Onlayn ictimai-siyasi qəzet
Bu gedişlə yeni bir ifadə əmələ gələcək: “Məzəli cinayət işləri”.
Əslində haradan və necə baxsan, istənilən cinayət faciəvi aktdır. Zərərçəkənlər, həyatı puç olanlar, ağlaşanlar, türməyə gedənlər olur. Ancaq elə işlər də var ki, hadisənin kuryozluğu hər şeyi üstələyir.
Məsələn, bu günlərdə bir məhkəmə prosesində aydın olub ki, Bakıda 43 yaşlı taksi sürücüsü müştərisinin 30 min dollarını ələ keçirib, gedib özünə “yağın içində” maşın alıb və 6 gün boyunca oteldə gününü gün edib: eyş-işrət, kef-damaq, çal-oynasın, vur-partlasın və s.
Düzdür, prosesin axırıı yaxşı gəlməyib, qandalla bitib, amma həmin -1 həftəlik kef onun ömrünün axıranacan bəsdir. Qardaşın xatırlamağa bir şeyi olacaq. 7-8 il yatıb çıxacaq, ömrünün sonuna qədər başına yığışan gənclərə danışacaq ki, siz əmini elə-belə bilməyin e, cavanlığında filan-filan şeyləri edib. Cavanlar da onun “həyat və mübarizə yolunu” təkrarlamaq eşqi ilə cuşa gələcəklər.
Adam taksi sürürmüş. Bir gün maşınına Ülfət adlı zır sərxoş bir şəxs minib və naşı jurnalistlərin “hər şey ondan başladı ki” deyə təsvir etməyə başladıqları situasiya yaranıb.
Sizə deyim ki, bir yol polisləri, bir də taksi sürücüləri rastlaşdıqları adamın kim, nəçi olduğunu, lox olub-olmadığını, cibindəki pul qədərini ilk 3 saniyədə bilirlər. Bu, Allah vergisi deyil, peşə vərdişidir.
Anar adlı taksi sürücüsü də müştərisini dərhal “oxuyub”. Düzdür, o, məhkəmədə deyib ki, guya maşından yarıyolda düşürtdüyü Ülfətin paltarlarının arasında pul olduğunu ertəsi gün bilib, amma bu, hakimlər demişkən, özünümüdafiə ifadəsidir. Yüz faiz o, 30 min dollardan öncədən xəbərdar olub. Bəlkə də sərxoş Ülfət təşərlənərək pulu ona göstərəb və öyünüb: “Qaqan balaca oğlan deyil e. Bax, burda 30 min dollar var”.
Belə adamlar az deyil, görməmişlikdəndir, nədəndir, əllərinə pul keçəndə hər yetənə göstərir, lovğalanırlar. Bu, isə təhükəli şeydir. 7-8 il əvvəl bir iş yoldaşımız cibindən 10 dənə yüzlük dollar çıxardı, mənə göstərə-göstərə saydı və dedi ki, istəyirsən, bir-ikisini verim, xərclə. Əlbəttə, o, sadəcə lovğalanırdı. Dedim ki, qardaş, sən adama bir stəkan çay alan deyilsən, nahaq yerə məni xətaya salma, pulu qoy cibinə, bir də heç kəsə göstərmə. Həmkarım təəccübləndi: “Nə xətası?” Dedim, o xətası ki, sən pulunu ona-buna göstərə-göstərə gəzirsən, marketdən nəsə alanda da camaata göstərəcəksən, “yatıb-çıxmış”ın biri görəcək, dalınca düşəcək, bir dalda yerdə qulağının dibinə bir dənə qoyub pulu aparacaq, polis səndən soruşanda ki, sənin cibində bu qədər pul olduğunu kim bilirdi, mənim adımı çəkəcəksən. Əməkdaşımız bir az fikirləşdi, dedi, düz deyirsən.
O səbəbdən, güman ki, sərxoş müştəri də sürücüyə pul göstərib və onun dəfələrlə “yatıb-çıxmış” olduğunu bilməyib.
Bu “yatıb çıxmaq” məsələsi də elədir ki, içəriyə bir dəfə düşənin oraya ikinci, üçüncü dəfə girməsi adi haldır. Çətini bir dəfə “yatmaq”dır, ondan sonra türmə qorxusu çəkilir və ilk fürsətdəcə adamların “yuxusu gəlir”, gedirlər bir müddət də yatmağa.
Müştərinin 30 min dollarını qapazlayan Anar da fikirləşib ki, uzağı, tutacaqlar dəə, ona qədər xərcləməyə pul var.
Hələ yaxşı ki, o, üstündə 30 min dollar daşıyan müştərini salamat buraxıb. Maşını kimsəsiz yerə sürüb, adamın başını əkə də bilərdi. O lül sərxoş, bu da “yatıb-çıxmış”, olmazdımı?
Bir də yaxşı iş o olub ki, sürücü 21 min manata özünə “Hunday” markalı maşın alıb. Bəs adam yerdə qalan 30 min manatı nə edib? (İndiki məzənnə ilə 30 min dollar 51 min manat edir). Heç nə. Xərcləyib. Yuxarıda nəyə xərclədiyini yazmışam. Hə, bir də mobil telefon alıbmış. Güman ki, “Ayfon”. Mal özgənin, pul özgənin, nə vecinədir. Allah qismətini yetirib, fikirləşib ki, beş günlük dünyadır.
“Beş günlük dünya”da 6 gün kef edən Anarın məhkəmədə bir zibil işi ortaya çıxıb. Məlum olub ki, o, əlinə düşən 51 min manatdan boşandığı qadına aliment ödəməyib. Heç olmasa bunu etsəydi, hakimlər yüngülləşdirici hal sayardılar. Görünür, adam ailəsinə haram pul yedirtməyi qeyrətinə sığışdırmayıb. Əvəzində haram pulu zinalara,minalara yedirdib.
İndi zərərçəkən Ülfətə qalan həmin 21 min manata alınmış “Hunday”dır. Əslində o, həmin maşını gərək vaxtında özü alaydı. Almış olsa, taksiyə minməzdi, başına da bu iş gəlməzdi.
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ