İnsanlara hürriyət, millətlərə istiqlal!

Zibillikdə gizlənən xəzinə: Maral buynuzu və qılınclar - FOTOREPORTAJ

Balaxanının ucqar küçələrindən birində, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda kiçik bir otaq var. Çöldən baxanda adi görünən bu məkana qədəm qoyanda insan zamanla üz-üzə dayanır. Bura tullantılar içindən çıxarılmış, lakin dəyəri ölçüyəgəlməz əşyaların toplaşdığı bir kiçik muzeydir – sanki zibilliyin içindən boylanan tarixdir.

Zavodda tullantılar çeşidlənərkən bir otağın küncündə toplanan bu əşyalar sıradan nəsnələr deyil. Onların hər biri illərin, əsrlərin nəfəsini daşıyır. Muzeyin rəflərində ərəb əlifbası ilə yazılmış qədim kitablar, Osmanlı dövrünə aid məktub qabı, maral buynuzu, eləcə də Əbdürrəhman Caminin məşhur “Əl-Kafiyə” əsərinə yazdığı şərh və s. yer alır. Bir vaxtlar sahib çıxılmayan, taleyin ümidinə buraxılmış bu əşyalar indi böyük ehtiramla qorunur.

BALAX.jpeg (132 KB)

İnsan bu muzeyə baxdıqca düşünür: görəsən, kimlər idi bu əşyaları əllərində tutanlar? Hər bir kitab, hər bir parça, hər bir detal bir həyatın, bir dövrün izini daşıyır. Və bu izlər illərlə torpağın altında, tullantıların arasında yatıb, nəhayət bir cığır tapıb gün işığına çıxıb.

Bu kiçik muzey sadəcə bir ekspozisiya deyil – o, yaddaşın təntənəsidir. Bizə xatırladır ki, tarix bəzən kitabxanalarda deyil, zibilliklərdə yatır. Onu oyatmaq, dəyərini tanımaq isə insanın baxışında gizlidir.

BALAX SON.jpeg (136 KB)

Balaxanıda tapılan bu səssiz xəzinə bizə bir daha göstərir: hər atılan şey dəyərsiz deyil, hər köhnə nəsnənin içində bir dünya gizlənə bilər.

Musavat.com olaraq lentə aldığımız bu unikal məkanı öz oxucularımıza təqdim edirik.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR