Onlayn ictimai-siyasi qəzet
Rusiya kollektiv Qərbin Müstəqil Dövlət Birliyi ətrafında bir sıra planlar qurmasından narahatdır. Belə ki, şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır.
APA xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür.
“Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, Avropa ölkələrinin MDB daxilində dezinteqrasiya proseslərini təhrik etmək cəhdləri tendensiyasını müşahidə edirik. Bu baxımdan əlbəttə ki, Qərb siyasətçiləri Müstəqil Dövlətlər Birliyinin müstəqil güc mərkəzi kimi inkişafını əngəlləmək məqsədi güdürlər”, – SVR rəhbəri vurğulayıb.
Narışkin qeyd edib ki, Avropada fəaliyyət göstərən “müharibə partiyası” qitədə sülh və təhlükəsizlik istəmir.
O, Qərbin Rusiyaya strateji məğlubiyyət vermək kimi “ağılsız” xəyalından əl çəkmədiyini söyləyib.
Qərbin MDB planı baş tuta bilərmi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Britaniya və Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər gərgindir.
Onun fikrincə, məsələyə Ukrayna müharibəsi fonunda baxmaq daha doğru yanaşmadır:
“Avropa İttifaqı və Britaniya Ukrayna müharibəsinin davam etdirilməsinin tərəfdarıdır və bununla da Rusiyanın iqtisadi çöküşünə, nəticədə hakimiyyətin devrilməsinə hesablanan strateji yanaşmanın davam etdirilməsini prinsipal olaraq müdafiə edirlər. Xüsusilə, Vaşinqtonla Moskva arasında yaxınlaşmanın hər vəchlə qarşısını almağa hesablanan addımlar atılır. Buna görə, Trampın üzərində ciddi təzyiqlər var. Halbuki Trampın məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaq və Çinlə iqtisadi mübarizədə Rusiya-Çin ittifaqının qarşısını almaqdan ibarətdir. Trampın yanaşması ondan ibarətdir ki, Avropa İttifaqı və Britaniya Ukrayna məsələsində səmimi deyil. Bunun sübutu kimi isə Ukrayna müharibəsində Rusiyaya ciddi dəstək verən Çinə qarşı Avropa İttifaqının sanksiya tətbiq etməməsini göstərir. Həqiqətən də Trampın bu arqumenti güclüdür. Çünki Çinlə Avropa İttifaqı ilə ticarət dövriyyəsi 800 milyard dollara yaxındır. Bunun əksəriyyəti də Çinin Avropa İttifaqına ixracatı hesabınadır. Görünən odur ki, Tramp yalnız Vaşinqtonun maraqlarını əsas götürmək və Avropa İttifaqına Rusiyanın dəstəyi ilə təzyiqlərini davam etdirmık niyyətindədir”.
Əli Zülfüqaroğlu əlavə edib ki, belə olan halda təbii ki, Rusiyanın mövqeləri güclənə bilər: “Buna görə də Avropa İttifaqı və Britaniya Ukraynanı müharibənin davam etdirilməsinə məcbur edərək, Trampa qarşı daxili ictimai təzyiqləri artırmaq və Trampı Ukraynaya dəstək verməyə məcbur buraxaraq, Rusiya-ABŞ danışıqlarını pozmağa hesablanan fəaliyyət yürüdür”.
Siyasi şərhçi vurğulayıb ki, MDB daxilində ziddiyyətlərin yaradılması istiqamətində hər hansı proses müşahidə olunmasa da, cəhdlərin olma ehtimalı da istisna olunmamalıdır:
“İstənilən halda geosiyasi reallıqlar tam fərqlidir və hazırda Avropa İttifaqı tərəfindən belə bir plan olsa belə, bu, onun mütləq həyata keçəcəyi anlamına gəlmir”.
Cavanşir ABBASLI
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ