Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Tural Əsədbəyli və mayor Cəlil Həsənovun həmmüəllifliyi ilə “Manevr doktrinası” kitabı dərc olunub. Kitabda 44 günlük Zəfər Müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar, ordumuzun manevr imkanlarından bəhs edilir.
Musavat.com Report-a istinadən kitabın həmmüəllifi Tural Əsədbəyli ilə müsahibəni təqdim edir.
- Müəllif kimi “Manevr doktrinası” kitabının mahiyyətinin nədən ibarət olduğunu açıqlaya bilərsinizmi?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı həm siyasi arenada, həm də döyüş meydanında xalqımız parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad edildi.
Müharibədən sonra Silahlı Qüvvələrimiz qarşısında duran ən vacib vəzifə döyüşlərdə qazanılmış unikal təcrübələri gələcək nəsillərə ötürmək, 44 günlük müharibədən düzgün nəticələr çıxarmaq və gələcəkdə ölkəmizə qarşı hər hansı təhdidi təxribatlara əl atmaqdan çəkindirəcək hazırlıqlı qüvvələr yetişdirməkdir.
Müasir təhlükəsizlik mühitində mövcud yeni reallığa əsasən hazırlanmış bu kitab Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimizin (XTQ) tətbiq etdiyi döyüş üslubunu, manevr doktrinasının nəzəriyyəsini izah etdiyinə görə gələcək nəsillər üçün dəyərli miras olacağına, həmçinin Silahlı Qüvvələrimin qarşısında duran növbəti vəzifələri layiqincə yerinə yetirmək üçün tədris vəsaiti kimi istifadə ediləcəyinə ümid edirik.
- Bu gün ictimaiyyətə “Manevr Doktrinası”nın ərsəyə gəlməsindəki əsas qayə nədir və ya bu kitab haqqında bu dərəcədə vurğu etməyin səbəbi nədir?
- Bildiyimiz kimi insan əsasən əqli, mənəvi və fiziki komponentlərin məcmusundan ibarətdir. Həmin üç komponentin dinamikası və keyfiyyətləri insanın ümumi xarakteristikasının təcəssümüdür. Necə ki, bəzi insanları ağıllı, fiziki olaraq güclü, mənəvi olaraq dözümlü və s. olaraq xarakterizə ediriksə, eyni şəkildə orduları da onların əqli (konseptual), fiziki və mənəvi tərəflərini qiymətləndirməklə xarakterizə edə bilərik.
44 günlük Vətən müharibəsindən sonra apardığımız uğurlu döyüşlər həm xarici, həm də yerli mütəxəssislərimiz tərəfindən müxtəlif cəhətdən şərh və analiz edildi. Qərb ölkələrinin hərbi ekspertləri əsasən Azərbaycan Ordusunun texnoloji üstünlüklərini şərh edən məqalə və kitablar yazdılar. Dünyanın müxtəlif təhsil müəssisələrində bu mövzular dərindən təhlil edildi. Yerli hərbi ekspertlər öz çıxışlarında daha çox Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına üstünlük verərək, döyüşçülərimizin sarsılmaz iradəsindən, sönməz xalq və yurd sevgisindən, misilsiz şücaətindən söz saldılar. Yəni, ordumuzun fiziki və mənəvi keyfiyyətləri haqqında kifayət qədər təhlil işi və analizlər aparıldı, amma şanlı ordumuzun əqli komponentindən az bəhs edildi.
XTQ-nin üstün mənəvi gücü, dövlətə sədaqəti, texnoloji üstünlükləri qabarıq şəkildə açıqlansa da, döyüşün aparılması üslubu üzrə onların düşüncə və yanaşma tərzi elmi cəhətdən tam açıqlanmadı.
Bu kitabın ərsəyə gəlməsində başlıca qayə məhz XTQ Komandanı general-leytenant Hikmət Mirzəyevin müharibə üçün gördüyü dərin köklü hazırlıq, Vətən müharibəsi kontekstində şəxsi yaradıcı təfəkkürü, fərdi yanaşması, fərqli döyüş tərzi və habelə təməlini qoyduğu “Yaşma” məktəbinin fəlsəfəsi barədə nəzəri bilgiləri instutlaşdıraraq gələcək nəsillərə ötürməkdir.
- Sizcə, Vətən Müharibəsi dövründə ordumuz və xüsusilə Xüsusi Təyinatlı Qüvvələrimiz hansı döyüş üslubunu tətbiq etdilər?
- Vətən müharibəsində XTQ manevr doktrinasını özünəxas formada çox mükəmməl bir biçimdə tətbiq etdi. 2020-ci il noyabr ayının 5-də təxminən saat 23:00 radələrində XTQ Komandanının radiostansiyada səsləndirdiyi mərdanə mühakimə ən bariz nümunə kimi qiymətləndirilə bilər: “Həm Xankəndi, həm də Laçın yolunu bağlayın, bu gecə Şuşada onların nəfəsini kəsəcəyik”. Bu tapşırıq tamamilə manevr doktrinasından irəli gələn təfəkkürün təzahürüdür. XTQ Komandanı Vətən müharibəsinin hər bir epizodunda düşməni təhdidamiz dilemma qarşısında qoyurdu. Düşməni öhdəsindən gələ bilməyəcəyi təlatümlü vəziyyətə salırdı, həmçinin cəmləşdirilmiş və gözlənilməz sürətli hərəkətlərin kombinasiyası vasitəsilə düşmənin vəhdətini darmadağın edirdi. Bu kitabda XTQ-nin müharibədəki hərbi əməliyyatların hansı formada icra edilməsindən konkret bəhs edilmir. Başlıca vəzifə kimi icra edilən həmin fəaliyyətlərin fəlsəfəsi müvafiq prinsiplərlə şərh olunur.
- Ümumiyyətlə, kitabın adında olduğu kimi, “Manevr Doktrinası” barəsində bəhs edə bilərsinizmi və Silahlı Qüvvələrimiz sözügedən manevri necə tətbiq etdi?
- Qərb ölkələrinin tədris vəsaitlərində manevr doktrinasından geniş bəhs olunur, lakin dünyada həmin doktrinanı mükəmməl formada tətbiq edən çox nadir ordular mövcuddur. Həmin doktrinanın tətbiqi, bir qayda olaraq, yüksək intellektual, yaradıcı və tənqidi düşüncəyə malik olan peşəkar liderin formalaşdırılmasını, eyni zamanda əqli möhkəm, mənəviyyatı sağlam və fiziki cəhətdən dözümlü, zəruri məziyyətləri özündə ehtiva edən sarsılmaz iradəli döyüşçünün yetişdirilməsini tələb edir.
Manevrin ənənəvi tərifi, yalnız coğrafi məkanda düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması məqsədi ilə həyata keçirilən hərəkətlə ifadə olunur. Lakin 2-ci Qarabağ müharibəsində XTQ-nin düşmənə nisbətdə sürətli temp inkişaf etdirərək, zaman məkanında üstünlük əldə edilə biləcəyini isbat etdi.
Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin başlıca məqsədi düşmənin ayaqlaşa biləcəyindən daha sürətli, gözlənilməz hadisələr törətmək və onu təhdidamiz dilemmalar qarşısında qoymaq idi. Düşmənə vəziyyətin nəinki pisləşdiyini, hətta artan sürətlə bərbadlaşdığını göstərirdilər və nəticədə müqavimət qabiliyyətini itirmiş düşməni iflic və təlaşlı vəziyyətə saldılar.
Burada əsas məqsəd düşmənin mənəvi, əqli və fiziki vəhdətindən əmələ gələn döyüş gücünü (sistemini) sarsıtmaqla, onu müqavimət göstərə bilmə qabiliyyətindən məhrum etməkdir.
Misal olaraq Xüsusi Təyinatlılar tərəfindən icra edilən Hadrut əməliyyatı ilə düşmənin funksionallığını iflic edən vəziyyət (şərait) yaradıldı.
Həmin anda XTQ düşmənin ayaqlaşa biləcəyindən daha sürətli və gözlənilməz hadisələr törətməklə onu təhdidamiz dilemmalar qarşısında qoydu.
Əslində, düşmənin iflic və panika vəziyyətinə salınmasına müharibənin başından etibarən təşəbbüsü ələ keçirməklə nail olduq, şərtlərimizi diktə etdik və düşmənin tarazlığını pozmaqla onda qeyri-müəyyənliyi artırmaq üçün sürətlə hərəkət etdik. Düşmənin hər hərəkətimizə qarşı reaksiya verməkdə gecikdiyi üçün onun ayaqlaşa bilmədiyi bir temp yaratdıq.
“Manevr Doktrinası”na xas digər element isə düşməni aldada bilməkdir ki, bu da öz növbəsində basqın effekti yaradır.
Məsələn, Şuşa əməliyyatında düşmənin bizdən ehtimal etdiyi hərəkət tərzini onun üçün şəkilləndirdik. Belə ki, düşmən bizi gözlədiyi yerdə ona istədiyini verdik, lakin düşmənə gözləmədiyi yer və zamanda zərbə vurmaqla onun ehtimalını istismar etdik. Baxın burda “istifadə etdik” demirəm, “istismar etdik” deyirəm. Biz bu termini olduğu kimi kitabımızda qeyd etmişik. Çünki Azərbaycan dili lüğətində istismar etmək onu sona qədər istifadə etmək mənasını daşıyır.
“Manevr Doktrinası”nın bir başqa xüsusiyyəti yaranmış fürsəti istismar etməkdir. Biz də düşmənə qarşı yaranmış hər fürsəti istismar etməklə fürsətcil olduğumuzu göstərdik və hal-hazırda ordumuz bu cür davranır. Bu məsələni xüsusilə kitabımızda qeyd etmişik.
“Manevr doktrinası” düşmənə təkcə problem yaratmaq deyil, həm də onu uduzmaqla uduzmaq arasında seçim qarşısında qoymaqdır.
Düşməni iflic etmək, çaş-baş salmaq, onun ən güclü tərəfindən ötmək, sürətli və aqressiv şəkildə həssaslığını istismar etmək və eləcə də onu ən çox yaralayacaq tərzdə zərbə vurmaqla mənəvi və fiziki cəhətdən darmadağın etmək üçün köklənmiş qətiyyətli bir ruh halıdır.
Bir sözlə, manevr doktrinası mümkün olan ən az xərclə düşmənə qarşı ən böyük, qətiyyətli, həlledici təsiretmə və ağıllı döyüş fəlsəfəsidir.
- Azərbaycan Ordusunun döyüşmə təfəkkürü və ya fəaliyyətlərinin icra edilməsindəki yanaşma tərzi kitabda necə izah edilib?
- İlk olaraq bildirməliyəm ki, kitab tərtib olunarkən məhz “deskriptiv” yəni, təsvir etmə üslubundan istifadə edilib.
Dünya təcrübəsində doktrinaların “deskriptiv” və “preskriptiv” olmaqla 2 fərqli yazılış üslubu mövcuddur. Yəni, dünyada doktrinalar ya “təsvir etmə” ya da “göstəriş vermə” üslublarından istifadə etməklə hazırlanır. Göstəriş vermə üslubu daha çox “nə düşündüyümüzü” diktə etdiyi halda, təsvir etmə üslubu “necə düşündüyümüzü” təsvir edir.
Xüsusiyyət olaraq göstəriş vermə (preskriptiv) üslubu ilə hazırlanmış doktrinalar fəaliyyətlərin necə icra edilməsi haqqında konkret qayda və prosedurlar müəyyən edir. Bu isə öz növbəsində komandirlərin və döyüşçülərin yaradıcı və tənqidi düşünmə, həmçinin mühakimə etmə qabiliyyətlərinin məhdudlaşdırılmasına səbəb olur.
Lakin, kitabda konkret prosedur, qaydaları izah etmək əvəzinə “təsvir etmə” üslubu ilə daha çox təfəkkür tərzinin şərh edilməsinə yönəlib. Bu səbəbdəndir ki, kitabda daha çox fəlsəfi fikirlər yer alır. Nəticə olaraq, ərsəyə gələn kitab Silahlı Qüvvələrimizin istərsə sülh dövrü fəaliyyətlərində istərsə də, müharibə dövründə düşmənə və qeyri-müəyyən vəziyyətlərə qarşı daim innovativ, qeyri-standart və yaradıcı həll yolları ortaya çıxaran növbəti addımları təxmin edilməyən müasir tipli bir ordu olmasına töhfə vermək üçün köməkçi dərs vəsaiti kimi xidmət etməsinə çalışmışıq.
- Silahlı Qüvvələrin sadəcə müharibə aparmadığını kitabda nə üçün vurğulamısınız?
- Bildiyimiz kimi, bizim qanunlar dinc və müharibə olmaq üzrə 2 dövr müəyyən edir. Əgər şərti müstəvidə bu iki dövrü təsəvvür etsək, müstəvinin sol ucunda müharibə, sağ ucunda isə dinc dövr yer alar.
Lakin praktikada tam (mükəmməl) sülh və ya tam müharibə dövrü çox nadir hallarda mövcud olub.
Həqiqətdə tərəflər arasında iqtisadi, siyasi, ideoloji, texnoloji və s. müstəvidə müxtəlif formalarda rəqabət daim davam edir.
Bu səbəbdən, Silahlı Qüvvələrin bütün şəxsi heyəti, xüsusilə rəhbər heyəti dinc dövrü ancaq müharibə dövrünə hazırlaşmaq üçün yaranmış tam münbit şərait kimi dəyərləndirməməlidir.
Əksinə, Silahlı Qüvvələrin rəhbər heyəti dinc dövrü real və ya potensial düşmənlərə qarşı rəqabətin davam etdiyi dövr kimi qiymətləndirməli və bu dövrdə ölkənin yürütdüyü ümumi siyasəti Silahlı Qüvvələr olaraq dəstəkləməli, töhfə verməli və bu məqsədlə tapşırıqlar icra edilməlidir.
- Silahlı Qüvvələr öz fəaliyyətləri ilə Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü siyasətə necə töhfə verir?
- Azərbaycan Respublikasının potensial və ya real düşmənlərlə rəqabət apardığı mühitdə silahlı qüvvələr müxtəlif formalarda iştirak edir və töhfə verir.
Silahlı Qüvvələrimizin rəqabət mühitində iştirak formalarından ən başlıcası, daim silahlı mübarizə aparmağa hazır olmaq, silahlı mübarizə aparmaq və qalib olmaqdır.
İkincisi, sadəcə Silahlı Qüvvələrimizin mövcudluğu (varlığı), milli maraqlarımızın qorunması naminə müharibə edəcək qədər milli iradəmizin olmasının ifadəsidir.
Üçüncüsü, Silahlı Qüvvələrə ayrılan diqqət və sərmayə, milli maraqların təmin edilməsinə olan qətiyyətimizin nişanəsidir.
Son olaraq isə, döyüş gücümüzün artırılması və icra edilən müştərək təlimlər sayəsində potensial rəqiblərimizi silahlı zorakılıq həddini aşmasından çəkindiririk.
- “Manevr Doktrinası” komandirlərin necə olmasını tələb edir?
- “Manevr Doktrinası” bütün rəhbər heyətindən (liderlərdən) yüksək peşəkarlıq tələb edir.
Ölkənin müdafiəsi kimi şərəfli və məsuliyyətli bir vəzifənin etimad edildiyi bütün rəhbər heyətindən (liderlər) müharibənin aparılmasında əsl mütəxəssis olmaları tələb olunur.
Komandirlər, əməlləri və zəkaları ilə verilmiş tapşırığın öhdəsindən gəlmə ilə yanaşı hərb sənəti üzrə natiqlik bacarığına da sahib olmalıdırlar. Hər bir kollektivin rəhbəri qərarlarında qətiyyətli və özündə inam olmaqla yanaşı enerjili və icraatda israrlı olmalıdır.
Hərbi - düşünməyi tələb edən peşədir. Xüsusilə zabitlərdən, hərb nəzəriyyəsində möhkəm təməlin olunması, hərb tarixinin biliklərinə yiyələnməsi və ondan əldə edilən əbədi ibrət və dərslərin öyrənilməsi tələb olunur.
Nəticə etibarilə, Silahlı Qüvvələrimizin tətbiq etdiyi döyüş üslubu, ən aşağı səviyyəyə qədər cəsarətli və təşəbbüskarlığa meylli zəkalı liderlərin olmasını tələb edir.
Son olaraq fürsətdən istifadə edib, ehtiyatda olan bir zabit kimi Azərbaycan xalqını və Ordusunu 26 İyun Silahlı Qüvvələr günü münasibətilə təbrik edir və daim qələbə arzulayıram.
Ehtiyatda olan polkovnik-leytenant Tural Əsədbəyli 1980-ci il aprel ayının 15-də Sumqayıt şəhərində anadan olub. 1987-ci ildən 1998-ci ilədək Sumqayıt şəhər 31 nömrəli orta məktəbdə və “Təbiət Elmləri Təmayüllü” Gimnaziyada oxumuş, daha sonra isə Türkiyənin İzmir şəhərindəki “Maltepe” Hərbi liseyini bitirərək orta təhsilini başa vurub. 1998-ci ildə Türkiyə Respublikasında “Kara Harp Okulu” adlanan Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş və 2002-ci ildə həmin məktəbin Sistem Mühəndisi üzrə bakalavr təhsilini bitirib. 2002 – 2003 illərdə Türkiyə Respublikasında Təməl Komando və Piyada Zabiti kurslarını, 2003 – 2004-cü illərdə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələr kursunu fərqlənmə ilə, 2006 – 2007-ci illərdə Amerika Birləşmiş Ştatlarında ixtisaslaşdırılmış ingilis dili (Specialized English Course) və Amerika Birləşmiş Ştatlarının Dəniz Piyada Zabiti (The Basic School of USMC) kurslarını müvəffəqiyyətlə bitirib. 2013-cü ildə Slovakiya Respublikasında Beynəlxalq Qərargah Zabiti Kursunu (International Staff Officer Course), 2016 – 2017-ci illərdə Amerika Birləşmiş Ştatlarında irəli səviyyə ingilis dili (Advanced English Course) kursunu, Amerika Birləşmiş Ştatlarının Hərbi Akademiyasını (Command and General Staff College), və 2019-cu ildə İtalya Respublikasında yerləşən NATO Müdafiə Kollecini (NATO Defence College) bitirib. 2003-cü ildən etibarən Azərbaycan Ordusunun müxtəlif qoşun və qüvvə növlərində xidmət keçib. 2022-ci ildə polkovnik-leytenant rütbəsində, öz arzusu ilə ehtiyata buraxılıb. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin N nömrəli hərbi hissəsində Şuşa şəhərinin azad olunması əməliyyatında iştirak edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Həsənov Cəlil Mikayıl oğlu 1983-cü il noyabr ayının 19-da Gəncə şəhərində anadan olub. 1990-cı ildən 1999-cu ilədək Samux rayon Əhmədbəyli kənd orta məktəbində oxumuş, 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi bitirərək orta təhsilini başa vurub. 2002-ci ildə İtaliya Respublikasının Ali Hərbi Məktəbinə daxil olmuş və 2008-ci ildə həmin məktəbi topçu ixtisası üzrə bitirmişdir. 2005 – 2008-ci illərdə Turin Universitetində “Dövlət müdafiəsinin idarəedilməsi” ixtisası üzrə magistr təhslili alıb. 2008-ci ildən Azərbaycan Ordusunda xidmət edir. Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunktura və magistratura şöbəsinin 3-cü kurs adyunktudur. 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Milli təhlükəsizlik mövzusunda müasir dünyamızın aktual beynəlxalq məsələlərinə həsr olunmuş elmi məqalələri müxtəlif jurnallarda çap olunub.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ