Onlayn ictimai-siyasi qəzet
"Hazırda Azərbaycanda bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 ildir. Bu model sovet dövrünün strukturundan qalma bir çərçivəni xatırladır. Amma müasir reallıqlarda 6 illik ali təhsil xüsusilə sosial və humanitar ixtisaslarda gənclərin peşə fəaliyyətinə keçidini ləngidir, əmək bazarında gənc işçi çatışmazlığı yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına əsasən, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bu, təkcə iş yerlərinin azlığından deyil, həm də tədris proqramlarının əmək bazarının real tələblərinə cavab verməməsindən qaynaqlanır".
Bu sözləri Musavat.com-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib.
Mütəxəssisin fikrincə, 4-cü - sonuncu kurs daha çox təkrar, qeyri-ixtisas fənləri və formallıqlarla keçdiyindən, tamamilə mənasızdır:
"Hazırkı vəziyyət göstərir ki, bir çox ixtisaslarda tələbə artıq üçüncü kursun sonunda baza biliklərini mənimsəyir, dördüncü il isə çox zaman təkrar, qeyri-ixtisas fənləri və formal prosedurlarla keçir. Bu, həm vaxt itkisinə, həm də gənclərin əmək bazarına daxil olmasını süni şəkildə gecikdirir.
Avropada Bolonya sisteminə keçidin əsas məqsədi ali təhsili vahid məkan və çevik model üzərində qurmaq idi. 28 Avropa ölkəsindən 19-da bakalavr təhsili artıq 3 illikdir. Almaniya, Niderland, İtaliya və Türkiyə kimi ölkələrdə tətbiq olunan "3+2" modeli (3 il bakalavr + 2 il magistr) həm beynəlxalq tanınmanı asanlaşdırır, həm də tələbəyə daha erkən ixtisaslaşmaq imkanı yaradır. Bu sistemdə tələbə ilk 3 ildə peşə yönümlü baza təhsilini tamamlayır, daha sonra istəsə, ixtisaslaşdırılmış magistratura proqramlarına daxil olur. Yəni, məqsəd diplomlu kadr çoxluğu deyil, məhsuldar və bazara uyğun mütəxəssis hazırlığıdır.
Finlandiyada bakalavr təhsili 3 ildir və proqramların 40%-i praktiki təcrübəyə əsaslanır.
ABŞ-da "accelerated bachelor" proqramları sayəsində 3 illik intensiv model geniş yayılıb. Bu model həm iqtisadi, həm də motivasiya baxımından tələbə üçün daha səmərəlidir.
Sinqapur və Avstraliya kimi ölkələrdə də təhsil müddətinin azaldılması ilə yanaşı, məzmunun dərinləşdirilməsi aparılıb. Bu nümunələr göstərir ki, tədris müddətinin qısaldılması heç də keyfiyyətin azalması deyil, əksinə, fokusun artması, tədrisin praktikləşməsi və məzmunun səmərələşməsi deməkdir".
Mütəxəssisin fikrincə, bəzi sahələr üzrə təhsil müddətinin azaldılması məqsədəuyğun deyil:
"Məsələn, tibb, hüquq və mühəndislik kimi sahələr üçün 3 illik model məqsədəuyğun deyil. Amma pedaqogika, iqtisadiyyat, tarix, filologiya, turizm, kənd təsərrüfatı, jurnalistika kimi istiqamətlərdə 3 illik bakalavr və 1 illik magistr proqramı həm beynəlxalq uyğunluğu təmin edər, həm də tələbənin 22-23 yaşında əmək bazarına daxil olmasını mümkün edər.
Bu yanaşma gənclərin daha erkən peşə təcrübəsi qazanmasına, universitetlərin isə real nəticələrə fokuslanmasına şərait yaradar.
Beləliklə, hesab edirəm ki, yeni mərhələdə tədris müddətinin bakalavrda 3 il, magistraturada 1 il olması daha çevik və məqsədyönlü sistem formalaşdıra bilər. Bu model universitetlərdə fənlərin təkrarlanmasının qarşısını alar, gənclərin əmək bazarına daxilolma yaşını azaldar. Eləcə də, təhsil xərclərini və dövlət subsidiyalarını optimallaşdırar, təhsilin dəyərini artırar".
Xalidə GƏRAY
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ