İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın “qəbirqazanları”

“Böyük adamın kiçik ölkəni yeyəcəyi dünyada yaşamaq istəmirik” deyənlər...

Putin və Zelenski eyni gündə müharibənin bitməsi ilə bağlı danışdılar. Vladivostok forumunda Putin dedi ki, Rusiya sülh danışıqlardan heç vaxt imtina etməyib, Ukraynanın neytrallığını da nəzərdə tutan İstanbul razılaşmaları əsasında buna yenə də hazırdırlar. Zelenski isə “NBC News”a müsahibəsində deyib ki, Ukrayna İsveçrədə keçirilmiş ilk sülh sammitinin qətnaməsini imzalayanlarla birlikdə müharibəni bitirmək üçün plan hazırlayacaq və ikinci sammitdə müzakirəyə çıxaracaq. O, Rusiyanın ikinci qlobal sülh sammitində mütləq iştirak etməli olduğunu vurğulayıb.

918e92397263746eef2fd47228581620.jpg (175 KB)

Biz iki Qarabağ müharibəsi yaşamış ölkəyik və belə diplomatik tryukların nə demək olduğunun fərqindəyik. Ömrümüzün 30 ilinin “yeyib” sülh danışıqları. Ortada isə heç bir nəticə olmayıb. Ona görə elə ən yaxşı biz bilirik ki, danışıqlara hazır olmaqla müharibəni bitirmək arasında ciddi fərqlər var. Çünki hər iki tərəfin hərbi əməliyyatları başa çatdırmaq üçün öz şərtləri var. Putinin şərtlərinin xatırlayaq: Ukrayna öz qoşunlarını dörd regiondan (Donetsk, Zaporojye, Luqansk və Xerson) çıxarmalıdır. Kiyevin rəsmi mövqeyi də dəyişməzdir: bütün rus qoşunları 1991-ci il sərhədləri daxilinə geri çəkilməlidir. Zelenski Rusiyaya təklif olunacaq ayrıca sülh planı hazırlanacağını deyir, ancaq bu sənədin də Moskvanın artıq qəbuledilməz adlandırdığı “sülh formulundan” əsaslı şəkildə fərqlənəcəyi gözlənilmir. Nə sülh formulları eşitmədik: “Kavano planı”, “Lavrov planı”, “Medvedyev planı”, Madrid prinsipləri...Hamısı nəticəsiz. Ukrayna daha qlobal müharibədir, bütün dünyanı silkələyir, yeni dəngələr yaranır, əskiləri pozulur... 925 gündür davam edir, nə qədər davam edəcəyini isə “o lotular” bilir.

8f64d9592b0f25eedabeebdc6e4bf7c3.jpg (54 KB)

Qərbdən də bu mövzuda qarışıq siqnallar gəlməkdədir. Məsələn, Avstriya kansleri danışıqları öz ölkəsində təşkil etməyə hazır olduğunu deyib. Britaniyanın sabiq baş naziri, türk kökənli Boris Conson isə yenə təəccübləndirməyib. Bu adamın Ukrayna xalqı ilə nə düşmənçiliyi var, doğrusu anlamaq çətindir. Prankerlər “Vovan” və “Lexus” onu kiminsə adı ilə müsahibəyə çəkiblər. Vaxtilə sonuncu ukraynalıyadək müharibənin davam etməsini istəyən Conson indi də deyib ki, Ukraynaya daha çox uzaqmənzilli raketlər verilməli, onların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmalı və Krım körpüsü vurulmalıdır. Conson onu da deyib ki, 18-25 yaşlı gənclər səfərbərliyə cəlb olunursa, ordunun sayı və gücü artar. Bu, elə sonuncu ukraynalıyadək ölməyə çağırışın təkrarıdır...

İki il əvvəl istefaya gedəndə yazmışdım ki, Consona düşən və yaraşan bu olar ki, hərbi paltarını geyinib getsin Kiyevə, Zelenski də onu ön cəbhəyə göndərsin, gedib Ukrayna sevgisini bir də belə sübut etsin. Conson baş nazir olanda ortadan çıxmırdı, zamanını və enerjisini öz ölkəsindən daha çox “Rusiyanı məğlub etməyin yollarını axtarmağa” sərf edirdi. Britaniya nəhəng siyasət-diplomatiya adamlarının vətənidir, amma Consona bu “qazandan az pay düşdüyü” əvvəldən aşkar idi. Siyasətdən uzaqlaşsa da, açıqlamalarından görünür ki, əski kafadadır, heç dəyişməyib. Ukrayna ciddi itkilər verib, ölkə dağılıb, ən azı 9-10 milyonu xaricə qaçıb. Bu “ağıllı” isə deyir ki, yeniyetmələri də səfərbər edin, göndərin qırılsınlar. Vətəni qorumaq hər bir vətəndaşın borcudur, amma Ukraynada “o həna deyil” və bunu hamıdan yaxşı Boris bilir...

1633877610_sd.jpg (85 KB)

ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland da Ukraynanı yaxşı tanıyır. “Maydan hərəkatı”ndan bəri Dövlət Departamentində Ukrayna onun kurasiyasında olub. O da Rusiya ilə sülhün əleyhinə fikirlər səsləndirib, Amerika xalqının Trampın Ukraynadan üz döndərməsinə imkan verməyəcəyini deyib. Amma Nuland diqqətçəkən bir fikir də söyləyib. “Biz böyük adamın kiçik bir ölkəni istədiyi üçün yeyə biləcəyi bir dünyada yaşamaq istəmirik”. Qulağa xoş gələn sözlərdir. Amma demir ki, o ölkəni “böyük adamın ağzına atıb” bədbəxt edənlər elə özləridir. İndi kənardan da hələ “dayanma, savaş deyirlər...”

Qərb ölkələrinin indiki hakimiyyətləri də aşağı-yuxarı eyni mövqedədirlər. Müharibənin sona çatması üçün danışıqların zəruriliyi haqda fikirlər səslənsə də, bu mövqe hələ dominant deyil...

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR