşdiyinin fərqinə varmaq istəmir. Lakin artıq cəmiyyətin, ayrı-ayrı siyasətçilərin, o cümlədən hakimiyyətdə təmsil olunan bəzi fiqurların tədricən məsələnin mahiyyəti ilə bağlı praqmatik mövqe nümayiş etdirməsi göstərir ki, İrəvanda reallıqlar tədricən anlaşılır. Ermənistan artıq başa düşməyə başlayır ki, Azərbaycan üçün Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər ciddi alternativlər var. Xüsusən İran-Ermənistan münasibətlərinin yüksək səviyyəsinə baxmayaraq alternativ olaraq İran ərazisindən keçəcək Zəngəzur dəhlizi fonunda İran özünün maraqlarını heç şübhəsiz ki, Ermənistanla münasibətdən daha üstün tutmaqdadır. Həqiqətən reallıqda da Zəngəzur dəhlizi artıq Ermənsitanın iradəsindən asılı olacaq dar çərçivəyə sığmayan bir məsələdir. Ermənistan da başa düşməlidir ki, Orta dəhlizin mühüm seqmenti kimi çıxış edən bu dəhliz bu günə qədər əslində qütblərin maraqlarının toqquşma nöqtəsinə çevrildiyi üçün müəyyən mənada ləngiyir, yəni bu, Ermənistanın iradi ifadəsi deyil. Digər tərəfdən, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində yaratdığı geosiyasi konfiqurasiya bu bölgənin özünəməxsus geosiyasi mühitini formalaşdırıb və regionda, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı hansısa kənar dövlətlərin yox, yalnız region dövlətləri, o cümlədən regionun hərbi-siyasi güc mərkəzi olan Azərbaycanın həlledici qərar haqqı daha da güclənməkdədir".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Xaçikyanın bəzi fikirləri ilə razı deyil: “Xaçikyanın Ermənistanın Fələstinə çevrilməsi və müxtəlif dövlətlərin maraqları baxımından bölünəcəyi ilə bağlı dedikləri reallıqdır. Amma mən Ermənistanın suverenliyini və müstəqilliyini itirməsi ilə bağlı dedikləri ilə razı deyiləm. Çünki müstəqilliyi itirmək üçün birinci gərək müstəqil ölkə olasan. Ermənistan isə heç bir zaman müstəqil ölkə olmayıb. Sadəcə, əvvəllər yalnız bir ölkənin - Rusiyanın müstəmləkəsi olub, indi isə müstəmləkəçilərin sayı artıb. Başqa sözlə desək, indi Ermənistan təkcə Rusiyanın deyil, həm də ABŞ və Fransanın maraqlarını nəzərə almaq məcburiyyətindədir.
Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə onun işə düşməsi bölgə ölkələrinin hər birindən daha çox ilk növbədə Ermənistanın marağında olmalıdır. Çünki bu dəhliz Ermənistanın dalan dövlətdən çıxması üçün yeganə imkandır.
Azərbaycan tərəfi iki dəfə - bir İran ərazisindən keçəcək “Araz dəhlizi” layihəsi ilə bağlı saziş imzalayanda, bir də Zəngəzur dəhlizi məsələsinin “Sülh sazişi” layihəsindən çıxarılmasına razılıq verəndə öz mövqeyini ortaya qoyub və bununla da həm Ermənistana, həm də digər maraqlı dövlətlərə mesajını verib. Mesaj ondan ibarətdir ki, bizim alternativlərimiz var və Zəngəzur dəhlizi olmadan da Naxçıvana, o cümlədən də dünyaya çıxışımız mövcuddur. İndi narahat olası olan Ermənistan, yola nəzarət imkanını əldən vermək istəməyən Rusiya və Ermənistanı Rusiyanın boyunduruğundan qurtarmaq üçün bu ölkənin dünyaya çıxışını təmin etmək istəyən Qərb olmalıdır və olurlar da. Təsadüfi deyil ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsini “Sülh sazişinin” mətnindən çıxarmağa razılıq verib, bir çoxlarının bəhanəsini kəsəndən sonra bu istiqamətdə müzakirələr intensivləşib. İndi həqiqətən də bütün müzakirələr faktiki olaraq Ermənistansız aparılır və bu da gözləniən idi. Çünki Paşinyan hakimiyyəti Ermənistanı müstəqil ölkə olmaq imkanından məhrum edərək başqalarının maraqlarının qurbanına çevirib.
Azərbaycan ikitərəfli danışıqlar formatında israr edərək onları bu yanlış yoldan çəkindirmək üçün fürsət verdi. Amma bu fürsət hələ də düzgün dəyərləndirilmədiyi üçün Ermənistan regionda gedən bütün prosesləri kənardan seyr etmək məcburiyyətində qalıb".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ