İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun kölgəsində silahlar tuşlanır: Qazaxda psixoloji savaş

Son zamanlar Ermənistanın Qazax rayonu istiqamətində artan hərbi fəallığı diqqət çəkir. Təxribat xarakterli addımlar ardıcıl şəkildə müşahidə olunur və bu, bölgədə təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ekspertlərin fikrincə, 7 aprel 2025-ci il tarixində baş verən hadisələr Ermənistanın sərhəddə taktiki fəallığın yeni mərhələsinə keçdiyini göstərir.

Caliber.az saytının yayımladığı təhlil materialında vurğulanır ki, Ermənistanın son addımları təsadüfi deyil. Əksinə, bunlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək və sabitliyi pozmaq məqsədi daşıyan sistemli və məqsədyönlü hərəkətlər zəncirinə daxildir.

Saytın əldə etdiyi məlumata əsasən, 7 aprel günü saat 18:15 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında, şərti sərhəddən təxminən 115 metr məsafədə yerləşən Ermənistan Silahlı Qüvvələrinə məxsus ön mövqelərdən birində aktivlik qeydə alınıb. Bildirilir ki, həmin postda yerləşən iki hərbçidən biri qəsdən iriçaplı atıcı silahı Azərbaycan istiqamətinə tuşlayıb. Atəş açılmasa da, bu hərəkət açıq şəkildə nümayişkaranə və təxribat xarakterli olub.

Mütəxəssislər bu addımı nə ön xətdəki hərbçilərin fərdi təşəbbüsü, nə də əsəb gərginliyi ilə izah edirlər. Əksinə, bu cür davranışlar planlaşdırılmış taktiki təzyiq sxeminin tərkib hissəsidir. Məqsəd – idarəolunan gərginlik yaratmaq və Azərbaycan cəmiyyətinə psixoloji təsir göstərməkdir. Beləliklə, formal olaraq atəşkəs pozulmasa da, real təhlükə hissi daim canlı saxlanılır.

Bu yanaşma İrəvana beynəlxalq aləmdə “sabitlik” görüntüsü yaratmağa imkan verir. Lakin əslində, bölgədə vəziyyət daha da gərginləşir və sülh perspektivləri üçün ciddi risklər yaranır.

Tofiq Abbasov: İrəvan məkirli və iyrənc oyun oynayır – MÜSAHİBƏ - Oxu.az

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanda Avropa İttifaqının qondarma müşahidəçiləri olduğu müddətdə Ermənistandan bu cür addımlar görüləcək:

“Faktiki olaraq bu missiyanın Ermənistanda mövcudluğu ondan xəbər verir ki, Fransa və Yunanıstan kimi Azərbaycana dost olmayan ölkələrin mövqeləri orada üstünlük qazanıb. Bu qüvvələr üçün ən gözəl vasitə Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələridir. Təsadüfü deyil ki, bu qondarma müşahidəçilər sərhəd boyunca çox ciddi bir şəkildə müşahidələr aparırlar. Ermənistan tərəfindən atəşkəs pozulanda müşahidəçilərin səsi eşidilmir, sanki, onlar orada yoxdurlar. Burada hansı müşahidələrdən söhbət gedə bilər ki, mövqe atəşə tutulur, lakin münasibət bildirilmir, bəyanat yayılmır.

Qazaxda baş verənlər ondan xəbər verir ki, Ermənistanın ərazisində dəlisov qüvvələr var. Onlar isə Ermənistanı müharibəyə təhrik edən xarici qüvvələrə tabedirlər. Biz dəfələrlə şahidi olmuşuq ki, onlar böyük inadla Azərbaycana soxulmağa çalışıblar. Emmanuel Makron çox canfəşanlıq etdi ki, öz istəyinə nail olsun. Bu, təkcə Makronun istəyi deyildi, Qərbdə anti-Azərbaycan mövqeyindən çıxış edən qüvvələrin kollektiv rəyi idi. Azərbaycan onlara rədd cavabı verdi.  Prezident İlham Əliyev onlara dedi ki, bölgəyə gəlmək istəyirlərsə,  ancaq Ermənistanda yerləşə bilərlər, Azərbaycana bunun dəxli yoxdur, ayaqları ölkəmizə dəyə bilməz.

İndi məqsədləri odur ki, Azərbaycanı gərginlikdə saxlasınlar. Ümumiyyətlə, bölgənin vəziyyətini kövrək etsinlər, psixoloji təzyiq göstərsinlər ki, guya, sərhəddə böyük güclər toplanıb. Ən yaxın zamanlarda Azərbaycana hücumlar ola bilər. 

Hitler sülhdən danışırdı, öndə olan birləşmələr isə işğalçı siyasəti həyata keçirirdilər. Ermənistan da eyni yolla gedir, Paşinyan sülhdən danışır, sərhədə silah yığır. Ermənistan faşist dövləti olduğunu sübut edir. Bu ənənə Ermənistanda indi də davam edir, yeni faşistlər meydana çıxıb. Ermənistan özünü hərraca çıxarıb. Bütün xarici qüvvələrə “bəli” deyir. Ermənistan Silahlı qüvvələrinin Baş Qərargahında xarici generallar oturub. Onlar bu mərama qulluq edirlər ki, bölgədə sabitlik pozulsun”.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR