İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha üç kənd sakinlərinə qucaq açdı

Hazırda Qarabağa və Şərqi Zəngəzura köçürülənlərin sayı 40 mindən çoxdur

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı uğurla həyata keçirilməkdədir. Aprelin 21-də növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdamın Sarıcalı kəndinə 34 ailə -141 nəfər, Xocalının Ballıca kəndinə isə 21 ailə - 83 nəfər köçürülüb.

Son köçürülmə də daxil olmaqla, artıq Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb. “Doğma yurdumuzu tərk edəndə cavan idim. İndi o torpaqlara qızım, oğlum, gəlinim və nəvələrimlə qayıdıram”.

Bunları Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Əliyeva Almas söyləyib.

“Otuz ildən də çox bir müddətdə doğma elimizdən ayrı qaldıq. Yurdumuza qayıtmaq əlçatmaz arzu kimi görünsə də, ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrilib. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, - deyə keçmiş məcburi köçkün bildirib.

post-img

Ballıca kəndinin yeni sakini, məcburi köçkünlüyə əbədi vida edən Vüqar Əhmədov bu günü uzun illər arzuladıqlarını bildirib: “Azərbaycanın hər qarışı bizim üçün əzizdir, doğmadır. Ancaq doğulduğun, böyüyüb boya-başa çatdığın Vətən torpağı həmişə insanı özünə çəkir. Xoşbəxtəm ki, yenidən Qarabağa qayıtdım, bundan sonra burada yaşayacağam. Mən fürsətdən istifadə edib bütün keçmiş məcburi köçkünlər adından xalqımıza bu qüruru, bu sevinci bəxş etdiyi üçün möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür etmək istəyirəm. Dövlətimiz Ballıcada bizim üçün hər cür şərait yaradıb. Biz də bu torpaqlara sahib çıxıb, əkib-becərib, bu yerlərin yenidən dirçəlişində iştirak etməliyik. Qoy dostlar baxıb sevinsin, düşmənlərimizin gözləri kor olsun”.

Atası Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Ceyhunə Abdullayeva da Ballıcaya qayıdış həyəcanını yaşayanlar arasındadır. O, təəssüratlarını bölüşüb: “Bu gün keçirdiyim hissləri sözlə ifadə etmək həqiqətən çox çətindir. Özümə söz vermişəm ki, kədərlənməyim. Çünki həm torpaqlarımız işğaldan azad edildiyi üçün, geri, doğma yurdlarımıza qayıtdığımız üçün atamın ruhu şaddır. Həm də illər boyu çəkdiyimiz Qarabağ həsrəti sona çatır. 11 yaşında çıxdığım Xocalıya qayıtmaq, burada yaşamaq ən böyük arzum idi. Bu gün arzuma çatdığım üçün özümü çox xoşbəxt hesab edirəm! Bir də ona görə xoşbəxtəm ki, dörd övladım bundan sonra daha öz ev-eşiyimizdə rahat, firavan yaşayacaq, məcburi köçkünlük bitdi”.

Aprelin 22-də də Böyük Qayıdış prosesi davam edib və növbəti köç karvanı bu dəfə Ağdərənin Həsənriz kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 20 ailə - 68 nəfər - Bərdə rayonundan 12 ailə (42 nəfər), Tərtər rayonundan 5 ailə (16 nəfər), İsmayıllı rayonundan 1 ailə (5 nəfər), Bakı şəhərindən isə 2 ailə (5 nəfər) köçürülüb. Beləliklə, 22.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla, Həsənriz kəndinə cəmi 90 ailə (306 nəfər) yerləşdirilib.

Həsənriz kəndinə qayıdan Firqə Dadaşova buna görə çox sevincli olduqlarını bildirib. O, kənd camaatının yenidən bir araya gəlməsindən fərəhləndiyini qeyd edib: “Kəndimizin gözəl havası, təmiz suyu, mehriban insanları var. Uzun illər camaatımız bir-birindən aralı düşmüşdü. Şükürlər olsun ki, artıq elimiz bir yerə cəm olur. Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik. Axır ki bu dağlarda doğma səslər əks-səda verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır".

Yazını hazırladı: Cavanşir ABBASLI 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR