Onlayn ictimai-siyasi qəzet
Ürək tutması dünyada ən çox yayılan ölüm səbəblərindən biri olaraq qalır. Lakin elmi tədqiqatların nəticəsi olaraq artıq ürək tutmasını dəqiqələr içində müəyyən edən yeni qan testi hazırlanıb. ABŞ -nin məşhur Cons Hopkins Universitetindən olan alimlər bu yeniliyi həyata keçirdərək, ürək tutmalarını sürətli və dəqiq şəkildə müəyyən edən bu testin təcili tibbi yardımları daha effektiv və çevik hala gətirəcəyini qeyd edirlər.
Ürək tutmaları ani müdaxilə tələb edir və erkən diaqnoz həyat qurtarmaq üçün kritik rol oynayır. Bununla belə, bu cür diaqnozun erkən mərhələlərdə qoyulması, simptomların fərqlilik göstərməsi və bəzən aşkarlanmasının çətin olması səbəbindən son dərəcə çətin ola bilər.
Musavat.com TRTHaber-in məlumatına əsasən bildirir ki, Cons Hopkins Universitetinin tədqiqatçısı Peng Zheng, yeni texnologiyanın bu çətinliyin öhdəsindən gələ biləcəyini açıqlayıb: “Ürək tutmalarını erkən mərhələdə müəyyən etmək həyati əhəmiyyət daşıyır, lakin klinik şəraitdən kənarda bunu etmək çox vaxt qeyri-mümkün olur. Hazırladığımız bu yeni test isə insanların ürək tutması keçirib-keçirmədiyini tez və dəqiq müəyyənləşdirməyə imkan verir".
Hər il təkcə ABŞ-da 800 mindən çox insan ürək tutmasından əziyyət çəkir. Yeni yaradılan bu qan testi isə bir neçə dəqiqə ərzində ürək tutmasının biomarkerlərini müəyyən etmə qabiliyyətinə malikdir. Bu çip texnologiyası, Raman spektroskopiyası vasitəsilə ürək tutmasının bioloji göstəricilərini saniyələr içində aşkarlaya bilir.
Yeni test, kritik anlarda həyat qurtara bilər
Tədqiqat qrupu bu texnologiyanı daha geniş tətbiq sahələrinə uyğunlaşdırmağı və xəstəxanadan kənarda da istifadə edilə biləcək əl cihazı şəklinə gətirməyi planlaşdırır. Aparıcı tədqiqatçılardan biri olan İshan Barman, “Gələcəkdə bir damla qan ilə saniyələr içində diaqnoz əldə edə biləcəyimiz əl cihazları yaratmağı ümid edirik” deyə bildirib. Bu cür cihazların təcili yardım qrupları və ya evdə istifadə üçün son dərəcə dəyərli olacağı düşünülür. Üstəlik, bu texnologiyanın yalnız ürək tutmalarını deyil, həmçinin xərçəng və digər infeksion xəstəliklərin diaqnozu üçün də uyğunlaşdırıla biləcəyi bildirilir.
Tədqiqat qrupu qan testini daha da inkişaf etdirməyi və daha böyük klinik sınaqlar keçirməyi planlaşdırır. Bu sürətli və dəqiq diaqnoz texnologiyası, ürək-damar sistemində diaqnostik üsullarda böyük bir irəliləyiş kimi qiymətləndirilir. Barmanın dediyinə görə, bu platforma texnologiyası üçün heç bir məhdudiyyət yoxdur və onun ticarət potensialı olduqca böyükdür.
Nəticədə, bu inqilabi qan testi, ürək tutmalarının diaqnostika və müalicə üsullarını köklü şəkildə dəyişdirə bilər, kritik anlarda tez müdaxilə imkanı yaradaraq saysız həyat qurtarmaq potensialına sahibdir.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ