Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqları yeni və kritik mərhələyə daxil olarkən, Avropa liderləri həm Ukrayna Prezidenti Volodimir Zelenskiyə tam dəstək verdiklərini bəyan edir, həm də onu ABŞ Prezidenti Donald Trampın təklif etdiyi mübahisəli razılaşma şərtlərinə yaxınlaşdırmağa çalışırlar.
The Washington Post qəzetinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer xüsusilə şərtsiz atəşkəs tələb edən Zelenskini açıq şəkildə dəstəkləyiblər. Bununla belə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Moskvada Vladimir Putinlə apardığı danışıqlar, Qərb diplomatiyasına ciddi təzyiq yaradıb.
Moskva görüşləri zamanı Rusiya Prezidenti Vladimir Putin, ABŞ tərəfinin təklif etdiyi tam atəşkəs rejimini qəbul etməyib. Bu isə həm Tramp administrasiyasının, həm də Avropalı müttəfiqlərin vəziyyətini çətinləşdirir.
Qeyd edək ki, Tramp administrasiyası tərəfindən təqdim edilən sülh planında Krımın Rusiya ərazisi kimi tanınması, Donetsk və Luqanskın statusunun razılaşdırılması, Ukraynanın NATO-dan imtina etməsi, əvəzində isə təhlükəsizlik zəmanətlərinin verilməsi kimi maddələr yer alır.
Analitiklər qeyd edirlər ki, Avropa liderləri Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə davam etsələr də, müharibənin uzanması və iqtisadi təzyiqlər fonunda daha “praqmatik” çıxış yollarına meyil artıb. Bu səbəbdən də Zelenskinin istəkləri ilə Trampın planı arasında bir körpü qurmağa çalışırlar.
Bu vəziyyət Zelenskinin manevr imkanlarını azaldır, eyni zamanda Rusiya ilə Qərb arasında yeni formatda əməkdaşlığın mümkünlüyü barədə ehtimalları da gücləndirir.
Hazırkı mərhələdə Avropa liderləri çalışır ki, ABŞ-ı daha “mülayim və ədalətli” sülh planına yönəltsinlər. Ukrayna tərəfi isə təhlükəsizlik zəmanətləri, ərazi bütövlüyünün qorunması və tam suverenlik prinsipləri olmadan heç bir razılaşmaya getmək istəmir.
Bütün bunlar fonunda, qarşıdan gələn həftələrdə Ukrayna-Rusiya sülh danışıqlarının taleyini həm ABŞ-dakı siyasi dinamika, həm də Avropa liderlərinin diplomatik səyləri müəyyən edəcək.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ