İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni müharibə başladı - İsrail "Hizbullah"ı məhv edə biləcəkmi?

İsrail Livandakı "Hizbullah" hədəflərinə yeni hücuma keçdiyini açıqlayıb. Bildirilib ki, İsrail aviasiyası Livanın cənubundakı Bekaa bölgəsini hədəf alıb. 

Digər tərəfdən, Livandan İsrailin şimalına çoxlu raket atıldığı açıqlanıb. 

"İsrail Ordusu Radiosu" bəzi yaşayış məntəqələrində hava hücumu sirenlərinin işə salındığını, Livandan İsrailin şimalına 25 raket atıldığını bildirib.

Bu raketlərin bir neçə yanğına səbəb olduğu, lakin tələfat olmadığı bildirilib. 

Livandan atılan raketin Birya bölgəsinə düşdüyü və İsrail ordusunun Qolan təpələrinin şimalındakı yolları və marşrutları bağladığı bildirilir.

İsrail mediası bir saatdan az müddətdə Livandan müxtəlif yaşayış məntəqələrinə 45 raket atıldığını açıqlayıb.

"Hizbullah" da bəyanatında iki İsrail hərbi bazasını hədəf aldığını qeyd edib. 

Beləliklə, yeni müharibə başlayıb.

Bəs İsrail "Hizbullah"ı məhv edə biləcəkmi?

ZEYNAL .png (200 KB)

Musavat.com xəbər verir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür mövqe bildirib:

"Uzun müddətdir ki, gözlənilən İsrail-Livan, daha doğrusu, İsrail-"Hizbullah" müharibəsi rəsmi şəkildə başladı. 1 ilə yaxındır ki, HƏMAS-a qarşı əməliyyat aparan, sonda təşkilatın rəhbəri İsmayıl Haniyəni Tehranda məhv etməyi bacaran İsrail indi də "Hizbullah"ı sıradan çıxarmağı hədəfləyir.

İsrail ordusu HƏMAS-a ciddi zərbələr endirib, onu xeyli zəiflətsə də, eyni uğurların "Hizbullah"a qarşı qazanılacağı bir qədər müəmmalıdır. Çünki "Hizbullah" HƏMAS-dan fərqli olaraq daha mütəşəkkil qüvvədir və İran tərəfindən ciddi şəkildə dəstəklənir".

Politoloq qeyd edib ki, İsrailin "Hizbullah"ı neytrallaşdırmaq istəyində bir neçə məqsədi var:

"Netanyahu hökuməti ölkənin şimal sərhədlərinin təhlükəsizliyindən ciddi şəkildə narahatdır. Uzun müddətdir ki, "Hizbullah" təhlükəsinə görə hökumət ölkənin şimalına ciddi şəkildə investisiya qoya bilmir. İkincisi, "Hizbullah"la baş verən toqquşmaya görə xeyli sayda insan ölkənin şimalını tərk edərək digər bölgələrə köçüb. Bu isə ərazisi kifayət qədər kiçik olan İsraildə ciddi problemlərə yol açır.

Digər önəmli bir məsələ isə İranı Yaxın Şərqdə müharibəyə cəlb etməkdir. İsrail Qərblə münasibətləri düzəltmək istəyən yeni prezident Məsud Pezeşkiana bu məsələdə mane olmaq istəyir. İstər İran müharibəyə daxil olsun, istər olmasın, bu, indiki halda İsrailə sərf edəcək amildir. İran müharibəyə daxil olmasa, İsrail "Hizbullah"ın üzərinə daha güclü şəkildə gedəcək. Daxil olarsa, Qərbi prosesə cəlb edərək paralel şəkildə İranla Qərb arasında olan münasibətlərin daha da pozulmasına səbəb olacaq".

Zeynal Əmrəliyevin fikrincə, İsrail "Peycer əməliyyatı" ilə "Hizbullah"la savaşa ciddi şəkildə hazırlaşdığını ortaya qoymuş oldu:

"Hələ ki, İsrailin birbaşa Livana ordu yeridib-yeritməyəcəyi bilinmir. Əslində yəhudi dövləti Livanla müharibə aparmır. Onunla döyüşən Livan ordusu deyil. Livan ordusundan dəfələrlə böyük və güclü olan "Hizbullah"dır. Netanyahu hökuməti HƏMAS-a qarşı həyata keçirdiyi siyasəti "Hizbullah"a qarşı da tətbiq edə bilər. Təşkilatın yüksək rütbəli şəxslərinin aradan götürülməsi istisna deyil.

19 sentyabr gecəsi İsrail bombardmana başladıqdan dərhal sonra İran prezidenti Məsud Pezeşkian və "Hizbullah" lideri Həsən Nəsrullah arasında telefon danışığı oldu. Ehtimal ki, danışıqlar zamanı "Hizbullah" liderlərinin təhlükəsizlik məsələsi də geniş müzakirə edilib. Hazırda İran üçün əhəmiyyətli məsələlərdən biri məhz budur. HƏMAS liderinin öldürülməsindən sonra eyni aqibətin "Hizbullah" liderlərinin də başına gəlməsi Pezeşkianı çətin vəziyyətə sala bilər.

İsmayıl Haniyənin öldürülməsindən sonra Pezeşkian Qərblə münasibətləri gərginləşdirməmək üçün İsrailə cavab verilməsini təxirə sala bilsə də, ikinci bu şəkildə baş verəcək hadisə ciddi problemə yol aça bilər. Bu zaman yeni seçilmiş prezident SEPAH-ın təzyiqinə tab gətirə bilməyəcək və İran İsrailə zərbə endirməli olacaq. Bu isə Qərb və Tehran arasında normallaşma prosesinin üstündən birdəfəlik xətt çəkmək deməkdir".

Politoloqun ehtimalına görə, İran İsrailin Livana hücumuna da birbaşa cavab verməyəcək:

"Yaxın Şərqdə fəaliyyət göstərən digər proksi qüvvələr vasitəsi ilə "Hizbullah"a dəstək verməyə çalışacaq. "Ənsarullah" və HƏMAS böyük, həmçinin Suriyada İran dəstəkli xırda qrupların müharibəyə cəlb olunması ehtimalı yüksəkdir.

Tehran bu məsələdə ehtiyatlı olmalıdır. Pezeşkian maksimum şəkildə çalışacaq ki, İranı birbaşa savaşa qatmasın. Ancaq bunun əksini istəyən İsrailin İranı prosesə cəlb etmək üçün əlindən gələni edəcəyi şübhəsizdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR