İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampa Budapeştdə tələ quracaq! ŞOK

Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığı Budapeştdə yeni görüş barədə razılaşma ilə yekunlaşıb.

Musavat.com xəbər verir ki, Qərb ekspertləri indidən əllərini ümidsizlə yelləməklə məşğuldurlar.

Müşahidəçilərin fikrincə, əgər görüş baş tutarsa, bu, Putin üçün həm mükafat, həm də siyasi uğur sayılacaq. Onların fikrincə, görüş sülh prosesinə real töhfə verə bilməsi üçün Tramp Putinə qarşı təzyiqi artırmalıdır.

“Köhnə ssenari”

The New York Times yazır ki, Trampın Putinə zəng etmək qərarı və üstəlik, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş ərəfəsində belə addım atması – onun tanınmış danışıqlar taktikasını bir daha göstərir. Bu il ərzində Tramp dəfələrlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək və ya Ukraynaya yeni hərbi yardım göstərmək ərəfəsində Putinə zəng edib, nəticədə diplomatiya üçün ümidlər yaransa da, bu, hələlik heç bir nəticə verməyib.

İsveçin sabiq baş naziri Karl Bildt də eyni fikirdədir: “Hər dəfə Trampın Putinə qarşı təzyiqi artan kimi görünür, Putin dərhal diqqəti yayındıran manevr edir”.

Kreml fürsəti dəqiq seçdi

CNN-in fikrincə, Kreml Trampa zəng üçün ən münasib anı seçib. Telekanal qeyd edir ki, bu söhbət Putinin Ukraynaya silah tədarükündə dönüş nöqtəsi yarada biləcək qərarların qarşısını almaq cəhdi olub. Moskva ümid edir ki, sülh danışıqlarında azacıq irəliləyiş ehtimalı belə Trampı hərbi təhdidlərdən çəkindirəcək.

“Tramp yenə tələyə düşdü”

Trampın tənqidçiləri “The New York Times”a bildiriblər ki, o, yenidən Putinə “mükafat” verib, lakin əvəzində heç bir zəmanət almayıb. ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, demokrat senator Cin Şahin bildirib:

“Tramp Alyaskada heç bir nəticə əldə etmədikdən sonra indi yenidən səhvini təkrarlayır - Putinə Budapeştdə qırmızı xalça sərərək onu mükafatlandırır”.

“Politico” isə yazır ki, Budapeştdəki görüş baş tutarsa, bu, Putin üçün “diqqətəlayiq diplomatik nailiyyət” olacaq.

“Bu, demək olar ki, məsuliyyətsizlikdir”

“Bloomberg”in sitat gətirdiyi Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Sergey Radçenko Trampın görüşə razı olmasını “demək olar ki, məsuliyyətsizlik” adlandırıb. Onun fikrincə, effektiv diplomatiya üçün dialoqu təzyiqlə birləşdirmək vacibdir:

“Çoxlu dialoq cəhdləri görürəm, amma hələlik maksimum təzyiq görmürəm”.

“Putin sadəcə zaman qazanır”

The New York Times qeyd edir ki, əldə edilən razılaşmalar Rusiyaya diplomatik qərarı uzatmaq və müharibəni davam etdirmək imkanı verir.

“Bloomberg”ə danışan politoloq Mariya Sneqovaya bildirib:

“Putin, əslində, vaxt udur”.

ABŞ Müdafiə Nazirliyində Rusiya və Avropa üzrə məsul vəzifədə çalışmış Selesta Volander isə deyib:

“Əgər Budapeştdəki görüş konkret razılaşma ilə nəticələnməsə, Putin dünyaya bir mesaj göndərəcək - vəziyyəti müəyyən mənada nəzarətdə saxladığını göstərmək üçün”.

Tramp özünü vasitəçi kimi görür

“The New York Times” vurğulayır ki, Putinə dialoq təklifi Trampın beynəlxalq münaqişələri həll etməkdə yenidən fəallıq göstərdiyini göstərir. “The Washington Post”un kolumnisti Devid İqnatius yazır ki, Tramp Putini razı salacağına əmindir, eynilə Qəzza məsələsində silahlı qruplarla əldə etdiyi razılaşma kimi.

Sanksiyalar Trampın əlini gücləndirə bilər

İqnatiusun fikrincə, əgər ABŞ Konqresi gələn həftə yeni sanksiyalar paketini qəbul etsə, Trampın danışıqlardakı mövqeyi xeyli güclənəcək. Belə olan halda ABŞ Rusiyaya sülh müqabilində iqtisadi “havuçlar” təklif edə, eyni zamanda güzəştə getmədiyi halda “dəmir çubuqlar” – yəni raketlər və sanksiyalar – saxlayacaq.

Ekspertlər xəbərdarlıq edir: Tramp yenidən aldanmasın

“The New York Times”ın sitat gətirdiyi ABŞ-ın keçmiş Ukrayna səfiri Uilyam Teylor bildirib: “Ümid edirəm, Tramp anlayır ki, Budapeştdə sülh əldə etmək üçün Putinə bu dağıdıcı müharibəni davam etdirməyin qiymətini artırmadan heç nə əldə edə bilməz.”

“Financial Times” isə xəbərdarlıq edir: görüş zamanı Trampın Putinin təsirinə düşməyəcəyinə heç bir zəmanət yoxdur. Avropalı yüksəkvəzifəli bir məmur nəşrə deyib:

“Trampla münasibətlər daima bir növ ip çəkmə oyunudur. Siz ona Putinin problem olduğunu izah etməyə çalışırsınız, amma bir addım geri çəkiləndə, o, yenidən Putinin mövqeyinə qayıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR