Onlayn ictimai-siyasi qəzet
Son illər arıçılıq sahəsində müşahidə olunan geriləmələr narahatedici hal alıb. Müxtəlif xəstəliklərin yayılması nəticəsində arı ailələrinin sayı kəskin azalıb.
Musavat.com xəbər verir ki, arıçılıq təsərrüfatının zəifləməsinin digər əsas səbəbləri sırasında bölgələrdə təcrübəli baytar mütəxəssislərinin çatışmazlığı, keyfiyyətli dərman preparatlarının əlçatan olmaması və kənd təsərrüfatında istifadə edilən pestisidlərin arılara mənfi təsiri göstərilir.
Həmçinin arıların təbii floraya çıxış imkanlarının məhdudlaşması balın keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Ənənəvi üsullarla çalışan arıçıların çoxluğu, müasir avadanlıq və texnologiyaların bölgələrdə yayılmaması, eləcə də arıçıların peşəkar təlimlərə çıxış imkanlarının məhdudluğu bu sahədəki məhsuldarlığın və gəlirliliyin azalmasına gətirib çıxarır.
Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev bizimlə söhbətdə deyib ki, qlobal istiləşmə dünya arıçılığını sınaq qarşısında qoyub:
“Yeni yanaşmalar olmadan arıçılığı davam etdirmək mümkün deyil. Arılar mülayim qışın təsirindən bala qoymanı dayandırmır və süfrələrlə qidalanan parazitlər arı ailələrini zəiflədərək məhv edirlər. Çıxış yolunun biri kimi arı ailələrinin yüksək dağlıq ərazilərdə qışladılması məqsədəuyğundur. Ona görə arı ailələrinin Kəlbəcər və Laçında qışladılmasına icazə verilməlidir.
Kəlbəcərin bəzi ərazilərində arıxanalar çox sıx yerləşirlər və bu, xəstəliklərə yoluxmada əsas faktorlardan biridir. Çıxış yolu kimi bölgənin bal xəritəsi hazırlanmalı (bir çox ölkələrdəki kimi), bəzi ərazilərə yollar bərpa olunmalı, arıxanalar müəyyən məsafədə yerləşməli, Azərbaycan Respublikasının "Arıçılıq Haqqında" Qanununa əməl olunmalıdır”.
Sabir Mustafayev əlavə edib ki, arıçılar əsasən bal süzümlərini çadırlarda edirlər: “Bu, həm sanitar baxımdan düzgün deyil, həm də arı basqınları yaradaraq xəstəliklərin yayılmasında katalizator rolunu oynayır. Ona görə Kəlbəcərdə bal süzüm məntəqələrinin yaradılmasına ciddi ehtiyac vardır. Kəlbəcərdə bal qablaşdırma məntəqəsi yaradılmalıdır. Kəlbəcərə köç edən arıçılar arasında həvəskar, xəstəliklərlə tanış olmayan, düzgün yanaşması olmayan arıçılar çoxdur. Ona görə arıçıların təlim mərkəzinin yaradılmasına, seminarların keçirilməsinə, arıçıların maarifləndirilməsinə ehtiyac vardır. Xəstəliklərin aşkarlanması, arıçıların düşdüyü ərazini təmiz saxlaması (bu barədə ciddi narazılıqlar var) üçün mütəmadi monitorinqlər keçirilməlidir. Mənfur düşmənlər 2019-cu ildə Kəlbəcərdə "beynəlxalq" bal festivalı keçirdilər və bundan sonra Avropa bazarına çıxa bildilər. Kəlbəcərdə məhsul sonrası bal festivalı keçirilməlidir. Eyni zamanda, Kəlbəcərdə damazlıq arıxanalar üçün izolyə bölgələr yaradılmalıdır. Burada bal meşələrinin qorunması nəzarətə götürülməlidir, yenilərinin salınması həyata keçirilməlidir.
Kəlbəcərdəki bal mövsümünə qədər Ağdərə ərazisinə (xüsusilə qaratikan meşələrinə) arıçılara arıxanaları yerləşdirməyə icazə verilməlidir.
Payız vaxtı arıxanalar arana qayıdarkən pambıqçılıqda istifadə edilən pestisidlərin təsirinə məruz qalır və arıçılar xəbərdar edilmirlər. Bu yöndə müvafiq, qanuni tədbirlər həyata keçirilməlidir. Bütün bu təkliflərimi vermişəm. Aprelin 7-də Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərə səfər etmişdi, yerli fermerlərin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə Kəlbəcərdə arıçılığın inkişafı, çətinliklər və onların aradan qaldırılması yolları haqqında çıxışı mən etdim. Çıxışımda bütün bunları səsləndirdim və nazir lazımi köməklik olunacağına söz verdi”.
Afaq Mirayiq,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ