İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Hesablama Palatasının hesabatını təsdiqlədi

Tarix və mədəniyyət abidələri ilə bağlı çıxış etiraza səbəb oldu

Aprelin 22-də keçirilən Milli Məclisin plenar iclasında əvvəlcə spiker Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verdi. Sədr MDB Parlament Assambleyasının iclasında iştirak etmək üçün Rusiyaya səfər edən Azərbaycan nümayəndə heyətinin faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirakı, həmçinin ikitərəfli görüşləri barədə danışdı.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı ilk olaraq Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2024-cü ildəki fəaliyyəti haqqında hesabatı təqdim etdi. Palatanın sədri Milli Məclisin 7-ci çağırışı qarşısında ilk dəfə Hesablama Palatasının fəaliyyətinə dair hesabat təqdim etdiyini söylədi.  Qeyd etdi ki, 2024-cü il üzrə hesabat hazırlanarkən Hesablama Palatasının audit və qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, fəaliyyəti barədə icmal-statistik məlumatlar hesabata daxil edilib: “Bəzi ölkələrin hesabatvermə təcrübəsindən faydalanmış və hesabata əlavələr etmişik. Hesab edirik ki, bu əlavələr hesabatın daha oxunaqlı və anlaşıqlı olmasına şərait yaradır. Hesabatda Hesablama Palatasının qanunla müəyyən edilmiş vəzifələri barədə məlumat da yer alıb”. Palata rəhbəri bildirdi ki, illik hesabatda, eləcə də komitə iclasında Hesablama Palatası və onun Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən görülmüş işləri ayrıca sadalanıb. V.Gülməmmədov dedi ki, 2024-cü ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 52 nəzarət tədbiri reallaşdırılıb: “Bu tədbirlərin 45,5%-də audit və yaanalitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Auditlərin əhatə dairəsini icmal büdcənin müxtəlif elementləri, o cümlədən dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcələrinin gəlir və xərcləri təşkil etmişdir. Hesabat dövründə auditlərlə dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 mln. manatı, bununla yanaşı, qeyri-büdcə vəsaitlərindən 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə edilib. Hesabat ilinin KDMN tədbirlərində Hesablama Palatasının diqqətdə saxladığı sahələr - işğaldan azad olunmuş sahələrin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır”.

Beləliklə, ötən il Hesablama Palatası Əməliyyat Planını 90% icra edib, dövlət qurumlarına 50 məlumat təqdim edib, 575 milyon manatlıq maliyyə pozuntusu, 2 milyard manatlıq maliyyə təhrifləri və uyğunluq pozuntuları aşkar edib, 42 auditi başa çatdırıb, ilk dəfə dövlət borcu ilə bağlı audit keçirib, İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib 399 min manatlıq satınalma müqaviləsi bağlayıb.

V.Gülməmmədov bildirdi ki, icmal büdcənin xərcləri 47 auditdə araşdırılıb. Auditlərdə xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilmiş və Hesabatda audit nəticələri həmin elementlər üzərindən qruplaşdırılıb.

Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin pozulması, 40 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Uyğunluq elementləri üzrə aşkarlanmış pozuntu məbləği 657,0 mln. manat olmuş, bunun 126,0 mln. manatını hesablanmış büdcəyə zərər təşkil etmişdir. Zərər məbləğinin 84,4 mln. manatı üzrə vəsaitin müvafiq qaydada pul və ya natura şəklində bərpası və əvəzləşdirilməsi, 15,2 mln. manatı üzrə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istiqamətində qərar qəbul edilib. Bundan əlavə, hesabat ilində Azərbaycan Respublikasının Baş Prokurorluğuna 6 nəzarət tədbiri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə isə 2 nəzarət tədbiri üzrə məlumatlar göndərilib. 26,4 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib. Aşkarlanmış pozuntu məbləğinin 531,0 mln. manatını təşkil edən digər pozuntu məbləğinə - vahid büdcə təsnifatına əməl olunmaması, büdcə qanunvericiliyinə dair normativ sənədlərin tələblərinin pozulması, dövlət satınalmaları üzrə qanunvericiliyə əməl olunmaması, büdcə vəsaitinin nəzərdə tutulmadığı istiqamətə istifadəsi və s. pozuntular aid edilib. Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 mlrd. 66 mln. manat təşkil edib. Bu  əhəmiyyətli təhriflərdən - maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi və digər  təhriflərdən, yəni mühasibat yazılışlarının doğru verilməməsi və hesabatlar arası fərqlərdən ibarət olub.  Ümumilikdə səmərəsiz xərclər hesab etdiyimiz məbləğ 157,7 mln. manat olub".

Daha sonra isə deputatlar hesabatla bağlı çıxış etdilər.

Deputat Razi Nurullayev bildirdi ki, deputatları narahat edən suallara cavab almaqdan ötrü fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyir: “Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

R.Nurullayev bildirdi ki, narahat olduğu məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi  və büdcəyə qaytarılmasıdır: “Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə köməklə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan Parasetomolu onlara vermədən depoya qaytarırsan. Bu, ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi”.

İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, əminliklə demək olar ki, Hesablama Palatası peşəkarlıq səviyyəsinə görə institusional orqana çevrilib: “Hazırlanan rəylər obyektivdir, informativdir, beynəlxalq audit meyarlarına tam cavab verir, o cümlədən, sözügedən qurumun ilk yarandığı dövrdə yaşanan arzuolunmaz praktikanı-bəzən audit təmsilçiləri müvafiq hökumət orqanlarının binasına buraxmamaq hallarını bir daha xatırladıqda müqayisə olunmayan böyük inkişaf yolu keçilib. Digər tərəfdən, ictimai və media vasitəsilə təzyiq amillərini, vəzifə mövqeyindən təsir və çəkindirmə mexanizmlərini nəzərə aldıqda palatanın çoxşaxəli fəaliyyətinin dövlət və milli mənafelərimizə cavab verən, eləcə də maliyyə məsuliyyətini artıran və üç mühüm prinsipin - səmərəlilik, uyğunluq, maliyyə auditi meyarlarına tam cavab verdiyini söyləmək olar. Ona görə də palatanın rəhbəri hörmətli Vüqar Gülməmmədov başda olmaqla, qurumun kollektivinə Milli Məclisin xalq qarşısında mövqeyini gücləndirən fəaliyyətinə görə təşəkkür edirik”.

Z.Oruc deyib ki, bir qurumdan obyektivlik tələb edənlər aşkarlanan büdcə pozuntuları, maliyyə intizamsızlığı, yaxud konkret qanunsuz hərəkətlərin barəsində təqdim olunan hesabatı hökumətin bütün fəaliyyətinin linç edilməsi üçün çirkli məqsədləri naminə istifadə edə bilməz: “Söhbət cəza tədbirlərindən gedirsə, o haqda da konkret addımların atıldığına dair müfəssəl məlumatlar təqdim olunub. Nəzərə alaq ki, hesabatın maliyyə əhatəsi 8.3 milyard manat büdcə vəsaitinin auditini nəzərə tutduğundan və dövlət büdcəsinin 40 milyard manatdan çox olduğunu qeyd edərək, sənədi bütün dövlət orqanları üçün yol xəritəsi adlandıra bilərik. Çünki auditin bütün büdcə vəsaitini əhatə edəcəyi təqdirdə pozuntuların qarşısının alınması imkanları daha böyük olardı, lakin dünyada belə praktika yoxdur. Çünki palatanın ştat tərkibinin limiti var və biz ötən il müqayisəli təhlillə onun əməkdaşlarının sayının artırılmasını təklif etmişdik.

Hesabatda diqqətinizi cəlb etmək istədiyimiz məqam qeyri-büdcə fondları ilə bağlıdır. Bildiyiniz kimi, məhz cərimə və sanksiyalar əsasında formalaşan belə fondların istər gəlir, istərsə də xərclərinin şəffaflığına dair ictimai fikirdə çoxlu suallar yaranır. Ona görə də palatanın fəaliyyətində getdikcə büdcə sisteminin təkmilləşdirilməsinə dair irəli sürülən təkliflərin mütləq əksəriyyətini qəbul etmək hökumətin fəaliyyətinə bütün növ maliyyə fəaliyyətinə dair aydın təsəvvür yaratmağa imkan verərdi". Komitə sədri əlavə edib ki, ikinci mühüm məsələ, Qarabağa Böyük Qayıdış proqramının icra olunması ilə bağlıdır: “Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək 100 minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğunu görə bilər. Ötən günlərdə Ağdamdan Xankəndinə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işlər gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisə idi. Bizə görə orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Onlar müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidirlər. Ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır. Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir”.

Müzakirələrdən sonra hesabat qəbul olundu.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi də birinci oxunuşda müzakirə olundu. Deputat Səyyad Salahlı (Aran)  tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsini təklif etdi. Deputat bildirdi ki, abidələrin sonrakı taleyi ilə bağlı narahatlıq keçirməliyik: “Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nə olacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur. Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. "Qorxma mən səninləyəm" filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə, bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq. Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?

S.Aran əlavə edib ki, abidələrin bir çoxu uçub-dağlır: “Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə, nə olsun?”

Spiker Sahibə Qafarova deputatın fikirlərinə etiraz etdi. "Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?", spiker bildirdi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR