İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski qələbə planını açıqladı, Putin koreyalıları döyüşə göndərir...

Ukrayna liderinin təqdim etdiyi planda NATO-ya üzvlük, hərbi sənaye potensialını gücləndirmək, qeyri-nüvə silahlarını yerləşdirmək və ABŞ ordusunun Avropada Ukraynanın hərbi gücünü əvəzləməsi təklifi var; Kreml və alyans dərhal reaksiya verdi - savaş alovlanır...

Oktyabrın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin qələbə planını təqdim edib. “Yeni Müsavat” bildirir ki, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada Ukrayna ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. 4-cü bənddə isə yalnız müəyyən tərəfdaşlara ötürülən gizli təklif var. Ukrayna təbii ehtiyatlara, o cümlədən trilyonlarla dollar dəyərində kritik metallara ev sahibliyi edir. Bunlar, xüsusilə uran, titan, litium, qrafit - ya Rusiya və müttəfiqlərini, ya da Ukrayna və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək strateji qiymətli resurslardır.

Bu, Rusiyaya qarşı mövcud iqtisadi təzyiq sistemini, yəni Rusiyaya qarşı bütün mövcud sanksiyaları, neftin qiymətinə məhdudiyyətləri, ölkəyə ixraca məhdudiyyətləri və digər təzyiq tədbirlərini tamamlayacaq və gücləndirəcək. Beşinci bənd təhlükəsizliklə bağlıdır. Müharibədən sonrakı dövr üçün nəzərdə tutulan beşinci bənd, tərəfdaşlar razılaşarsa, Avropada yerləşən ABŞ qüvvələrinin müəyyən kontingentini Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə əvəz etməyi təklif edir. Bu, Ukrayna təcrübəsindən bütün alyansın müdafiəsini gücləndirmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün istifadə edilməlidir. “Biz hazırda Rusiya ilə yanaşı, İran və Şimali Koreyaya qarşı da vuruşuruq”. Zelenski Ali Radada qələbə planını təqdim edərkən deyib. O əlavə edib ki, ölkənin əsas düşməni Rusiyadır: “Ukraynanın daxilində düşmən yoxdur”.

Eyni gündə Kreml qələbə planına münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski, görünür, öz sülh planını ABŞ-ın son ukraynalıya qədər döyüşməklə bağlı diktə etdiyi siyasətin davamı kimi təqdim edir. “Artıq neçə həftədir ki, bir növ müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, Zelenskinin indi kamuflyaj edib "sülh" adlandırdığı, amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planı ilə eynidir. Görünür, bu belədir. Orada hansısa başqa plan yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.

Göründüyü kimi, Ukrayna alyansa üzvlük planından çəkilməyib. Eyni zamanda ölkənin militaristləşməsi, hərbi potensialının artırılması və ən əsası isə ərazilərində qeyri-nüvə silahlarını yerləşdirmək strategiyası prioritetdir. Hərçənd Rusiya “xüsusi hərbi əməliyyat”ın səbəblərinin Ukraynanın demilitarizasiya, denasifikasiya etmək olduğunu bildirmiş, NATO-nun isə Şərqə doğru genişlənmək planından çəkinməyə vadar etmək niyyəti kimi açıqlamışdı. Amma bunların heç biri olmadı - Kiyev Şimal alyasına qoşulmaq istəyir, müharibənin gedişində Finlandiya və İsveç NATO-ya qoşuldular, alyans Rusiya sərhədlərinə xeyli yaxınlaşdı, eləcə də Ukrayna daha da hərbiləşdirilmiş dövlətə çevrildi. Ancaq bu da sual doğurur ki, Zelenskinin açıqladığı qələbə planı işğal edilmiş ərazilərin azad olunmasını necə təmin edəcək...

Yeri gəlmişkən, Ukraynanın NATO-dakı səfiri Natalya Qalibarenkonun dediyinə görə, ölkəsi Co Baydenin Ağ Evdəki səlahiyyət müddəti bitmədən alyansa dəvət tələb edir. Kiyev bunun ABŞ-ın hazırkı prezidentinin “layiqli siyasi mirası” ola biləcəyini düşünür: “Biz inanırıq ki, hazırda Ukraynaya dəvət göndərilməsi siyasi siqnal olacaq”. Qalibarenko “Reutetrs”ə müsahibəsində Kiyevin tələbinin əsasını açıqlayıb. O, bu dəvətin Kiyev və Moskva arasındakı əsas mübahisəni aradan qaldıracağını iddia edib: “Dəvət olduğunu desək, Rusiya Federasiyası üçün bu, qəti hökm kimi olacaq - siz bu mövzudan istifadə edərək, artıq stavkanı qaldıra bilməzsiniz”. “Reuters” qeyd edir ki, NATO üzvlərinin əksəriyyəti, o cümlədən ABŞ Ukraynanı alyansa qəbul etməyə hazır deyil. Ötən həftə ABŞ hökumətindəki mənbə bu mövqenin dəyişmədiyini bildirib.

“RBC-Ukrayna” isə Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb ki, 10 min Şimali Koreya hərbçisi hazırda Rusiyanın Uzaq Şərqində təlim keçir. Xəbərdə qeyd edilir ki, KXDR hərbçilərinin Ukrayna yaxınlığındakı sərhəd rayonlarına köçürülməsi planlaşdırılır. Bildirilir ki, Rusiya tərəfi koreyalı əsgərlərin hesabına rus qoşunlarının rotasiyasını həyata keçirmək və sərhəddəki qüvvələrini azad edərək, Ukraynaya göndərmək istəyir. “NATO bizə hücum etməyə çalışacaq hər bir düşmənlə qarşılaşmağa hazırdır”. Oktyabrın 16-da alyansın yeni baş katibi Mark Rutte Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum ehtimalı ilə bağlı danışarkən deyib. O, Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyi nəticəni almasına imkan verməyəcəklərini bəyan edib.

“Rusiya şərqdə irəliləməyə davam edir, lakin bu, onlara çox baha başa gəlir. Qışa doğru getdiyimiz bir vaxtda Ukraynanın kritik enerji infrastrukturuna davamlı hücumlar olunur. Ona görə də Vaşinqton Sammitində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik. Alman kəşfiyyat rəsmilərinin Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum edə biləcəyi xəbərdarlığına gəlincə, mən bu mövzuda aydın danışacam. NATO indi, həm də bizə hücum etməyə çalışacaq hər bir düşmənlə, hər rəqiblə qarşılaşmağa hazırdır. Putin Ukraynada istədiyini ala bilməyəcək. NATO ərazisinin hər qarışı üçün həm indi, həm də gələcəkdə nə lazımdırsa edəcəyik”, - Rutte bildirib. NATO-nun Ukraynadakı strategiyası ilə bağlı suala isə o, belə cavab verib: “Ukraynaya böyük hərbi yardım göstərəcəyik. Bu o deməkdir ki, biz Ukraynanı müqavimət göstərə biləcəyimiz mövqeyə keçirəcəyik. Bu məsələ üzərində çox işləyirik. Əgər bir gün Zelenski və komandası Rusiya ilə bunu necə bitirmək barədə müzakirə etmək qərarına gəlsələr, bunu güc mövqeyindən edəcəklər ki, danışıqlarda üstün tərəf olsunlar”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Zelenskinin qələbə planını daha çox Qərbdən dəstək almaq paketi adlandırdı. Onun sözlərinə görə, bu plan qələbəni gətirəcək deyil, Kiyevi NATO-ya daha da yaxınlaşdıracaq strategiyadır: “Xüsusən də təklif olunur ki, ABŞ-ın Avropadakı hərbi kontigentini Ukrayna Silahlı Qüvvələri əvəzləsin. Bu, dolayısı ilə Ukrayna ordusunun NATO ordusunu əvəzləməsi, yaxud bu şəkildə alyansın hərbi kontigenti kimi təqdim edilməsidir. İstisna etmirəm ki, Zelenskinin planında bəzi hissələr qəbul oluna bilər. Amma az əvvəlki təklifin tezliklə reallaşması mümkün deyil. Sadəcə, gələcəkdə Ukraynanın Avropanın ən böyük ordusuna çevrilməsi planda ola bilər”. Ekspert bu plandan sonra ilin sonunadək atəşkəsin olmasını mümkün sayır: “Yəni Ukraynanın işğal edilən şərq torpaqlarının Rusiyada hələ ki qalması müqabilində Zelenski Qərbdən təminat tələb edir və öhdəliklər götürülməsini istəyir. Əgər NATO-ya üzvlük, qeyri-nüvə silahlarının Ukrayna ərazisinə yerləşdirilməsi razılaşdırılarsa, bu, ciddi təhlükəsizlik zəmanəti olacaq. Hər halda, Ukrayna və NATO işğal edilən torpaqların geri alınması deyil, gələcəkdə müttəfiqliyin gücləndirilməsi haqda daha çox düşünürlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR