İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik sürücülərə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib.

Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir:

"Təəssüflə qeyd edilməlidir ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır".

FHN-nin məlumatında qeyd edilib ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir:

"Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!

Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə saxlanılmalıdır.

Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və əgər yanğın kiçikdirsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR