Onlayn ictimai-siyasi qəzet
"Türk Dünyası Ortaq Əlifbasının gündəmə gəlməsi nə təsadüfi, nə də yeni məsələ deyil".
Bu sözləri Musavat.com-a açıqlamasında filologiya elmləri doktoru, BDU-nun professoru, teletənqidçi Qulu Məhərrəmli deyib.
O qeyd edib ki, artıq bir əsrdir bu məsələ gündəmdədir:
"Çünki türk xalqlarının mənəvi, iqtisadi-sosil, siyasi birliyi gücləndikcə bu məsələ həmişə gündəmdə olur. 100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayda da bu məsələ gündəmdə olmuşdu. İndi də ortaq türk dili məsələsindən danışılır və bütün bunlarən hamısı aktualdır. Burada əsas məqsəd türk xalqlarının, cümhuriyyətlərinin vahid kulturoloji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib.
O ki qaldı konkret olaraq irəli sürülən əlifba layihəsinə, burada önəmli məsələ ondan ibarətdir ki, elə bir əlifba olsun ki, onda yazıb-pozmaq heç kim üçün problem olmasın. Yəni qazax, qırğız, qaqauz və yaxud digər türkdilli xalqlar bu dildə, əlifbada rahat yazıb-pozsunlar. Ortaq türk dili ilə bağlı isə deyə bilərəm ki, bizdə də bu məsələ artıq getdikcə aktuallaşır. Yəni, bununla da bağlı müxtəlif müzakirələr var ki, vahid, məsələn Anadolu türkcəsini götürmək və onun əsasında ortaq ünsiyyət dili yaradılsın. Nə gözəl ki, belə proseslər gedir".
Xatırladaq ki, bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Türk Dünyası Ortaq Əlifbası yaradılıb. 34 hərfdən ibarət və bütün türk dillərinin fonemlərini əks etdirən ortaq türk əlifbası layihəsi razılaşdırılıb.
Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir.
Xalidə Gəray,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ