Onlayn ictimai-siyasi qəzet
Dostunu, yaxud ortağını göstər, deyim kimsən, nəçisən, nə məzhəbə qulluq edirsən. Bu klassik test siyasi münasibətlər və siyasi niyyətlərin dəqiqləşməsi üçün də keçərlidir. Gəldik mətləbə.
Paris Şəhər Şurası Türkiyədə həbsdə olan sabiq İstanbul meri Əkrəm İmamoğlunun müdafiəsinə qalxıb. Ona “fəxri vətəndaşlıq” verib. Müvafiq qərar Şəhər Şurasının iclasında qəbul edilib.
Mer Ann İdalqonun iddiasına görə, İmamoğluya partiyasını təmsil etmək və milyonlarla türkün adından danışmaq ədalətsiz şəkildə qadağan edilib, ona görə də o, Parisin tam dəstəyini gözləyə bilər: “Fəxri vətəndaş adını almaq İmamoğluya müqavimət göstərmək gücü verəcək və Türkiyə hakimiyyətini demokratik ağlın səsinə qulaq asmağa məcbur edəcək”.
Xeyir ola? Ann İdalqonun qulağına səsmi dəyib? Nədən həşirə düşüb? Onun İmamoğlu rəğbəti və ya sevgisi səmimimi? Doğrudanmı o, Türkiyədə demokratiya sarıdan, Türk xalqının gələcəyindən narahatdır? Bəlkə arada güzgüyə baxsın?..
Əkrəm İmamoğlu bir türk. İdalqo isə qatı ermənipərəst, ifrat türkofob və irqçi. Ermənilərin böyük və sadiq dostu. İşğal dövründə və ondan sonra suverenliyimizi və ərazi bütövlüyümüzü heçə sayan, Qarabağa qanunsuz səfərlər edən, dünənədək “arsax”a müstəqillik tələb edən, hələ də bizə pisliklərindən və təxribatlarından qalmayan bir siyasi şarlatan.
Nə vaxtdan o, İstanbulun keçmiş merinin, ana müxalifətin təəssübkeşinə çevrilib? Nədən az öncə Emmanuel Makronun haqqında həbs qərarı çıxartdırdığı müxalifət lideri Marin Le Penə niyə eyni rəğbəti bəsləmir, ona da “fəxri vətəndaşlıq” verdirmir bu “demokrat madam”?
Yaxud Paris meri Türkiyə prezidenti Ərdoğana belə jestlər, reveranslar edərmi? Əlbəttə, yox...
Əslində bu, Əkrəm İmamoğluna “ayı xidməti”dir. (Görəsən sabiq mer Paris Şəhər Şurasının qərarından məmnundurmu?) Çünki İdalqo çaplı elementar siyasi etikanı gözləməyən, ermənidən çox erməni olmağa can atan, saxtakar və şərçi, ermənipərəst birisinin türk toplumunda müsbət imici ola bilməz.
Şübhə yox ki, erməni lobbisinə və “Hayastan” fonduna bağlı bu şeytanın məqsədi İmamoğlunu müdafiə eləmək yox, qardaş ölkədə daxili siyasi çəkişmələrə öz çirkin “töhfə”sini verməkdir, aranı daha da qarışdırmaqdır. Ən böyük arzusu isə bir erməni yanlısı kimi, Türkiyənin regional güc statusunun zəifləməsi və onun Azərbaycana gərəkən siyasi-hərbi dəstəyi verə bilməyəcək vəziyyətə düşməsi, beləcə, “kiçik bacı” Ermənistanın revanşist planları üçün daha əlverişli zəminin yaranmasıdır. Təbii ki, Paris merinin təbirincə...
İnşallah, arzusu yenə gözündə qalar. Hər halda Türkiyə cəmiyyətində adil və praqmatik kəsimin üstünlükdə olduğuna əminliyimiz qalır. Azərbaycanla qardaş ölkənin əlaqələr isə sırf hakimiyyətlərə bağlı, sıradan əlaqələr deyil. Şəxslərdən və şəxsiyyətlərdən çox-çox yüksəkdə duran, iki xalq arasında artıq ət-dırnaq kimi olmuş, tarixin sınaqlarından uğurla çıxmış dost-qardaş münasibətləridir. Bu münasibətləri görməzdən gələn siyasilərə Türkiyə elektoratı elə özü yerini göstərər.
Türkiyədə kimin iqtidar, kimin ana müxalifət olmasını sözsüz ki, onun xalqı müəyyən edir. Qarşıdakı böyük seçkilərdə də qardaş toplumun öz seçimini sırf soyuduculara baxıb etməyəcəyinə inamımız tamdır...
Z.SƏFƏROĞLU
ŞƏRHLƏRŞƏRH YAZ