Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 11-də Almatıda Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, Sergey Lavrov aprelin 11-də Almatıda MDB Xarici İşlər Nazirləri Şurasının builki ilk iclasında iştirak edəcək:
“Xarici işlər nazirliklərinin rəhbərləri cari beynəlxalq problemlərə dair fikir mübadiləsi aparacaq, cari ildə Birlik formatında inteqrasiya əməkdaşlığının prioritetlərini və sahələrini müzakirə edəcəklər. Əsas diqqət Birliyə üzv dövlətlərdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq və digər mədəni-humanitar əməkdaşlıq məsələləri, habelə sərhəd təhlükəsizliyinin gücləndirilməsi mövzusuna yönəldiləcək”.
Zaxarova deyib ki, bundan əlavə, Lavrov Mərkəzi Asiya ölkələrinin XİN rəhbərlərinin səkkizinci görüşündə iştirak edəcək:
“Altıtərəfli formatda Rusiya və Mərkəzi Asiya ölkələri üçün siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıqda ən aktual məsələlərin geniş spektrinin müzakirəsi planlaşdırılır. Onların həlli, Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların əlaqələndirilməsi nöqteyi-nəzərindən əsas beynəlxalq problemlər üzrə fikir mübadiləsinin aparılacağı gözlənilir”.
Qeyd edək ki, aprelin 4-də Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya liderlərinin böyük sammiti keçirilib. Aİ ilə Mərkəzi Asiya ölkələri arasında mühüm razılaşma və sazişlər imzalanıb. Bu, Rusiyanı ciddi şəkildə narahat edib, 2 gün sonra Sergey Lavrov Mərkəzi Asiya dövlətlərinin Moskvadakı səfirlərini yığaraq onlarla “NATO təhdidi”nə dair müzakirələr aparıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ