Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı imza atdığı 9 noyabr bəyanatına hörmət göstərməyə çağırmasından sonra başlayan “Zəngəzur çağırğanlığı” kampaniyasına İran Konstitusiyasının Qəyyumları Şurasının üzvü və Bütün Elmi Hövzələrinin Rəhbəri Ayətullah Əlirza Ərafi də qoşulub. O da ötən gün İran mediasına açıqlamasında Zəngəzur dəhlizinin “qırmızı xətləri” olduğunu bildirib.
"Ölkəmizin xarici siyasətinin məqsəd və niyyəti dünyada təkqütblü sistemin hökmranlığını qırmaqdır və biz bu səbəbdən ŞƏT, BRİKS və digər qurumlarda təmsil olunuruq. Çin və Rusiya kimi ölkələrlə dostluq, iqtisadi, siyasi, elmi əlaqələrimiz də bu prinsipə söykənir. Lakin biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərimizə baxmayaraq, üç ada və Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir”, - Ayətullah Əlirza Ərafi İran təbliğatçılarının çeynənmiş sözlərini dilə gətirib.
Ərafi bununla da kifayətlənməyib, başda Rusiya olmaqla digər müttəfiqlərinin xarici siyasətinə də yön verməyə çalışıb, əmiranə şəkildə öz tövsiyə və göstərişlərini verib: “Birincisi, sionist rejimin ölkənizdəki səfirliyini bağlayın, ikincisi, müqavimət oxunu dəstəkləyin!”
Sual olunur: Ərafi kimdir və hansı haqla Rusiyaya və Çinə göstəriş verməyi özünün müqəddəs borcu hesab edir?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, Ayətullah Əlirza Ərafi həqiqətən də “xırda adam” deyil:
“O, vəzifəsi və “elmi dərəcəsi” etibarilə İranın Xameneidən sonra ikinci ən nüfuzlu rəhbəri hesab olunur. Başqa təbirlə desək, İslam Respublikasının “boz kardinalı”dır. Hətta Xameneinin fiziki yoxluğundan sonra onun yerinə keçəcəyi güman olunan bu adam potensial dini liderliyə ən şanslı namizəd kimi tanınır. Görünür, özünün bu siyasi “imtiyaz”larından ilhamlanıb Putinə və Si Cinpinqə ağıl verməyə çalışır. Amma unudur ki, nə Putin, nə də Cinpinq müsəlmandır. Baxmayaraq ki, Putin yeri gələndə Quranı öpüb alnına qoyur. Fəqət Putinin bu “müsəlmanpərəstliyi”nin Əlirza həzrətlərinə rus liderinə yol göstərmək haqqı verib vermədiyini mən deyə bilmirəm. Hər halda, bu barədə söz demək hüququ Mariya Zaxarovaya aiddir və ümid edirəm ki, xanım diplomat lazım bilsə ayətullahın cavabını qaytarar”.
Heydər Oğuz xatırladıb ki, Ayətullah Əlirza Ərafi 44 günlük müharibənin sonlarına yaxın Azərbaycanın Qarabağ üzərindəki suverenlik haqqını tanıyan bəyanatı ilə bəzi sadəlövh vətəndaşlarımızın saqqızını oğurlamaq istəməsi ilə də yadda qalıb:
“Halbuki 7 noyabr 2020-ci ildə verdiyi bu bəyanat “toydan sonra nağara” təsiri bağışlayırdı. Ayətullah həmin bəyanatında “təəssüf hissilə” bildirirdi ki, “bəzi xarici qüvvələr İran ilə Azərbaycan arasındakı əlaqələri korlamaq və “bulanıq suda balıq tutmağa” cəhd edirlər. Lakin xalqların ayıq-sayıqlığı buna əsla imkan verməyəcək. Ortaq mədəniyyətə, tarixə və dini dəyərlərə malik xalqlarımız arasında nifaq salmaq mümkün olmayacaq”. İndi isə bu adamın özü su bulandırmaqla məşğuldur və bu yollla öz aləmində “Zəngəzur balığı” tutmağa səy göstərir. Amma unudur ki, bir dövlətin ərazi bütövlüyü və suverenliyi təkcə öz torpaqlarına sahib çıxması ilə məhdudlaşmır. Həm də bu əraziləri bir-birinə bağlayan kommunikasiya xətlərinə malik olması ilə ölçülür. Ayətullah və onun rəhbər şəxslərindən olduğu İran Azərbaycanın şərq hissəsi ilə Naxçıvanı birləşdirməyi hədəfləyən Zəngəzur dəhlizinə qarşı çıxmaqla əslində ölkəmizin ərazi bütövlüyü və suverenlik haqlarını şübhə altına alır. Üstəlik, bunu bir müsəlman dövlətə qarşı və xristian dövlətin nəfinə həyata keçirmək istəyir. İslam respublikası adından danışan o və onun kimi ayətullahlar ermənidən çox ermənilik edir, həmçinin, müsəlman bir dövlətin həyati önəmə malik hüququnu tanıyan xristian və buddist ölkələrə tapşırıq vermək, yaxud barmaq silkələməklə öz məqsədinə çatmağa can atır. Müsəlmanlara qarşı səlib yürüşünü andıran bir anlayışın nə qədər islami dəyər daşıdığına qərar verməyi vicdan sahiblərinin mühakiməsinə buraxıram”.
Özünü “ayətullah” adlandıran “Əlirza həzrətlərinin” Zəngəzur dəhlizini “üç ada” dediyi problemlə eyniləşdirməsi və ikisinə də eyni anda sözlü hücuma keçməsini “məntiqsizliyin və özünüinkarın son həddi” olduğuna inanan siyasi şərhçi fikrinə belə aydınlıq gətirib:
“İranın “boz kardinalı” “3 ada” deyərkən Fars körfəzində yerləşən Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarını nəzərdə tutur. Bu adalar 1903-cü ildən 1972-ci ilə qədər Böyük Britaniyanın əlində idi. İran o vaxta qədər adaların ingilis işğalında qalmasına göz yumur, cınqırını çıxara bilmirdi. Nə vaxt ki, ingilislər Bəsrə körfəzindən çəkilib keçmiş müstəmləkələrinə azadlıq verdilər, İranın təcavüzkar siyasətinin də önü açıldı. 1972-ci ildə Bəsrə körfəzində yaşanan avtoritar boşluqdan yararlanan İran sözügedən adaları ələ keçirdi. Halbuki adalar BƏƏ-yə verilmişdi. İran isə BƏƏ-nin bu üç ada üzərindəki suverenlik haqqını tanımır, həmin əraziləri özününkü sayır. Bəhanəsi isə çox bəsitdir. Həmin adalar 1903-cü ildə ingilislər tərəfindən işğal ediləndə BƏƏ adlı bir dövlət yox idi. Halbuki eyni məntiqlə, İran deyilən dövlətin özü də 1979-cu ildə, yəni BƏƏ-dən 8 il sonra qurulmuşdu. 1903-cü ildə hazırda İran adlanan məmləkətdə Qacariyyə dövləti hökm sürürdü və bunun indiki İranla sadəcə tarixi əlaqəsi vardı. Eynilə BƏƏ də yeri gələndə sonuncu Türk imperatorluğu olan Qacariyyənin ərazisinə daxil idi və bu mənada İranla eyni varislik haqqına sahibdir. Bir az da uzağa getsək, İranın özü də, BƏƏ də və Xoydan Türküstana qədər geniş coğrafiyalar tarixi, coğrafi və milli mədəni mənsubiyyət baxımından Azərbaycan türklərinə daha çox xasdır. Eyni məntiqlə rəsmi Bakı bütün bu ərazilərə haqq iddia etməlidirmi? İranın bu absurd iddiaları istər-istəməz ərəb ölkələri ilə onun arasında gərginlik yaradır, əslində İslam coğrafiyasının bir araya gəlməməsi və ziddiyyətlərə yol açması üçün ingilislər qəsdən belə bir vəziyyət yaradıb körfəzdən çəkilmişdilər. İran isə sanki ingilis barmağı kimi Yaxın Şərqdə onu-bunu sallanaraq region dövlətlərin ABŞ və Böyük Britaniyaya sığınmalarına yol açır”.
İranın haqsız şəkildə 3 ada uğrunda özünü həlak etməsini adaların strateji əhəmiyyəti ilə əlaqələndirən həmsöhbətimizin fikrincə, adaların ən mühüm dəyəri onların sahib olduğu neft və qaz potensialı ilə əlaqədardır:
“Digər mühüm özəlliklərdən biri isə adaların Hörmüz boğazının tam çıxış nötqəsində yerləşməsidir. Boğazın qərb yazasında yerləşən bu adaların ələ keçirilməsi Hörmüz boğazının və Fars körfəzinin tamamilə mənimsənilməsi anlamına gəlir”.
Zəngəzur dəhlizinin mahiyyət etibarilə 3 ada ilə fərqləndiyini bildirən Heydər Oğuz İran ayətullahının bu iki problem eyniləşdirməsinin gələcəkdə Cənubi Qafqaz üçün yeni reallıqlar yarada biləcəyini düşünür:
“Məsələ burasındadır ki, sabah eyni məntiqlə İran Zəngəzur dəhlizini də işğal edib bura mənim “tarixi ərazim olub” deyə bilər. Bu isə bizdən daha çox erməniləri narahat etməlidir. Çünki həmin ərazilər bugünkü Ermənistana məxsusdur. Baxmayaraq ki, bir zamanlar bizim əlimizdən alınıb onlara verilib. İranın məntiqilə yanaşsaq, bizim də həmin əraziləri Əbu Musa adaları kimi ilhaq etmək hüququmuz var. Biz isə bunu ağlımızdan keçirmir, sadəcə Naxçıvanla digər ərazilərimiz arasında keçid dəhlizi istəyirik”.
Heydər Oğuzun fikrincə, İranın Zəngəzur və üç adaya görə həm Rusiyaya, həm də Çinə ağıl dərsi keçməsi də təsadüfi deyil:
“Ərəb ölkələri İranın bu təcavüzkar siyasətini dayandırmaq üçün Rusiyaya və Çinə müraciət edib. ABŞ və Böyük Britaniyanın regionu əldə saxlamaq üçün İranın yaratdığı gərginliklərdən istifadə etdiyini nəzərə alan bu dövlətlər ərəbləri haqlı sayıb və “üç ada”nı BƏƏ-nin ərazisi kimi tanıyıb. 2022-ci ilin dekabr ayında Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri zamanı keçirilən Çin-Körfəz Əməkdaşlıq Şurası Zirvə görüşündən sonra dərc olunan yekun bəyannamədə üç adanın BƏƏ-yə məxsus olması açıq şəkildə vurğulanıb və İran “başqa ölkələrin daxili işlərinə qarışmamağa” çağırılıb. Bənzər bəyanat həmin ilin dekabr ayının 20-də Mərakeşdə keçirilən 6-cı Rusiya-Ərəb Forumundan sonra verilən birgə bəyanatda da öz əksini tapıb. “BƏƏ ilə İran arasında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mübahisə beynəlxalq hüquq və ikitərəfli danışıqlar çərçivəsində həll edilməlidir” – deyilən bəyanatda "bütün sülhsevər səylərə dəstək veriləcəyi” bildirilib. O vaxtdan indiyədək İran rəsmiləri qorxaq bəyanatlarla Çinə və Rusiyaya qarşı barmaq silkələyir”.
Ayətullah Əlirza Ərafinin dünənki bəyanatında Çindən çox, Rusiyanın adının çəkilməsinə aydınlıq gətirən siyasi şərhçi hesab edir ki, İran Moskvanın indiki zəif durumundan istifadə edir və onu öz proksi yerinə qoyur:
“Bilirsiniz ki, İran bu yaxınlarda Rusiyaya Ukraynanı vurmaq üçün 200 ədəd qısamənzilli raket göndərmişdi. Cənub qonşumuz adətən belə silahları öz proksilərinə göndərir və onları İsrailə atmağı tələb edir. Görünür, Rusiyanın İrandan eyni raketləri alması Əlirza cənablarında bu fikirləri formalaşdırıb ki, Rusiya da artıq onun proksi qüvvələrindən birinə çevrilib və çevrilməyə məhkumdur, odur ki, İranın “boz kardinalı” Kremlə istədiyi göstərişi verə bilər. Açığı, dogma qardaşı hesab olunan Ukraynanı atəşə tutmaq üçün İrandan raket alan Rusiya liderinin ölkəsini və özünü bu hala salmasına acımaya bilmirəm. Rusiya boyda bir dövlətin İranın proksisinə çevrilməsi və ya İranın “boz kardinalı”na bu cür düşünməsinə şərait yaradılması olduqca acınacaqlıdır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ