Onlayn ictimai-siyasi qəzet
Suriya ordusu şiddətli döyüşlərin getdiyi Həma şəhərindən geri çəkildiyini elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, açıqlamada bu addımın şəhər əhalisini qorumaq üçün məcburən atıldığı qeyd edilib: “Son bir neçə gün ərzində silahlı qüvvələrimiz terror təşkilatlarının Həma şəhərinə müxtəlif istiqamətlərdən və çoxlu sayda ardıcıl hücumlarını dəf etmək və dayandırmaq üçün bütün vasitələrdən və hərbi texnikadan istifadə etməklə qızğın döyüşlər aparıb. Ötən saatlarda əsgərlərimizlə terrorçu qruplaşmalar arasında toqquşmaların intensivləşməsi və qoşunlarımız arasında çoxlu sayda həlak olanların olması səbəbindən bu dəstələr xeyli itki versə də, şəhərin bir neçə istiqamətini yarıb və içəri daxil ola biliblər. Həmada dinc əhalinin həyatını qorumaq və onları şəhər daxilində döyüşlərə cəlb etməmək üçün orada yerləşən hərbi hissələr yenidən şəhərdən kənara yerləşdirilib. Quru Qoşunları və Silahlı Qüvvələrin Baş Komandanlığı bəyan edir ki, terror təşkilatlarının işğal etdiyi əraziləri geri qaytarmaq üçün milli borcunu yerinə yetirməyə davam edəcək”.
Xatırladaq ki, ən güclüsü “Həyat Təhrir əl-Şam” olan qruplaşmalar noyabrın 27-də hücuma başlayıb. Bir neçə gün sonra, noyabrın 30-da onlar Hələb vilayətinin mərkəzi olan Hələb şəhərini ələ keçiriblər.
Həma şəhəri Suriya ordusu üçün strateji əhəmiyyətli məntəqə hesab olunurdu. Onun əldən çıxmasının böyük fəsadlara səbəb olacağı bildirilir.
Qeyd edək ki, Həma Suriyanın qərbində, Orontes çayının sahilində yerləşən şəhərdir. Dəməşqdən 213 km şimalda və Homsdan 46 km şimalda yerləşir. Həma Qubernatorluğunun əyalət mərkəzidir. 996 min əhalisi olan Həma Suriyanın Dəməşq, Hələb və Homs ilə birlikdə dörd ən böyük şəhərindən biridir.
@@TVmusavat/102726@@
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ