İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikatlaşdırmadan keçməyən 743 müəllimin taleyi - kurslara cəlb oluna bilərlərmi...

Ekspert: “İxtisası üzrə yetərli biliyə malik olmayan müəllim şagirdlərə heç nə öyrədə bilməz”

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Ümumilikdə təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib. Onlardan 1334 nəfər keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq. O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq: “Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar”.

O, eyni zamanda deyib ki, sertifikasiyadan kəsilənlər daha çox Gəncə-Daşkəsən Regional İdarəsi tabeliyindəki müəssisələrdə çalışanlardır.

743 müəllimin işsiz qalması düşündürücü məsələdir. Onlar 4 il ali təhsil alıb, həyatını müəllimliyə bağlayıb. Bundan sonra yeni ixtisas qazanmaları çətin məsələdir. Düzdür, onlar ikinci şansda da sertifikasiyadan keçməyib. Təhsilin inkişafı, savadlı müəllimlərin önə çıxması baxımından bu addımı tənqid etmək olmaz. Ancaq bu qədər vətəndaşın işsiz qalması da problem yaradacaq. Onların kurslara cəlb edilməsi, bilik və savadının artırılması və yenidən peşə fəaliyyətinə davam etməsi mümkündürmü?

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, müəllimlər ilk dəfə 2014-2018-ci illərdə diaqnostik qiymətləndirməyə cəlb olunmuşdular. Ekspert  xatırlatdı ki, o zaman əsas məqsəd müəllimlərin dərs bölgüsü ilə əlaqədar problemi aradan qaldırmaq idi: “Sertifikasiya isə yeni mərhələdir ki, müəllimlərin ixtisas üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır. 2022-ci ildə imtahanda iştirak edən 11 min müəllimdən 288-i müsabiqə şərtlərini ödəyə bilməmişdi. Bu dəfə 743 nəfər ikinci şansdan istifadə edə bilmədi. Hesab edirəm ki, bu, kifayət qədər ədalətli prosesdir. İxtisası üzrə yetərli biliyə malik olmayan müəllim şagirdlərə heç nə öyrədə bilməz. Müəllimin səviyyəsi təhsilin səviyyəsinin göstəricisidir. Sertifikasiya ciddi prosesdir. Bu, Azərbaycan təhsilində inqilabi dəyişikliklərin əsasını qoyacaq. Düşünürəm ki, proses daha da sərtləşdirilməlidir”.

K.Əsədovun fikrincə, pedaqoji təhsil verən ali təhsil müəssisələri də ciddi araşdırma aparmalıdır: “Təkrar imtahanda iştirak edən 2800 müəllimdən 743-nün 1 il ərzində özünü təkmilləşdirməməsi, öz üzərində işləməməsi ciddi problemdir. Digər ixtisaslarla bağlı da belə problem var”.

Günel Səfərova sədr seçildi

Günel Səfərova 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, nəticələr açıqlandıqdan sonra İctimai Şuraya bir çox suallar ünvanlanır və müəyyən rəylər istənilir. O qeyd edib ki, sertifikasiya ilə bağlı proses alqışalayiqdir: “Hər kəs övladlarına ən yaxşı müəllimlərin dərs keçməyini istəyir. Özünə güvənən və savadlı müəllimlər artıq sertifikasiyadan keçib. Tənqid inkişafa səbəb ola bilir, amma nəzərə alaq ki, ilk sınaqda uğurlu nəticə göstərməyən hər kəsə 1 il müddət verildi, bu heç də az müddət deyil. Təhsildə əsas təhsilalan, yəni şagirddir. Əminəm ki, təkcə orta ümumtəhsildə yox, ali təhsildə də təhsilin keyfiyyəti artacaq, müəllim peşəsinə ən yaxşılar yiyələnəcək.

Güclü dövlət, rifahlı gələcək, yüksək yaşam, bir sözlə, hər şey təhsilə bağlıdır. Təhsilli cəmiyyət uğurlu dövlətin açarıdır. Hamımızın istəyi təhsilli cəmiyyətdir. O cəmiyyəti birgə qurmalıyıq. Hər kəs təhsil üçün çalışsa, hədəfə çatarıq və hədəfimiz də təhsilli cəmiyyətdir".

Vüqar Bayramov: "Neftin qiymətinin yüksəlməsi..."

Vüqar Bayramov 

Millət vəkili Vüqar Bayramov hesab edir ki, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var: “Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək. Həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək. Təbii ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var. Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticələrinin sosial risk təhlili aparılsın. Yəni sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur. 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır. Buna görə də prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR