Onlayn ictimai-siyasi qəzet
Müasir dövrdə mətbuatı izləyən internet istifadəçisinin siyasi şüurunun qarma-qarışıq olması heç də təsadüfi deyil. Davamlı informasiya axını və sonsuz sayda informasiya mənbəyinin mövcudluğu yalanı həqiqətdən seçməyi çətinləşdirir. Məhz bu səbəbdən də müasir cəmiyyətlərdə siyasi münasibətlər müstəvisində “stereotipli təfəkkür” təzahürünün aktuallığı durmadan artır. “Stereotipli təfəkkür” sadə vətəndaşın düşünmə prosesini sanki daha “asan” edir. “Stereotipli təfəkkür”ün hökm sürdüyü cəmiyyətdə baş verən siyasi hadisələrə vətəndaşların münasibəti əsasən obyektivlikdən uzaq olur. Konkret siyasi hadisə əsasən “yaxşı” və “pis” qiymətlərlə dəyərləndirilir. Qeyd edək ki, Qərbin siyasi texnoloqları ictimai fikrinin manipulyasiyası məqsədilə sözügedən sosial-psixoloji qanunauyğunluqdan ötən əsrin 80-ci illərindən etibarən geniş istifadə edirlər.
Bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Sülh yarışı” sərlövhəli məqaləsində yer alıb.
Musavat.com məqaləni təqdim edir.
Müasir münaqişələrdə aparılan informasiya manipulyasiyalarında da eyni siyasi texnologiyadan istifadə olunur. Nəzəri təhlillərdən uzaqlaşaraq gündəlik həyatımızda rastlaşdığımız bir örnəyi nümunə gətirək. Realist mövqelərdən çıxış edərək deyə bilərik ki, Azərbaycanın Qələbəsi müəyyən ölkələri narahat edir. Əslində bu Qələbə həmin ölkələrin regionumuzla bağlı geostrateji planlarını pozub. Məhz elə bu səbəbdən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, Azərbaycan regionda formalaşmış yeni reallığın müəllifidir. Əlbəttə ki, bu sözlər ünvanlı və konkret mesajdır. Geosiyasət kontekstində Azərbaycanın Qələbəsinin qlobal oyunçuların regiondakı maraqlarına zidd olduğunu deyə bilərik. Münaqişələrin mövcudluğu istənilən regiona müdaxilə etmək üçün “münbit” şərait yaradır. Beynəlxalq təşkilatlar da həmin müdaxiləni “ikili standartlar” vasitəsilə rəsmiləşdirir. Belə ki, mətbuatda Qarabağla bağlı məlumatları izləyən zaman insanlar bəzən obyektiv olaraq sual yaradan qəribəliklərlə rastlaşırlar. Rusiya mətbuatında müxtəlif hadisələrə münasibət bildirərkən hər zaman qeyd olunur ki, Rusiya regionda tezliklə sülhün bərqərar olmasını arzulayır, Qərb isə regiona müdaxilə etmək açarını itirməmək üçün süni gərginlik yaradır.
Eyniliklə, Qərb mətbuatı Rusiyanı manipulyasiyalarda günahlandırır və Rusiya qoşunlarının regionda mövcudluğunu Qərbə təhdid kimi giymətləndirir. Eyni zamanda, Qərb mətbuatında prinsipiallıqla vurğulanır ki, regionda tezliklə sülhün bərqərar olunması ən vacib məsələlərdən biridir və bununla əlaqədar öz vasitəçiliyini təklif edir.
Siyasi “qəribəliklər” bununla bitmir. Rəsmi İrəvan da beynəlxalq tədbirlər çərçivəsində sülh tərəfdarı olduğunu bəyan edir. Mövcud siyasi mənzərə fonunda insanlarda təbii olaraq sual yarana bilər: “Bəs hamı sülhün tərəfdarı olduğu halda nədən sülh sazişi ilə bağlı bu günə qədər ciddi irəliləyiş müşahidə olunmur?”. Burada Prezident İlham Əliyevin cari il iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədən bir sitatı xatırlatmaq yerinə düşər: “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik”.
Əslində Prezident İlham Əliyev bu sözlərlə “sülh” mövzusu ətrafında aparılan manipulyasiyaların fərqində olduğunu bildirir. “Euronews” kanalının müxbirinin sualında siyasi vurğulara diqqət yetirin: “Sizin fikrinizcə, Qərbin, yəni, Avropa İttifaqının və həmçinin Birləşmiş Ştatların artan vasitəçiliyi bu regionda daha ənənəvi gücdə – Rusiyada qıcıq yarada bilərmi?”. Açıq təxribat xarakterli suala Prezidentin peşəkar cavabı belədir: “... bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”.
Diplomatik peşəkarlıq sayəsində hətta açıq təxribatı belə Prezident İlham Əliyev tərəfindən rəqibə qarşı istifadə olunması bacarığı haqlı olaraq müasir diplomatiyanın peşəkarlıq zirvəsi hesab oluna bilər. Sözügedən müsahibə bütün müasir diplomatiya dərsliklərinə düşmək haqqını qazanıb. Nədən bizim tələbələrimiz Uinston Çörçilin: “İngiltərənin daimi dostları yox, daimi maraqları var” sözlərini əzbər bilməlidirlər, ancaq Azərbaycanın diplomatik uğurlarının rəmzlərindən biri sayıla biləcək dövlətimizin başçısının ifadələrini bilməsinlər? Ölkənin milli maraqlarının mütləq prioritet təşkil etdiyini beynəlxalq təzyiqlərdən çəkinmədən bəyan edən ifadələr hər bir vətəndaşın qürur mənbəyi olmalıdır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ