İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazir Rusiya-Ukrayna savaşının qalibini açıqladı-müharibənin 44-cü ayında...  

Rusiya-Ukrayna savaşının 1332-ci günüdür. Hazırkı durumda tərəflərdən hansının cəbhədə mövqeyinin üstün olması barədə ən müxtəlif rəylərə rast gəlinir. Amma görünən odur ki, tərəflər hələ də “A yordu, yordu, yordu, görək kim kimi yordu?” mahnısını oynayırlar...

Bu müharibənin nə vaxta qədər davam edəcəyi barədə sualın da cavabı açıq olaraq qalmaqdadır. Doğrudur, bu ilin əvvəllərindən etibarən Amerikada Donald Trampın hakimiyyətə ikinci dəfə qayıdışından sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün edilən cəhdlər daha da güclənib. Amma Ağ Ev sahibi 9 aydır ki, rəsmi şəkildə fəaliyyətə başlayıb, amma Ukrayna cəbhəsində hələ də əməliyyatlar davam edir.

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında qalibin hansı dövlət olacağı barədə danışmağın mümkünlüyünü vurğuladı:

“Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağı ilə bağlı suallar indiki dönəmin ən böyük sualıdır. Lakin hesab edirəm ki, bu günə qədər baş verənlərin fonunda artıq bu müharibənin necə başa çatacağına dair fikirlər söyləmək mümkündür. Mən indi müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanıram.

Rusiya bu müharibəni başlatdığı gündən dünya birliyi tərəfindən təklənmişdi. Lakin indi vəziyyət olduqca acınacaqlıdır. Rusiya ilə sülh bağlamaq yolunda ABŞ-ın yeni prezidenti uzun danışıqlar aparsa da, sonda Putinin bu müharibəni dayandırmaq istəyinin olmadığı aydınlaşdı. Belə bir durumda Qərb artıq bu müharibəni bitirmək üçün əlində olan bütün alətlərdən maksimum istifadə etmək qərarına gəldi. Rusiya neftinin və qazının satışını tam dayandırmaq, Ukraynaya Rusiyaya qarşı istifadə etmək üçün ən qorxulu silahları vermək kimi addımlar ABŞ başda olmaqla Qərbin bu məsələdə nə qədər israrlı olduğunun göstəricisidir.

Artıq Rusiyanın ritorikasında da dəyişikliklər görünməkdədir. Hesab edirəm ki, müharibənin bitməsi ilə regionda ciddi geosiyasi dəyişikliklər baş verəcək. Avroasiya məkanının siyasi xəritəsində də ciddi dəyişikliklərin baş verməsi qaçılmaz olacaq”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR