Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son üç ayda Rusiyaya dördüncü səfər edərək bu gün yenə Putinlə görüşdü. Rəsmi bilgi belədir ki, Kremldə keçirilən danışıqlar üç saatadək davam edib, tək Ukrayna məsələsi deyil, iki dövlət arasında münasibətlərin bundan sonrakı perspektivləri müzakirə olunub.
İndi diqqətlər daha çox Krımın Rusiya ərazisi kimi tanımaq üzərində fokuslanıb. Tramp hətta bu təklifini qəbul etməyən Zelenskini hədələyib “ya sülh sazişi bağlamalıdır, ya da 3 ildən sonra bütün ölkəni itirəcək” deyib. Trampın dünən “Krımı bir güllə atmadan təslim ediblər” sitəmini 2014-cü ildən yazmışam, həm də bir az daha sərt: “Hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan ərazilərini Rusiyaya “birləşməsinə” imkan verdilər”.
Rusiyanın 2014-cü ildə Krımı niyə ilhaq etdiyi hamının yadındadır, bunun ən böyük suçlusu həm də “NATO qoşunları bu gün-sabah Sevastopolda olacaq” deyən Qərbin hərbi-siyasi gücləri idi. Üstəlik, Ukrayna hakimiyyəti son on illiklərdə Krım tatarlarına güvənmədilər, yarımadada onların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” üçün maneə yaratdılar, əsassız həbslər aparıldı. Rusların sayı da məhz Ukrayna hakimiyyətlərinin belə korazehinliyi sayəsində artdı və Krımın ilhaqı bir referendumla gerçəkləşdi. Vaxtilə eyni siyasəti sovet hökuməti Qarabağda da həyata keçirmişdi, DQMV adlı qondarma qurum vasitəsilə erməniləşmə siyasəti aparmışdı. Amma Heydər Əliyevin birinci hakimiyyəti dövründə bu siyasətin genişlənməsinə imkan verilməmiş, ermənilər Şuşa kimi tarixi şəhərimizdə kök ata bilməmiş, eləcə də Qarabağ ətrafında bir sıra ərazilərdə azərbaycanlıların etnik üstünlüyü saxlana bilmişdi.
Putin 25 ilik (1999-cu il) hakimiyyətində özünün ən mühüm nailiyyətini Krımın Rusiyaya birləşdirilməsini hesab edir və buna görə də yarımadanı hətta “sonuncu rusiyalıya” kimi döyüşüb saxlamağa hazırdır. Ukraynanın ordu rəhbərliyi isə indiyədək Krımın işğaldan azad ediləcəyi tarix haqda müxtəlif vədlər veriblər- gah yaz, gah payız deyiblər. “Krımın işğaldan azad edilməsi üçün 12 addım” adlı planda 2014-cü ilin fevralından sonra Krıma gələn Rusiya vətəndaşlarının oradan çıxarılması, daşınmaz əmlak alqı-satqısı əməliyyatlarını etibarsız sayılması və Krım körpüsün sökməsi və s. nəzərdə tutulurdu. Müharibənin ilk aylarında Krım yarımadası de-fakto arxa cəbhə idi, amma bu üç ildə bura da passiv də olsa, döyüş bölgəsi hesab olunur.
Xatırladığım qədər Ukrayna ən azı iki dəfə Krım körpüsü ilə yarımadanın əlaqəsini kəsməyə hesablanmış hücum təşkil edib, amma körpünü ancaq bir neçə müddətə bağlanmasına nail ola bilib. Kerç boğazı üzərindən keçən ilk körpü 1944-cü ildə, təxminən 4 km uzunluğunda tikilibmiş, lakin layihələndirmədəki səhvlər ucbatından tezliklə dağılıb. İkinci körpü tikintisi Krımın anneksiyasından iki il sonra- 2016-cı ildə başlayıb və 2019-cu ildə istifadəyə verilib. 19 kilometrlik körpüdən həm qatar, həm də avtomobil yolu var. Körpü 3,55 milyard dollara başa gəlib. Körpünün mühafizəsi üçün Rusiya Qvardiyasının xüsusi dəniz briqadası da yaradılıb, avtomatlaşdırılmış rabitə sistemləri ilə təchiz edilmiş sualtı diversiya qruplarını aşkar etmək üçün hidroakustik stansiyalar da, hava hücumundan müdafiə üçün hər cür müdafiə istehkamları qurulub. Amma körpünü vurmaq, lap uçurmaq hələ Krıma sahiblənmək demək deyil.
2014-cü ildən işğal edilən Krımın ərazisi 26 min 861 kvadrat kilometr, Sevastopul isə 1079 kvadrat kilometr əraziyə sahibdir. Amma bu Rusiyanın 2022-ci ilin fevralınadık ələ keçirdiyi ərazilərin yalnız bir hissəsi idi. Donetsk (ərazisi 26.517 kvadrat. km) və Luqanskdan (ərazisi 26.683 kvadrat.km) ibarət Donbasda(Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadrat kilometrinə nəzarət edirdi. Yəni müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadrat kilometr idi. Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi zatən Kiyevin nəzarətində deyildi.
Trampın şərti sülh planında bu ərazilərlə bağlı hesablamanı necə apardıqları bəlli deyil, amma bu faktlardan xəbərsiz də ola bilməzlər. Yəni Rusiya ərazi olaraq müharibəyədək ələ keçirdikləri ərazilərə çətin ki, Ukraynanın iddiası olsun. Rusiya nəyi geri qaytaracaq, nəyi yox, bunu yaxın aylarda bilmək olar. Ümumiyyətlə, Trampın heç bir diplomatik gizlilik gözləməməsi bir tərəfdən yaxşıdır, amma bu aşkarlıq danışıqlara ziyan da vurur.
Diplomatiyaya bir az şans vermək, hansısa təklifləri publik deyil, bağlı qapılar arxasında müzakirə edib sonda ictimailəşdirməkdə fayda var.
Krım və Ukraynanın işğalda olan torpaqları ilə bağlı Azərbaycanın fəal kəsimini ağrılı reaksiyasını başa düşmək olar. Biz də bu sınaqlardan keçmişik. Amma dəfələrlə onu da yazmışam ki, Azərbaycan xalqının torpağa bağlılığı tarixi vətənlərində üzləri gülməyən qəzzalalarla müqayisə oluna bilər, amma bağışlayın, məncə, Ukraynanın torpaq acısı bizim kimi deyil. Biz 30 il bu işğaldan yazdıq, yuxularımıza girən qəbirlərimizə sızladıq, qarı-yağışı üçün darıxdıq. Həm də təkcə oraların adamları kimi deyil, millət olaraq bu torpaq itkisini yaşadıq. Belə olmasaydı, Qarabağı heç vaxt geri ala bilməzdik.
Mustafa Krımoğlu türk dünyasında tanınmış simadır, bir neçə il əvvəl müsahibəsində “Azərbaycan torpağını ona görə geri aldı ki, Rusiyaya qarşı deyildi” demişdi. Yəni Ukrayna Krımı ona görə itirib ki, Qərbin yanındadırlar, Rusiyaya qarşıdırlar. O vaxt ağsaqalla cavab yazmışdım, indi ona görə xatırladıram ki, Krım tatarları dünyanın dörd bir tərəfində özünə yeni vətən tapmış bəzi ukraynalılarla müqayisə edilməz. Tatarların tarixən başı çox zülm çəkib, Krımda yaşamaq onların haqqıdır. Tatarların Rusiyada inkişaf etmiş respublikası var, yəni Rusiyaya “birləşsə”də bildiyim qədər tatarları yarımadadan qovan olmayıb.
“Bu xəmir hələ çox su aparacaq”. Bir tərəfdən də Hindistan və Pakistan Kəşmirə görə yenə bir-birlərinə girməyə hazırdırlar. Biz isə yaşadığımız ölkəyə şükür etməliyik. Bu qələbənin qiymətini bilmək lazımdır. Dünyada nələr baş verdiyini bir daha gördükdən sonra həm də...
Nazim SABİROĞLU,
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ