Onlayn ictimai-siyasi qəzet
"Amerika Birləşmiş Ştatlarının Çindən idxal olunan bütün mallara qarşı 104 faizlik rüsum tətbiq etməsi iki ölkə arasında ticarət müharibəsini yeni mərhələyə keçirib. ABŞ prezidenti Donald Trampı belə bir qərar verməyə məcbur edən səbəb Pekinin Ağ Ev sahibinin tarifləri artırması qərarına adekvat cavabı olub".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Ağ Ev Pekinin danışıqlara maraq göstərəcəyinə ümid edirdi, ancaq Çin tarifləri atırmaqla ABŞ-a cavab verib:
"Bununla Pekin Vaşinqtonun təzyiqi qarşısında geri çəkilməyəcəyini göstərib. Bu, iki ölkə arasında tariflərin tənzimlənməsiylə bağlı yeni sazişin imzalanması ehtimalını azaldıb.
Donald Tramp keçmiş prezident Co Baydenin müxtəlif ölkələrlə ticarət siyasətini tənqid edərək tariflərin artırılmasının ABŞ üçün faydalı olacağına inandığını ifadə edib. "Tariflər çox gözəl şeydir" – ifadəsini təkrarlamaqdan yorulmayan Ağ Ev sahibi ABŞ ilə ən böyük ticarət kəsiri olan ölkələrin fərdiləşdirilmiş tariflərlə üzləşdiklərini bildirib.
Donald Tramp əvvəlki açıqlamalarında çinli həmkarı Si Cinpini “dostu” adlandırsa da, Çini bu şəkildə xəbərdar edib: “ABŞ Çinlə ticarətdə yüz milyardlarla dollar itirir. Biz bu problemi həll etməyənə qədər Pekinlə tariflərlə bağlı yeni saziş imzalamayacam".
Tramp səhm bazarlarının çökməsində maraqlı olmadığını söyləsə də, bəzi hallarda təsirli "dərmanlara" da ethiyac duyulduğunu vurğulayıb. Donald Tramp birinci prezidentlik müddətini xatırlayaraq o zaman tariflərin tətbiqi zamanı Çindən yüz milyardla dolları geri aldığını bildirib. O, bu strategiyasını davam etdirəcək".
Elxan Şahinoğlu bildirib ki, Donald Tramp yenə Çinin "TikTok" sosial platformasından danışıb:
"Tramp "TikTok"un ABŞ-dakı bölümündə ölkə şirkətlərinin pay almasını istəyir. Pekin bununla bağlı addım atmağa tələsmir. ABŞ "TikTok"da pay əldə etməsə, bu platformanın ABŞ ərazisində fəaliyyətinə imkan verilməyəcək.
Çindən gələn açıqlamalar ondan xəbər verir ki, Pekin Vaşinqtonla qarşıdurmanın davamına hazırdır. Halbuki, tarif müharibəsi hər iki ölkəyə mənfi təsir edəcək. 2024-cü ildə Çinlə ABŞ arasında ticarət mübadiləsinin həcmi təxminən 688 milyard dollar olub. Çin ABŞ-dan aldığından 3 dəfə çox bu ölkəyə məhsul satır. ABŞ-ın Çindən aldığı məhsullar sənayenin müxtəlif sahələrini əhatə edir. Bu məhsullara tətbiq ediləcək tariflər iki ölkə arasında ticarət mübadiləsinin həcmini azaldacaq, bu isə Çinin gəlirlərini azaldacaq.
Çinin ixraca yönəlik minlərlə müəssisəsi diqqəti daxili bazara yönəltmək məcburiyyətində qalacaq".
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ