Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Daxili İşlər Nazirliyinin Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi Azərbaycan Respublikası qeydini etməsi əslində təəccüb doğurmamalıdır, bu, beynəlxalq hüquqa əsasən qəbul olunmuş qaydadır”.
Siyasi şərhçi Elşad Paşasoy Medianews.az-a açıqlamasında belə deyib.
E.Paşasoy xatırladıb ki, Ermənistan DİN-in yaydığı açıqlamada sözügedən qeydin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun olaraq əlavə edildiyi bildirilib: “O da vurğulanıb ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı qeyd sərhəd-keçid məntəqələrində problemlər yarada bilər, çünki beynəlxalq standartlar var. Məsələnin təqdim olunan tərəfi mübahisə doğura bilməz. Əgər söhbət sovetlər zamanı Azərbaycan ərazisində leqal olaraq yaşamış şəxslərdən, onların övladlarından, yaxud sovetlərin dağılmasından sonrakı müddətdə separatçı rejimin təhdidləri altında yaşamağa məcbur olan, yaxud Ermənistanın işğalçı siyasətinin girovuna çevrilən, eyni zamanda anti-Azərbaycan proseslərində bu və ya digər şəkildə yer alan şəxslərdən gedirsə, onların pasportlarında Azərbaycana aid qeydin olması məntiqə uyğundur”.
Ancaq E.Paşasoyun fikrincə, Ermənistanın hər zaman Azərbaycana qarşı məkrli siyasət yürütdüyünü nəzərə alsaq, burada da hansısa fitnə-fəsad elementinin olduğunu güman etmək mümkündür: “Söhbət nədən gedir? Ermənistan bir çox hallarda Qarabağ ermənilərinin sayı ilə bağlı manipulyasiya edir və saxta rəqəmləri beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin paytaxtlarına daşıyır. Məsələn, Azərbaycan antiterror əməliyyatı nəticəsində bütün ərazilərini işğalçılardan təmizlədikdən sonra ölkəmizin qanunları əsasında Qarabağda qalıb yaşamağa razı olmayan, öz xoşları ilə Ermənistana gedən ermənilərin sayının 100-150 min arasında olduğu barədə cəfəngiyatlar tirajlanıb.
Rəqəmlərin şişirdilməsi heç şübhəsiz ki, məqsədli idi və rəsmi İrəvan bununla özünün ənənəvi iddialarından əl çəkmədiyini nümayiş etdirirdi. Yeri gəlmişkən, hətta Qarabağ hadisələri başlanan illərdə Ermənistan rəhbərliyi, həmçinin Qarabağdakı separatçı rejimin təmsilçiləri Xankəndi və digər ərazilərdə yaşayan ermənilərin sayını şişirdilmiş şəkildə təqdim edirdi. Qarabağa ayağı dəyməmiş şəxslərin belə adının Qarabağda yaşayanlar sırasına daxil edildiyi, saxta qeydiyyat aparıldığı bizə məlumdur. Bununla da Azərbaycan ərazilərinin ilhaqına nail olmaq istəyənlər, ən azı referendum keçirilməsi yolu ilə bu istəklərinə çatacaqlarını zənn edənlər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin azərbaycanlı əhalidən sayca “üstün” olduğu barədə rəy yaratmaqla arzularına çatacaqlarını düşünürdülər, ona görə də dünyanın ayrı-ayrı ölkələrində yaşayan ermənilərin də adları “Qarabağ sakinləri” kimi qeyd olunmuşdu.
Qarabağ ermənilərinin xarici ölkələrə Ermənistan pasportları ilə gedib-gəldiklərini nəzərə alsaq, bu halda bölgəyə aid olmayan şəxslərin də “qarabağlı” kimi qeydiyyata alınması təəccüblü deyil. Bu mənada tamamilə mümkündür ki, Ermənistan pasportlarını alan Qarabağ ermənilərinin sayı real olaraq götürülməyib, onların sayı dəfələrlə şişirdilib. Azərbaycan Prezidenti hələ 2021-ci ildə bildirmişdi ki, Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Dövlətimizin başçısı onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacağını da bəyan etmişdi. Həmin vaxt Qarabağda mülki ermənilər yaşamaqda davam edirdilər və Azərbaycan onlara birgəyaşayış hüququ təklif etmişdi, lakin bundan imtina etdilər. İndi onlar Ermənistan cəmiyyətinə inteqrasiya olunurlarsa və pasport alırlarsa, bu, onların öz işidir. Lakin əgər Ermənistan rəhbərliyi sülh bəyanatlarının arxasında gizlənib, Qarabağ ermənilərinin sayı ilə bağlı şişirtmələrə yol verməklə, “yüz mindən artıq Qarabağ ermənisi”nin ölkəmizə qarşı hansısa məhkəmə davası açmaq, yaxud onların hansısa mərhələdə geri qayıdışına nail olmaq iştahına düşərsə, bu, rəsmi İrəvana baha başa gələ bilər. Ermənistan rəhbərliyi diqqətli olsun, Azərbaycanda da kifayət qədər arxiv materialları var. Bu mənada doğum yeri Azərbaycan göstərilən ermənilərin sayını şişirtməklə 300 min nəfər Qərbi azərbaycanlının qayıdışı ilə bağlı tələblərin qarşısında hansısa planlar qurmağa cəhd göstərməsinlər. Hətta 2020-ci ilin 14 noyabrından başlayaraq Rusiya sülhməramlıları 52 min 700 ermənini yenidən Qarabağa qaytardığını açıqlamışdı. Heç şübhəsiz, bu da real sayın iki dəfə artırılması idi. İndi gözləyək, görək Ermənistan neçə min erməniyə Azərbaycan qeydi ilə pasport verəcək…”
ŞƏRHLƏRŞƏRH YAZ